Modern.az

Deputat jurnalistlərə CAVAB VERDİ: “2 otaqlı mənzildə yaşayıram, liftimiz işləmir, 3 saat su verirlər”

Deputat jurnalistlərə CAVAB VERDİ: “2 otaqlı mənzildə yaşayıram, liftimiz işləmir, 3 saat su verirlər”

17 İyul 2021, 14:12

Milli Məclisin üzvü Etibar Əliyevlə jurnalistlər arasında qalmaqal düşüb.

Modern.az-ın məlumatına görə, qalmaqala səbəb deputatın jurnalistlər üçün tikilən üçüncü binanın onlara verilməməsi təşəbbüsü ilə çıxış etməsi olub:

“İndi deyirlər ki, jurnalistlərə üçüncü bina tikilir. Ay məmləkət! Ölkədə qəzet demək olar ki, yoxdur. Cəmi üzdə olan 5-6 sayt var ki, yalnız reklam və xəbərlər dərc etməklə məşğuldurlar və başqa adamlar üçün saytları əlçatmaz ediblər, cəmiyyətin imkanlı adamlarına çevriliblər. Analitik yazılar yoxa çıxmaq üzrədir. 
Müsahibə götürən jurnalisti sonradan axtarırıq ki, fikirlərimiz təhrif olunub. Əvvəlki binalardan mənzil alanların çoxusu jurnalistikanın daşını çoxdan atıb. Belə olan təqdirdə mənzil imitasiyasına son qoymaq lazımdır. Jurnalistlərin adına tikilən 3-cü bina ehtiyacı olan şəhid və qazi ailələrinə verilməlidir”.


Etibar Əliyevin bu fikirlərə jurnalistləri sərt reaksiyası ilə qarşılanıb. Deputata cavab verən bəzi jurnalistlər də təklif ediblər ki, Etibar Əliyev və digər həmkarlarına ödənilən 5190 manat məzuniyyət pulu şəhid ailələrinə verilsin”. 


“Teleraf Media Qrup”un rəhbəri Aynur Camal isə bildirib ki, 3-cü binadakı mənzillər də mütləq jurnalistlərə paylanmalıdır: 
“Və əlbəttə ki bir şərtlə: mənzillər ədalətlə, haqqı çatana, həqiqətən də ehtiyacı olana verilməlidir”.


Onun sözlərinə görə, ölkədə təxminən 13 mindən artıq şəhid və qazimiz var. Onların problemlərini isə jurnalistlərlə əlaqələndirmək doğru deyil:

“255 mənzilli bir binanı onlara bağışlamaqla məsələ çözülməz. 255 mənzili 13 min ailə arasında necə bölüşdürmək və o əziz insanları necə razı salmaq olar?! Əlbəttə, o ailələrin hər biri üçün mənzillər inşa edilir – elə ötən gün Xocasəndə qazilər və şəhid ailələri üçün yeni evləri şəxsən Prezidentimiz təqdim etdi…
...Qazilərimiz və şəhid ailələri üçün hər şey edilir və ediləcəyinə də kimsə şübhə edə bilməz. Bir ömür başımız-gözümüz üstdə yerləri var. Ancaq məgər jurnalist də bu dövlətin əsgəri deyil?! Məgər onlar da 30 ildir Qarabağ uğrunda döyüşmürlər? Ön cəbhədə döyüşmək qədər çətindir axı informasiya savaşında iştirak etmək! Hələ maarifçilik missiyası! O qəhrəman oğulların yetişməsində medianın rolunu, xidmətini kiçiltmək, görməzlikdən gəlmək insafsızlıq deyilmi? Və yaxud 3-5 üz qarası “jurnalist”ə görə bütün media cameəsini gözdən salmaq olarmı?”.
 

A.Camal jurnalistlərin də aztəminatlı təbəqəyə aid olduğunu və ölkə başçısının hər 3 binanın təməlqoyma mərasimində şəxsən iştirak etdiyi xatırladıb.
"İllərdir ki, özünə məxsus evinin, yuvasının olacağını, kirayələrdən canı qurtaracağını səbirsizliklə gözləyən jurnalistlərin sonuncu ümidini necə öldürmək olar?",- A.Camal bildirib.

Modern.az-ın məlumatına görə, deputat onu hədəfə alan jurnalistlərə cavabında özünün mənzil durumundan bəhs edib:

“Məcburiyyət qarşısında qalıb yazıram. Mənim mənzil şəraitim bugünkü media kapitanları deyilən şəxslərin mənzil şəraitindən azı 500 dəfə pisdir. Qaraçuxur qəsəbəsində 9 mərtəbəli binanın 9-cu mərtəbəsində 2 otaqlı mənzildə yaşayıram. Lift ara-sıra işləyir. Binaya cəmi 3 saat su verirlər. Halbuki, mənim Azərbaycan təhsilinin və elminin qarşısındakı xidmətlərimə görə (8 kitab müəllifiyəm) daha yaxşı mənzil şaraitinə haqqım çatır. İndi də heç bir iddiam yoxdur. Mənə cavab verəndə bu faktı nəzərə alın. 2 binanı əsasən qeyri-jurnalistərlə məskunlaşdıranda Elxan Şükürlüdən başqa heç kimin səsi çıxmadı. İndi Əli Həsənov yoxdur, dil pəhləvanlarının sayı həndəsi silsilə ilə artır. Jurnalistin kriteriyaları müəyyənləşməlidir. Birinci sırada onun bitirdiyi ali təhsilin peşəyə uyğun gəlib-gəlməməsi müəyyənləşdirilməlidir. Bu yoxdursa, heç kimə peşəkar jurnalist demək olmaz. Heç nə demirəm, məni təhqir edənlər çox yox, 3 köşə yazımı bütün yaradıcılıqları ilə müqayisə etsinlər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır