Modern.az

Qələbə tariximizin şəhidləri və şahidləri

Qələbə tariximizin şəhidləri və şahidləri

Aktual

24 Sentyabr 2021, 09:49

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev deyirdi ki, hər bir vətəndaş gərək ölkəsinin böyük siyasəti haqqında düşünsün, kiçik mənfəətləri, maraqları haqqında düşünməsin.

 

27 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin 30 il davam edən erməni işğalına qarşı başlatdığı, 44 gündən sonra, noyabr ayının 10-da zəfərlə başa çatan Vətən müharibəsi nəinki vətəndaşlarımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ölkəmizin böyük siyasətinin ümdə tərkib hissəsi olan dövlətçiliyi qorumaq, ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu. Ölkədəki və onun hüdudlarından uzaqlardakı böyük və sarsılmaz gücümüzü real təcrübədə gördük. Yaddaşımızda babalarımızın "El gücü, sel gücü", "El bir olsa, dağ oynadar yerindən" deyimləri yeni - əməli fəaliyyət müstəvisində təzələndi, azadlıq müharibəmiz xalqımızın min illərdən süzülüb gələn təmiz milli-mənəvi dəyərlərinin, azadlıq uğrunda mübarizə ruhunun imtahanı, onun dəyanətliliyinin və mətinliyinin ayarı sayıla bilən məhək daşı oldu.

 

Dövlətin başçısı milli ruhun daşıyıcısı və ilhamverici qüvvəsi olaraq da bütün vətəndaşların güc və enerjisini Qələbəyə yönəltdi. Qələbə də, milli varlığımızı, milli kimlik və mənsubiyyət fəlsəfəmizi, bütövlükdə milli ruhumuzu yeni-yeni keyfiyyətlərlə doldurur, onu yaşadır, əbədi edir. Aydın dərk edilmiş və mübarizədə bərkimiş vətənpərvərlik isə insanı hər zaman qəhrəmanlığa, şərəfli ömür sürməyə və əməli ilə Vətəni, Dövləti şərəfləndirməyə sövq edir.

 

Bir sözlə, Vətən müharibəsi insanların illər boyu vərdiş etdikləri həyat fəlsəfəsini dəyişdi, yeni bir təfəkkür hadisəsini - qalibiyyət fəlsəfəsini doğurdu, ordu və bayraq sevgisini həmişəlik könüllərə və zehinlərə yerləşdirdi, hər kəsə yeni həyat gücü və enerjisi bəxş etdi. İndi elə bir vətəndaşımız tapılmaz ki, ən qısa zamanda mənfur düşməndən azad edilmiş müqəddəs torpaqlarımızı ziyarət etmək arzusunda olmasın. Təəsüflər olsun ki, müharibə itkisiz olmur və azadlıq qurbanlar tələb edir. Elə buna görə də Azərbaycanın mərd oğulları torpaqlarımızın azadlığı üçün, Vətənimizin illərdir düşmən tapdağından xilas olması üçün canından keçdilər. Məhz onların canları, qanları hesabına Azərbaycanın əzəli torpaqları bərpa edildi.

 

Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatları zamanı doğma torpaq, Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələnlər həm də öz adını xalqın tarixi yaddaşına həkk etdilər. Onlar Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyib qəhrəmanlıq nümunəsi yaratdılar, milyonlarla insanın sevgisini, rəğbətini qazandılar.

 

Vətən müharibəmizdə fərdi qəhrəmanlıq qrup və kollektiv qəhrəmanlığı doğurdu, qısa zamanda bu bütün xalqın qəhrəmanlığına yol açdı. Müharibənin ilk günündən Ali Baş Komandanın tam qələbəyə inamlı çağırışı, zəfər ümidli müraciətləri bütün xalqımızı qəhrəmana çevirdi. Genetik kodlarımızda oturduğuna görə bu çağırışlar babalarımızın döyüş ruhunu və vərdişlərini dirçəltməyimizə və döyüş meydanında təsdiq etməyimizə gətirib çıxardı. İndi biz də alnıaçıq surətdə qəhrəman xalqların sırasındayıq. Ulu öndər Heydər Əliyev deyirdi: "Milli azadlığa nail olmaq üçün Milli oyanış, Milli dirçəliş, Milli ruhun canlanması lazımdır". Heç şübhəsiz, bu, öz-özünə baş verən proses deyildi, yalnız ardıcıl milli siyasət yürüdülməsi, məqsədyönlü dövlət strategiyasının həyata keçirilməsi sayəsində tədricən formalaşan, zamanın tələb etdiyi həyati dönüş anında isə oyanmış vulkan kimi püskürən bir prosesdir. Bu milli ruhun və dirənişin üsyan anıdır, özünütəsdiq nöqtəsidir.

 

Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu. 44 günün hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik.Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın. Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı Azərbaycanın tarixi torpaqlarıdır.

 

Əfqan Nəbiyev

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının komandirinin tərbiyə işləri üzrə müavini, ədliyyə polkovnik-leytenantı 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi