Modern.az

Şanlı Qələbəmiz qürur mənbəyimizdir

Şanlı Qələbəmiz qürur mənbəyimizdir

Aktual

28 Sentyabr 2021, 15:40

 

Bu möhtəşəm qələbə tariximizin şanlı zəfəri kimi əbədi yaşayacaq. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yenilməz iradəsi, xalqımızın birliyi və ordumuzun gücü tarixi qələbəyə zəmin yaratdı. Tam əminliklə deyə bilərik ki, cəbhədəki uğurlarımızın ən başlıca səbəbi Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Belə ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. 

 

Ordumuzun NATO ilə uğurlu əməkdaşlığı da Silahlı Qüvvələrimizin modernləşməsinə və NATO standartlarına uyğunlaşdırılmasına mühüm təsir göstərib. Müzəffər Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahlarla, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları ilə ordumuzun tamamilə modernləşdirilməsi Azərbaycanda ordu quruculuğu istiqamətində görülən ciddi tədbirlərin kiçik bir hissəsidir. Məhz elə buna görə də Azərbaycan Silahlı Qüvvələrinin hazırda dünyanın ən güclü 50 ordusundan biri olması da bunun bariz ifadəsidir.

 

Ali Baş Komandan İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərləri ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən amillər sırasındadır. Ön xətdə xidmət edən şəxsi heyətə mübarizə əzmi aşılamaqla Ali Baş Komandan bir daha orduya diqqət və qayğısını əsirgəmədiyini nümayiş etdirir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alaraq bizim qarşımızda duran əsas vəzifə hərbi kadrların peşəkarlıq səviyyəsini artırmaq, müdafiə potensialını möhkəmləndirmək, ordumuzun gücünü və hərbi qüdrətini daima yüksəltməkdir. Bu isə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi üçün başlıca şərti idi.
Onu da qeyd etmək istəyirəm ki, “bir millət, iki dövlət” düşüncəsindən güc alan Azərbaycan-Türkiyə həmrəyliyi hər birimizdə böyük qələbəyə əminlik hissi yaratdı. Bütün bunlar, Azərbaycan bayrağının tezliklə Füzulidə, Cəbrayılda, Şuşada və işğalda olan digər tarixi torpaqlarımızda dalğalanacağına zəmin oldu.

 

Təcavüzkar Ermənistanın Azərbaycanın əzəli bölgəsi olan cənnət Qarabağı işğal etmək avantürası da bu ölkəyə çox ağır başa gəldi. Dəfələrlə deyilmişdi ki, bu müharibə həm də Ermənistan baş nazirinin siyasi karyerasının sonu olacaq və düşmən ölkədə baş verən proseslər artıq bunu deməyə əsas verir. Ermənistanın baş naziri Şuşada yallı oynamaqla, qondarma rejimə inaqurasiya mərasimi keçirməklə Azərbaycan xalqının və onun liderinin səbrini sınağa çəkdi.

 

Azərbaycan müharibəni hərbi-siyasi yollarla həll etdi, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Ancaq Azərbaycanda yox! Bu məsələ artıq öz həllini tapdı.

 

Şəhidlərin qanı yerdə qalmadı. Azərbaycan Ordusu şəhidlərin qanını aldı, qısasını aldı. Biz onların qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik.

 

27 sentyabr tarixində Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev və hörmətli Mehriban xanım Əliyevanın iştirakı ilə Anım Gününə həsr olunmuş yürüş təşkil edilmişdir. 

 

Müzəffər Ordumuzun bu qiymətli hərbi-siyasi qələbəsinin əhəmiyyəti heç bir şeylə müqayisə edilə bilməz. Şuşanın düşməndən təmizlənməsi olduqca tez bir zamanda Laçının, Kəlbəcərin, Ağdamın, və işğalda qalan digər ərazilərimizin azad edilməsini də tezləşdirdi. Bir daha tarixi Zəfərimiz və şanlı Qələbəmiz mübarək olsun! Yaşasın qalib Azərbaycan Prezidenti və müzəffər Azərbaycan Ordusu! Allah şəhidlərimizə rəhmət etsin, yaralı əsgər və zabitlərimizə tezliklə şəfa versin.

 

Qarabağ Azərbaycandır!

 

Ülfət Əliyev

Naftalan şəhər sakini

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü