Modern.az

Gələn ilki büdcənin əsas prioritetləri - Bütün diqqətlər Qarabağa yönəlib

Gələn ilki büdcənin əsas prioritetləri - Bütün diqqətlər Qarabağa yönəlib

9 Sentyabr 2021, 14:31

2022-ci ildə dövlət büdcəsinin gəlirləri 26 407 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da ÜDM-in 32,5%-ini təşkil edəcək.

 

Ötən gün açıqlanan rəsmi məlumata görə, 2022-ci ildə dövlət büdcəsinin kəsirinin 2021-ci ilin təsdiq edilmiş göstəricisindən17,6% az olmaqla 2 567 milyon manat olacağı proqnozlaşdırılır. Bu da ÜDM-in 3,2%-ni təşkil edəcək.

 

Kəsir vahid xəzinə hesabının qalığı (45,2%), daxili və xarici borclanma (27,3%), layihə maliyyələşdirilməsi əsasında cəlb edilən kreditlər (23,1%) və özəlləşmədən daxilolmalar (4,4%) hesabına maliyyələşdiriləcək.

 

Proqnozlaşdırılan dövlət büdcəsi Azərbaycana nə vəd edir?

 

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, gələn il üçün nəzərdə tutulan vəsaitin əsas hissəsi Qarabağın yenidən dirçəldilməsi ilə bağlıdır:

 

“Elan olunan büdcə hələ ki təsdiq olunmayıb. Rəqəmlər öncədən hazırlanan proqnozdur. Elan olunan proqnozlara baxdıqda düşünürəm ki, hər şey normaldır. İnflyasiya 4% göstərilir. Əsas vəsaitin xərclənməsi Qarabağ və müdafiə ilə bağlıdır. Hətta xərclər daha da atacaq. Çünki Qarabağda çox ciddi yenidənqurma işləri aparılır”.

 

Deputat qeyd edib ki, 2022-ci il dövlət büdcəsi üçün əsas prioritet təhlükəsizlik və müdafiə məsələsidir:

 

“Dövlət başçısının rəhbərliyi altında gedən sürətli işlər nəticəsində Füzuli aeroportu vaxtından əvvəl istifadəyə hazırlandı. Əsas nəzərədə tutulan Qarabağa xərclənən vəsaitdir. Bu da kifayət qədər vəsait deməkdir. Azərbaycanın indi əsas məsələsi təhlükəsizlik və müdafiə məsələsidir. Bu iki məsələ düşünürəm ki, 2022-ci il dövlət büdcəsi üçün əsas prioritetlərdən olacaq”.

 

Qeyd edək ki, cari ilin ilk altı ayında ərzində dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə 372,1 milyon manatının maliyyələşdirilməsi təmin edilib. Bu vəsaitdən avtomobil yollarının layihələndirilməsinə, tikintisinə, yenidən qurulmasına, həmçinin dəmir yolu xəttinin layihələndirilməsi və tikintisinə, digər kommunikasiya xətlərinin yenidən qurulması və layihələndirilməsinə yönəldilib.

 

Eyni zamanda, Zəngilan rayonunun İkinci Ağalı kənd ərazisində “Ağıllı Kənd”in layihələndirilməsi və tikintisi üçün Kənd Təsərrüfatı Nazirliyinə 10,8 milyon manat vəsait ayrılıb. 

 

Bundan əlavə, bildirək ki, gələn il dövlət büdcəsinin xərclərinin 15,5 faizi müdafiə və milli təhlükəsizlik xərclərinə ayrılacaq. Belə ki, 2022-ci il üçün icmal büdcə proqnozuna əsasən, gələn il müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 499 milyon 238,9 min manat olacaq.

 

Ümumilikdə isə gələn il dövlət büdcəsinin xərcləri 28 milyard 974 milyon manat proqnozlaşdırılır.

 

Fidan İlqar

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir