Modern.az

“Milli Qəhrəman Polad Həşimov” kitabı İstanbuldakı kitabxanaya təqdim edilib

“Milli Qəhrəman Polad Həşimov” kitabı İstanbuldakı kitabxanaya təqdim edilib

Aktual

18 Sentyabr 2021, 16:01

Qədim tarixə malik olan Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələri bu gün də sürətli templə inkişaf etməkdədir. Ayrı-ayrı sahələrdə qarşılıqlı əlaqələrlə yanaşı, ölkələrimiz ən çətin və ən əlamətdar günlərdə bir arada olaraq dünyaya dostluq nümunəsi nümayiş etdirirlər.


Modern.az
-ın məlumatına görə, bir neçə ay öncə İstanbulda təhsil alan tələbələr Şəhid Adil Doğan İlkokulunun kitabxanasına Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adının verilməsi təşəbbüsünü irəli sürüblər. Təhsil müssisəsi bu təşəbbüsə böyük həssalıqla yanaşaraq müvafiq qərar qəbul edib və kitabxanaya şəhid generalımızın adının verilməsi ilə bağlı hazırlıq işləri gedir.


Tələbələrin təşəbbüsünə dəstək olaraq Azərbaycanın əməkdar həkimi Bəhruz Səfərəliyev və əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru Hikmət Xudiyev Şəhid Adil Doğan İlkokulunda olublar. Görüşdə Polad Həşimovun adını daşıyacaq kitabxanaya Hikmət Xudiyevin müəllifi olduğu “Milli Qəhrəman Polad Həşimov” kitabının nüsxələri hədiyyə edilib.


Görüş zamanı doktor Bəhruz Səfərəliyev ölkələrimiz arasındakı dostluq əlaqələrindən, 44 günlük Qarabağ müharibəsi zamanı qardaş Türkiyənin siyasi və mənəvi dəstəyindən geniş söhbət açıb. Daha sonra o, Azərbaycanda şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən dövlət qayğısından danışıb, bu məsələnin hər an prezident İlham Əliyevin diqqət mərkəzində olduğini bildirib.


Görüş iştirakçılarına Polad Həşimovun həyat və döyüş yolları haqqında ətraflı məlumat verən jurnalist  Hikmət Xudiyev məktəb rəhbərliyinə azərbaycanlı tələbələrin təşəbbüsünə qoşulduqlarına görə minnətdarlığını bildirib, bu hadisəni Azərbaycan Türkiyə qardaşlığına böyük töhfə kimi dəyərləndirib.


Məktəbin direktoru Mehmet Özel Azərbaycandan gələn qonaqların rəhbərlik etdiyi təhsil ocağına təşrif buyurmalarından məmnun olduğunu bildirib, qeyd edib ki, türk şəhidnin adını daşıyan bir məktəbin kitabxanasına azərbaycanlı şəhidin adının verilməsi heç də təsadüfi deyil, biz bir millətik, qardaşlaşan dövlətimiz, millətimiz kimi, şəhidlərimiz də belə məkanlarda qardaşlaşırlar. Məktəbin direktoru “Milli Qəhrəman Polad Həşimov” kitabının gənclərin vətənpərvərlik tərbiyəsində böyük rol oynayacağını vurğulayıb, müəllifə kollektiv adından təşəkkürünü çatdırıb.


Hikmət Xudiyev görüş haqqında təəssüratlarını belə bölüşüb:


“Türk qardaşlarımızın Polad Həşimova olan ehtiramı, sevgisi qürurvericidir. Biz Şəhid Adil Doğan İlkokulunda olanda bir daha bunun şahidi olduq. Müəllifi olduğum “Milli Qəhrəman Polad Həşimov” kitabı kollektiv tərəfindən maraqla qarşılandı, yüksək dəyərləndirildi. Məhz bu kitab vasitəsilə minlərlə türk övladı şəhid generalımızı daha yaxından tanıyacaqlar. Görüşün baş tutmasında Azərbaycanın dəyərli ziyalısı doktor Bəhruz Səfərəliyevə minnətdarlığımı bildirirəm. Həmçinin təhsil ocağında doqma və mehriban münasibətə görə şəxsən Mehmet Özelə və məktəbin kollektivə təşəkkür edirəm...”.


İlham Cəmiloğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir