Modern.az

Dördəmlərin anası: “Elə bilirdim əkiz olacaq, sürprizlə üzləşdim”

Dördəmlərin anası: “Elə bilirdim əkiz olacaq, sürprizlə üzləşdim”

Aktual

15 Sentyabr 2021, 15:43

“Rayonda həkim əkiz övladımın olacağını demişdi, Bakıya gələndə isə dördəm olduğunu öyrəndik”

 

Bu sözləri Modern.az saytına dünən Bakıda dünyaya göz açan dördəmlərin anası Ülviyyə Sofiyeva deyib.

 

Körpələrdən birinin qız, üçünün oğlan olduğunu xatırladan 30 yaşlı ana artıq uşaqlara adlar qoyduqlarını söyləyib. Belə ki, onların adları Fatimə, Yusif, Məhəmməd və Ümiddir:

 

“İllər sonra uşaq sahibi olmaq çox gözəl hissdir. Hər bir ailəyə belə gözəl hisslər keçirməyi arzulayıram. Zaqatalada bizə əkiz uşağımızın olacağını demişdilər. Bakıya gəldikdə dörd uşaq olacağını öyrəndik, bu bizə böyük sürpriz oldu. Düzdür, dörd uşağa eyni anda baxmaq çox çətindir, amma qayınanam mənə kömək edəcək.

 

Övladlarımı hələ görməmişəm. Deyirlər ki, birinin vəziyyəti yaxşı deyil. İnşallah, sağ-salamat xəstəxanadan hamımız birgə çıxarıq.

 

Övladlarımızın adlarını seçmişik. Onlara Fatimə, Yusif, Məhəmməd və Ümid adını qoyduq.

 

Xəstəxanada olduğumuz müddətdə həm mənə, həm də uşaqlarıma çox böyük qayğı və diqqət göstərirlər. Bizə qayğı göstərən hər kəsə təşəkkür edirəm”.

 

Xatırladaq ki, dünən Bakıda dördəmlər dünyaya gəlib. Uşaqlardan 3-ü oğlan, 1-i qızdır. Onların çəkiləri 1140 qram (oğlan) , 1350 qram (oğlan), 1230 qram (oğlan), 1120 qramdır (qız).

 

Ananın 30, atanın isə 31 yaşı var. Onlar 4 ildir uşaq həsrəti ilə yaşayırdılar. Uşaqlar süni mayalanma nəticəsində dünyaya gəlib.

 

Fidan İlqar

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi