Modern.az

\"Prezidentin dünənki çıxışı narahatlığa son qoydu\" - ŞƏRH  

\

23 İyul 2021, 14:48

 

Prezident İlham Əliyev iyulun 22-də bir sıra qərb rayonlarına səfəri zamanı Azərbaycan Televiziyasına müsahibə verdi. Dövlət başçısı 1 saata yaxın davam edən müsahibə zamanı olduqca vacib məqamlara toxundu, Ermənistana və onun havadarlarına lazımı mesajlarını çatdırdı.

 

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Modern.az-a bildirib ki, Prezident İlham Əliyev dünənki çıxışında beynəlxalq hüquq normalarına uyğun olan ölkəmizin mövqeyini açıqladı.

 

"Münaqişə bitib, Azərbaycan ərazisində hansısa milli azlığa status verib, konstitusiyasını dəyişmək niyyətində deyil. Ermənistan tezliklə Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə imza atmalı və ərazi iddialarına son qoymalıdır. Azərbaycanın bu mövqeyi bütün beynəlxalq ictimaiyyət, təşkilatlar, qonşu ölkələr tərəfindən dəstəklənir. Çünki Azərbaycanın həyata keçirdiyi layihələr hamının maraqlarına uyğundur. Bu vəziyyətdə ermənilərin yenidən Azərbaycanla müharibəyə başlamaq istəyi Ermənistanın xəritədən silinməsi deməkdir", - deyə deputat vurğulayıb.

 

Politoloq İlyas Hüseynov isə bildirib ki, Prezident çıxışı ilə narahatlıq doğuran bir çox məqamlara aydınlıq gətirdi:

 

"Prezident Rusiyaya səfərindən sonra Gəncə, Daşkəsən və Goranboya səfəri çərçivəsində dövlət televiziyasına müsahibəsində önəmli mesajlar verdi.

 

Əsas regionda gedən proseslərlə bağlı bir sıra önəmli aspektlər vurğulandı. Eyni zamanda, Laçın dəhlizinə girib-çıxan maşınlarla bağlı fikirlərə toxunuldu. Məlumdur ki, bu baş verən hadisələrə münasibətdir. Bəzi hallarda xaricdən gələn maşınlara erməni nömrələrinin yapışdırılmasının şahidi oluruq.

 

Bəzi ölkələr tərəfindən status məsələsi gündəmə gətirilir. Lakin ermənilərin status əldə etməsi ağlasığmazdır. Onlar yaxşı olardı ki, digər ərazilərdə yaşayan ermənilər üçün də status məsələsini qaldırsınlar. Fransanın Marsel şəhərində 100 mindən çox ermənilər yaşayır. Status məsələsi gündəmdədirsə, Marseldə yaşayan ermənilərə verə bilərlər. Çünki onlar bizim ərazimizdə yerləşməmişdən əvvəl də həmin qeyd olunan ərazilərdə yaşayırdılar".

 

Politoloq, eyni zamanda onu da vurğulayıb ki,  Azərbaycan postmünaqişə dövründə də doğru mövqedən çıxış edir:

 

"Laçın dəhlizində baş verən hadisələrə nəzarət edilir, müxtəlif təxribatlara son qoyulmalıdır. 10 noyabr qərarlarından sonra Azərbaycan Ermənistandan haqlı olaraq təzminatlar istəyib. Prezident dünən çıxışı zamanı faydalı qazıntıları istismar edən xarici şirkətlərə qarşı da öz sərt fikirlərini bildirdi. Azərbaycan postmünaqişə dövründə bütün yataqların təhlilini aparıb. Həmçinin, Azərbaycana vurulmuş ziyanın həmin şirkətlər tərəfindən həll edilməsi ilə bağlı mesajlar verildi və dəymiş ziyanın ödənilməsi tələb edildi.

 

Prezidentin çıxışı bəzi məsələlərlə bağlı narahatlığa son qoymuş oldu. Çünki əhali narahat idi və bu narahatlıq Ermənistan tərəfindən törədilən təxribatlarla daha da güclənirdi. Lakin Azərbaycan yenidən öz gücünü, siyasi zəfərini göstərdi. Mühüm mesajlar çox qısa zamanda yerinə yetirib, hədəfinə çatacaq".

 

Aysel Məhərrəm

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...