Modern.az

İrakli Qaribaşvilinin Bakı səfərindən gözləntilər... - Deputat ŞƏRH ETDİ

İrakli Qaribaşvilinin Bakı səfərindən gözləntilər... - Deputat ŞƏRH ETDİ

28 Sentyabr 2021, 17:36

Sentyabrın 29-da Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycana səfər edəcək. İ. Qaribaşvilinin birgünlük səfər çərçivəsində Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında iştirakı, o cümlədən Azərbaycan baş naziri, parlamentin spikeri və digər rəsmi şəxslərlə görüşləri gözlənilir.

Gürcüstan rəhbərliyinin Azərbaycan və Ermənistan arasında sülh prosesində vasitəçilik niyyətini bəyan etməsi baş nazirin ölkə rəsmiləri ilə görüşü zamanı bu məsələnin də gündəmə gətirəcəyi barədə iddiaları aktuallaşdırıb. Analitiklər hər iki dövlətə qonşu olan Gürcüstanın regionda sülhün və əməkdaşlığın bərpasında maraqlı olduğunu, bu istiqamətdə səylərini genişləndirəcəyini deyirlər.


Bununla bağlı Modern.az-a danışan Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev vurğulayıb ki, Gürcüstanla Azərbaycan arasında strateji əməkdaşlıq daim var və olacaq:

“İqtisadi planda Gürcüstan bizim tərəfdaşımızdır. Çünki qonşumuz meqalayihələrin həyata keçirilməsində birmənalı şəkildə iştirak edir. Siyasi məsələlərdə də Gürcüstan daim Azərbaycanın yanında olduğunu təsdiq edir. 44 günlük müharibə zamanı bir daha gördük ki, qonşu ölkə ərazisindən qaçaq yolla silah daşınmasına, işğalçıya dəstək göstərilməsinə imkan vermədi. Bundan başqa,  Gürcüstanla bizim əlaqələrimizdə əsas məqamlardan biri də bu ölkədə soydaşlarımızın məskunlaşması, Azərbaycanda gürcülərin yaşamasıdır.

Prezident Rəcəb Tayyib Ərdoğanın və prezident İlham Əliyevin irəli sürdüyü “6-lıq platforma”da ən mühüm dövlətlərdən biri məhz Gürcüstandır. Burada bütün layihələrin həyata keçirilməsində Gürcüstanın rolu vacibdir və gələcəkdə də bu istiqamətdə addımlar atılacaq.

Hərbi məsələyə gəldikdə isə qonşu ölkə ilə həm NATO standartlarına uyğun, həm də ikitərəfli fəaliyyət çərçivəsində hərbi təlimlər keçirilir, əməkdaşlığımız davam edir”.  


Arzu Nağıyev siyasi sahədə əlaqələrin gücləndirilməsi istiqamətində parlamentlərarası işçi qruplarının daim müzakirələr apardığını, Gürcüstan dostluq qrupu səviyyəsində parlamentarilərin görüşlərinin təşkil edildiyini də diqqətə çatdırıb. Deputat qeyd edib ki, Azərbaycanın Gürcüstandakı və Gürcüstanın Azərbaycandakı səfirlikləri ilə sıx əlaqələr, qarşılıqlı əməkdaşlıq həyata keçirilir:


“Pandemiya dövründə də bizim onlara çox ciddi köməyimiz dəydi. İstər burada yaşayan gürcülərin peyvəndlənməsi məsələsində, istərsə də miqrasiya ilə bağlı yaranmış sualların cavablandırılmasında aktivlik nümayiş edildi. Bizim gələcəkdə də inkişafı nəzərdə tutulan planlarımız mövcuddur.

Gürcüstan və Azərbaycan parlamentlərinin spikerləri Avropadakı görüşlərdə müzakirələr apardılar. Gürcü baş nazirin bura gəlişi isə görüşlərin davamı olaraq çox mühüm məsələdir. Bundan öncə isə bilirsiniz ki, Gürcüstan blogerləri və tarixçiləri Ağdama, Şuşaya səfər edərək, erməni vandalizminin dünyaya çatdırılması məsələsində bizə dəstəklərini bildirdilər”.


Deputat Gürcüstanın Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasında vasitəçilik missiyasını həyata keçirmək təklifini təqdirəlayiq hesab edib:


“Bununla bağlı təkliflərin səsləndirilməsi təqdirəlayiqdir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyanın görüşünün təşkili də Gürcüstan rəhbərliyi vasitəsilə həyata keçiriləcək.

İrakli Qaribaşvilinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan baş naziri Əli Əsədov və spiker Sahibə Qafarova ilə görüşləri planlaşdırılır. Ümumilikdə, Gürcüstan və Azərbaycan rəsmiləri arasında görüşlərdə qanunvericilikdən tutmuş, bütün vacib məqamlara qədər hər bir mövzu üzrə müzakirə həyata keçirilir. Bundan öncəki görüşlərdə də birmənalı şəkildə bu kimi vacib məqamlara toxunulub. Sabahkı səfərin iki ölkənin əməkdaşlığı baxımından əhəmiyyətli rol oynayacağına inanırıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü