Modern.az

 “Azərbaycanın konstitusion quruluşu möhkəmdir”  

 “Azərbaycanın konstitusion quruluşu möhkəmdir”  

2 Avqust 2021, 17:06

“Son vaxtlar bəzi mətbuat orqanları Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləcəyi, Milli Məclisin yenidən buraxılcağı ilə bağlı əsassız və qeyri-dəqiq məlumatlar yayırlar, heç bir həqiqətə uyğun olmayan mövzular ətrafında müzakirələr aparırlar. Bütün bunlar sözsüz ki, müəyyən radikal siyasi qüvvələrin maraqlarına xidmət edir və əlbəttə ki, bu fikirləri ortalığa atanlar da onlardır”.


Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı İmamverdi İsmayılov səsləndirib.


İmamverdi İsmayılov bildirib ki, ölkəmizdə qeyd olunan addımların atılması üçün hər hansı zərurət yoxdur. Azərbaycanda dövlət idarəçiliyi və Milli Məclisin fəaliyyəti yüksək səviyyədə qurulub. Azərbaycanda yüksək inkişaf etmiş və ahəngdar bir dövlət idarəçiliyi mexanizmi mövcuddur. Eləcə də müxtəlif dövlət orqanları bir-birinin fəaliyyətini tamamlayır. Hakimiyyətin bütün qoları bir-biri ilə ilə əlaqəli və faydalı şəkildə dövlətimizin inkişafı istiqamətində mühüm işlər görürlər.


Deputat vurğulayıb ki, Milli Məclisin say tərkibi, eləcə də say tərkibinin formalaşmasında tətbiq olunan seçki sistemi uzun illər sınaqdan uğurla keçib və indi günün tələblərinə tam cavab verir:

 

“Altıncı çağırış Milli Məclis, dövlət başçısının daxili və xarici siyasətinə, eləcə də tövsiyələrinə uyğun olaraq fəaliyyətinin yüksək səviyyədə qurulması üçün lazımi addımlar atıb və ötən dövr ərzində əhəmiyyətli uğurlar əldə edib. Azərbaycan Respublikası Milli Məclisinin işinin müasir standartlara uyğun yenidən qurulması, vətəndaş məmnunluğunun və iş prosesində şəffaflığın təmin olunması istiqamətində mühüm addımlar atılıb. Milli Məclisin əsas fəaliyyət istiqamətlərindən biri olan qanunvericilik fəaliyyəti daha da təkmilləşdirilib. Beynəlxalq əlaqələrin daha da genişləndirilməsi, mövcud əlaqələrin möhkəmləndirilməsi ilə bağlı genişmiqyaslı işlər görülüb. Deputat fəallığının artırılması, vətəndaşlarla işin təşkili, müvafiq icra hakimiyyəti orqanları ilə əlaqələrin düzgün təşkili sahəsində əhəmiyyətli addımlar atılıb. İstər Vətən müharibəsi zamanı, istərsə də müharibədən sonrakı dövrdə Milli Məclisin fəaliyyəti göz önündə olub və təqdir olunub. Koronavirus pandemiyası ilə mübarizə sahəsində təxirəsalınmaz tədbirlərin görülüb”.


Millət vəkili bildirib ki, ölkəmizdə bütün siyasi qüvvələrin iştirakı ilə keçirilmiş seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb. Referendumun keçirilməsi və Milli Məclisin buraxılması barədə səsələnən fikirlərin heç bir əsası yoxdur:

 

"Bu gün ölkəmizin qarşısında daha böyük hədəflər var. İşğaldan azad olunmuş ərazilərimizin bərpa olunması prosesinə şahidlik edirik. Tezliklə bu ərazilərdə abad kəndlərin, abad şəhərlərin sakinlərinə çevriləcəyik. Qarşımızdakı günlərdə, aylarda, illərdə Azərbaycan böyük quruculuq işlərinə şahidlik edəcək. Əminik ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətçiliyi daha böyük uğurlar əldə edəcək. Belə bir tarixi və məsuliyyətli günlərdə daha böyük uğurlara nail olmaq üçün hər birimiz dövlətimizin ətrafında daha sıx birləşməlidir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir