Modern.az

Unudulan deputatlar: Elçibəyə rəqib olan, kabinetini AXC-yə verən, Heydər Əliyevin təriflədiyi Xalq YAZIÇISI

Unudulan deputatlar: Elçibəyə rəqib olan, kabinetini AXC-yə verən, Heydər Əliyevin təriflədiyi Xalq YAZIÇISI

5 Oktyabr 2021, 13:05

Modern.az saytı Milli Məclisdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.

Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə parlamentin üzvü olmuş şəxslərdən bəhs edirik.

Rubrikamızda bəhs edəcəyimiz növbəti sabiq deputat Yusif Səmədoğludur.

Yusif Səmədoğlu I çağırış Milli Məclisin (1995-2000) üzvü olub.

O, parlamentə bitərəf namizəd olaraq Bakıdakı 26 saylı Nəsimi birinci seçki dairəsindən deputat seçilmişdi.

Yusif Vəkilov 1935-ci il dekabrın 25-də Bakı şəhərində görkəmli şair Səməd Vurğunun ailəsində dünyaya gəlib. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.

1943-cü ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki onillik musiqi məktəbinin skripka sinfinə gedən Yusif, 8-ci sinfə kimi orada oxuduqdan sonra təhsilini 44 saylı məktəbdə davam etdirib və oranı qızıl medalla bitirib.


Kiçik yaşlarından mütaliəyə böyük həvəs göstərib. Artıq məktəbdə oxuduğu illərdə hekayələr yazmağa başlayan Yusifin hansı ixtisası seçəcəyi heç kəsdə şübhə oyatmamışdı. O, 1953-cü ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna daxil olaraq, görkəmli rus nasiri Konstantin Paustovskinin sinfində təhsil alıb. Yevqeni Yevtuşenko, Bela Axmadulina, Robert Rojdestvenski,Vasili Aksyonov, Nikolay Kuznetsov kimi Rusiyanın tanınmış şair və yazıçıları Yusif Vəkilovun qrup yoldaşları olub. "Altmışıncılar nəslinin" parlaq nümayəndələri olacaq bu simalarla yoldaşlıq və Moskva təəssüratları Yusif Vəkilovun dünyagörüşunə öz təsirini göstərib.


Atası Səməd Vurğunun ölümündən sonra ailə vəziyyətiylə əlaqədar Yusif Vəkilov Moskva Ədəbiyyat İnstitutunun IV kursundan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin V kursuna köçürülüb.


Yusif Səmədoğlu əmək fəaliyyətinə “Kommunist” qəzeti redaksiyasında tərcüməçi-redaktor kimi başlayıb, 1960-1965-ci illərdə “Azərbaycan” jurnalının redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri, 1965-1969-cu illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaksiya heyətinin üzvü, baş redaktoru, 1969-1976-cı illərdə kinostudiyanın direktor müavini olub. 1976-1987-ci illərdə “Ulduz” və “Azərbaycan” jurnallarının baş redaktoru vəzifəsində çalışıb, 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyində nəsr üzrə katib seçilib.


Yusif Səmədoğlu 23 yaşında Nəmidə xanımla evlənib. Bu evlilikdən onların iki qızı dünyaya gəlib.

1988-ci ildə xalq hərəkatına qoşulan Yusif Səmədoğlu onun liderlərdən birinə çevirilmişdi.

Bu baxımdan Yusif Səmədoğlunun Azərbaycan Xalq Cəbhəsini (AXC) yaradanlardan biri olması təsadüf deyildi.

AXC 1989-cu il iyulun 16-da Bakıda keçirilən konfransda təsis edilib. Təsis konfransında 15 nəfərdən ibarət ilk İdarə Heyəti formalaşıb: İsa Qəmbər, Etibar Məmmədov, Hikmət Hacızadə, Leyla Yunus, Pənah Hüseyn, Nəcəf Nəcəfov, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə, Sabit Bağırov, Sülhəddin Əkbər, Canbaxış Umudov, Nemət Pənahlı, Rəhim Qazıyev, Ələkrəm Hümmətov.

Qeyd edək ki, həmin toplantıda AXC-yə sədr seçkisi keçirilərkən iki namizəd olub: Əbülfəz Elçibəy və Yusif Səmədoğlu. Konfransda AXC sədrliyinə Əbülfəz Əliyevin namizədliyi Rəhim Qazıyev tərəfindən irəli sürülüb, Yusif Səmədoğlunun namizədliyini isə Pənah Hüseyn təklif edib.
Səsvermə başlayanda AXC-də parçalanma olmasın deyə Yusif Səmədoğlu namizədliyini geri götürüb. Nəticədə 80 nəfər lehinə, 11 nəfər əleyhinə və 20 nəfər də səsvermədə iştirak etməməklə Əbülfəz Əliyev AXC sədri seçilib.

AXC hakimiyyəti dövründə baş nazir işləmiş Pənah Hüseyn o günləri belə xatırlayır:

“Yusif Səmədoğlu 20-ci əsrdə Azərbaycan xalqının yetişdirdiyi ən böyük ziyalılardan biri idi. Yusif Səmədoğlunu  mən şəxsən AXC-nin formalaşdırılması dövründə tanımışam. Məndə onun haqqında elitar ziyalı, yüksək mədəniyyət sahibi, fitri və irsi istedada malik yüksək səviyyəli intellektual, savadlı, məlumatlı bir alim və çağdaş dünya mədəniyyətləri səviyyəsində olan insan təəssüratı qalıb.
Yusif Səmədoğlu erməni təcavüzü başlayanda Bəxtiyar Vahabzadənin və Süleyman Əliyarlının Qarabağ məsələsi haqqında böyük rezonans doğuran və milli hərəkata ən güclü təkanlardan biri olan məqaləsini baş redaktoru olduğu “Azərbaycan” jurnalında yuxarılardan icazəsiz çap etdi. Onun 1988-ci ilin aprelində “Molodyoj Azerbaydjana”da çap etdirdiyi müsahibə demokratik hərəkatın inkişafına ən böyük töhfələrdən biri oldu. Yusif bəy xalqına  müraciət imzalayan üç ziyalıdan biridir. Bu, həmin Yusif Səmədoğludur ki, ilk andan AXC-yə qoşuldu və “Azərbaycan” qəzetinin baş redaktorunun kabinetini AXC-nin Təşəbbüs Mərkəzinin qərargahına çevirdi”

P.Hüseyn deyir ki, o vaxtlar Y.Səmədoğluya yuxarılardan təzyiqlər vardı və bu, onun ictimai - siyasi fəaliyyəti, AXC-yə qoşulması ilə bağlı idi:

“AXC rəsmən qeydə alınıb hüquqi şəxs olana qədər onun maliyyə hesabı Yusif Səmədoğlunun adına açılmışdı. Yəni ona böyük bir etimad göstərilmişdi”. 

Y.Səmədoğlu 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən Bakıda törədilən qırğınlar barədə məlumatı canlı yayımda “Azadlıq” radiosu vasitəsilə dünya ictimaiyyətinə çatdırmışdı.

Qeyd edək ki, Yusif Səmədoğlu deputat kimi 8 il (1990-1998) fəaliyyət göstərib. Belə ki, o, ilk dəfə 1990-cı ildə Azərbaycan SSR-in XII çağırış Ali Sovetinin deputatı seçilmişdi.

Qeyd edək ki, Azərbaycan SSR-in XII çağırış Ali Sovetinə seçkilər keçmiş SSRİ-nin süquta uğradığı ərəfədə, 1990-cı il sentyabrın 30-da keçirilmişdi. Ali Sovetə 340 deputat seçilmişdi.

XII çağırış Ali Sovetin ilk iclası 5 fevral 1991-ci il tarixində keçirildi.
Bu iclasda parlament ölkə üçün çox vacib bir məsələni müzakirə etdi. Və bu müzakirənin sonunda  Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul edildi.
Ardınca Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Azərbaycanın Dövlət bayrağı kimi təsdiq edildi.
1990-ci ildə formalaşdırılan həmin Ali Sovet Azərbaycanın keçmiş SSRİ tərkibindəki son, müstəqil Azərbaycanın isə ilk qanunverici orqanı oldu. Belə ki, Ali Sovetin 1991-ci ilin fevral ayında fəaliyyətə başlamasından bir müddət sonra - 1991-ci ilin avqustunda Sovetlər Birliyi birdəfəlik çökdü. Həmin il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası reallaşdı.
1991-ci il noyabrın 26-da isə müxalifət və müstəqil deputatların təkidi ilə Ali Sovetin 340 deputatı arasından 50 nəfər seçilməklə Milli Şura yaradıldı. Həmin 50 deputatdan 25-i parlamentdəki kommunistlərin ("komblok"), 25-i isə demokratların ("demblok") nümayəndəsi idi.

Milli Şuranın 50 üzvündən biri də Yusif Səmədoğlu idi.

Milli Şura 1992-ci ilin may ayının 18-də Azərbaycan Respublikasının Milli Məclisi adlandırıldı.

Yeri gəlmişkən, Yusif Səmədoğlu 43 nəfər “İstiqlalçı deputat”dan biri kimi də tarixə düşüb. 7 mart 1991-ci ildə Ali Sovetdə SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilərkən Y.Səmədoğlu da buna qarşı çıxan deputatlar sırasında idi.
Yəni o, SSRİ-nin dağılması və Azərbaycanın müstəqil olmasına səs verənlərdən biriydi. Həmin səsvermədə deputatların 254 nəfəri SSRİ-nin saxlanmasının lehinə, 43 deputat isə əleyhinə səs vermişdi. 6 nəfər bitərəf qalmış, 47 deputat isə iclasda iştirak etməmişdi.

Y.Səmədoğlu 1995-ci ilin noyabr ayında Azərbaycanın Milli Məclisinə ilk seçkilər keçirilərkən bitərəf namizəd olaraq Bakıdakı 26 saylı Nəsimi birinci seçki dairəsindən deputat seçildi.


O, parlamentin Xarici Əlaqələr Komissiyasının rəhbəri kimi Azərbaycanın  haqq sözünün dünya ictimaiyyətinə çatdırılmasında böyük işlər gördü.

Yusif Səmədoğlu ictimai-siyasi xadim olmaqla yanaşı, həm də tanınmış yazıçı idi.

Onun ilk hekayələr toplusu 1960-cı ildə “Yusif Vəkilov” imzasıyla çapdan çıxmışdı.

Qeyd edək ki, böyük türk şairi Nazim Hikmətin tövsiyəsilə Yusif Vəkilov atasının adını özünə təxəllüs götürmüş və “Yusif Vəkilov” imzasını “Yusif Səmədoğlu” ilə əvəz etmişdi.

1959-cu ildə qələmə aldığı “Yaddan çıxmış sözlər” novellası, “Xəzri” hekayəsində yazıçı “Türkmənçay – 1828-ci il” müqaviləsini yada salmış, oxucunu bu hadisəni unutmamağa, bu barədə düşünməyə çağırmış, torpaqlarının  iki yerə parçalanmasının dərdi-acısı ilə Təbriz harayı qaldırmışdı.

Yusif Səmədoğlu sovet ideologiyasının prinsiplərinə zidd olan əsərləri ilə seçilmiş, bu quruluşun formalaşdırdığı insanların faciəsini əks etdirmişdi

“Soyuq daş”, “Foto-fantaziya”, “Bayatı-Şiraz”, “ İncə dərəsində”,“Astana” kimi hekayələr yazıçının keyfiyyətcə yeni, daha kamil üslub, daha maraqlı forma axtarışlarının göstəricisi olub.

Keçən əsrin 80-cı illərinin ortalarında Yusif Səmədoğlu o dövr Azərbaycan ədəbiyyatının ən uğurlu ədəbi hadisəsinə çevrilən “Qətl günü” romanını yazıb. Bir çox xalqların dillərinə tərcümə edilən roman yüksək bədii dəyərinə, tarixi tutumuna görə tez bir vaxtda məşhurlaşdı və Yusif  Səmədoğluya hətta Azərbaycandan çox uzaqlarda da geniş şöhrət gətirdi.

“Qətl günü” dünya və insan haqqındadır. Əsər insan problemi, insanın mənəvi inkişafı, daha çox kamilləşmək ehtiyacı ilə bağlı məsələlərə həsr olunduğundan mahiyyət etibarıyla qlobal problemləri əhatə edir.

Romanda biri digərinin siyasi-ictimai, mənəvi və mistik davamı olan üç dövrdən söz açılır.

O dövrdə bu əsər gənclərdə milli qürur və vətənpərvərlik hissi aşılamaq baxımından çox əhəmiyyətli sayılırdı.

1990-cı ildə rejissor Gülbəniz Əzimzadə tərəfindən "Qətl günü" romanı ekranlaşdırılıb.

Yusif Səmədoğlunun kino sənəti ilə bağlılığı da var. Hələ 1969-cu ildə atası Səməd Vurğunun “Komsomol poeması” əsərinin motivləri əsasında “Yeddi oğul istərəm...” bədii filminin ssenarisini yazmaqla ortaya yüksək səviyyəli iş qoymuşdu. “Yeddi oğul istərəm...” filmi öz məzmunu, quruluş və bədiilik xüsusiyyətləri ilə diqqəti cəlb edir.
 
Deyirlər heyvanlara qarşı çox həssas olan Yusif Səmədoğlu atası və qardaşı Vaqifdən fərqli olaraq heç vaxt ova getməyib.

O, şəkil çəkməyi çox sevər, çiynində həmişə fotoaparat gəzdirərdi.


Sağlığında bir çox məşhur simalar Yusif Səmədoğlunun fəaliyyəti, yaradıcılığı və şəxsiyyətinə yüksək qiymət veriblər ki, onların arasında görkəmli dövlət xadimi Heydər Əliyev də var

“...Yusif  Səmədoğlu bir tərəfdən klassik irsimizə istinad edən, digər tərəfdən müasir Avropa ədəbi ənənələrindən bəhrələnmiş yaradıcılığı ilə milli ədəbiyyatımıza böyük iz buraxmışdır.

Yusif Səmədoğlu vətənimizin azadlığı və müstəqilliyi uğrunda göstərdiyi ictimai-siyasi fəaliyyətlə Azərbaycanda milli-azadlıq hərakatının inkişafında, demokratiyanın, insan hüquqlarının bərqərar olmasında mühüm rol oynamışdır”,-deyə Heydər Əliyev onunla bağlı bildirmişdi.

Yusif Səmədoğlu ömrünün son illərində “Deyilənlər gəldi başa” adlı roman yazmağa başlamışdı. O bu romanda son illərin hadisələrini əks etdirmək istəyirdi. Lakin əcəl buna macal vermədi və roman yarımçıq qaldı.

Yusif Səmədoğlu deputat səlahiyyətləti başa çatmadan - 1998-ci il avqustun 16-da xərçəng xəstəliyindən vəfat etdi.

62 yaşında həyata əlvida deyən mərhum yazıçı Fəxri Xiyabanda dəfn olunub.

Yazıçı 1979-ci ildə Əməkdar incəsənət xadimi adına layiq görülüb. 1995-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. 1998-ci ildə ona Xalq yazıçısı fəxri adı verilib.

2014-cı ildə ədiblər arasında keçirilən sorğu nəticəsində onun “Qətl günü” əsəri XX əsr ən yaxşı Azərbaycan romanı seçilib.

Yusif Səmədoğlu və Nəmidə Vəkilovların ailəsində iki qız böyüyüb: Mehriban və Humay Vəkilovalar.


Yazıçının həkim işləyən qızı Humay Vəkilovanın atası ilə bağlı xatirələrindən:

“Atam insanın həyatda görə biləcəyi bütün gözəllikləri həm görür, həm də yaşadırdı. Onun ən böyük üstünlüyü demokratik insan olmağında idi…

Atam həddindən artıq səmimi insan olub. Bunu onu tanıyan hər kəs təsdiqləyər. Evdə necə idisə, kollektivdə də, dostlarla da elə olurdu. Gözəlliyi çox sevirdi. Gözəl də geyinirdi, özünə fikir verirdi. Zövqlü insan idi…

…Atam olduqca cəsarətli insan idi. 20 Yanvar hadisələri zamanı çox sarsılmışdı. İlk dəfə Yusif Səmədoğlunu onda ağlayan görüblər.

“Azadlıq” radiosunun canlı yayımında bütün dünyaya baş verənlər haqqında car çəkmək böyük cəsarət tələb edirdi. Çox adamlar gizlənsə də, atam və Bəxtiyar Vahabzadə heç nədən qorxmadan insanları qırğından qorumağa çalışırdılar. Hər an evə girib, atamı apara bilərdilər. O, Vətənini çox sevirdi.
Yanvar hadisələrindən sonra kommunist partiyasından, biletindən imtina etdi”.

Ə.Qafarlı

***

Həmçinin oxu:

Unudulan deputatlar - Erməni dilini bilən iqtisadçı...
Unudulan deputatlar - Kabinetində keçinən vitse-spiker - FOTO
Unudulan deputatlar: Qərbi azərbaycanlıların ağsaqqalı... 
Unudulan deputatlar - Fransanı hiddətləndirən professor: “Jak Şirak qudurub!”
Unudulan deputatlar: Həyat yoldaşı və qızı qətlə yetirilən akademik - FOTOLAR 
Unudulan deputatlar - Administrasiyada vəzifə verildi, iki dəfə həbs olundu, Prezident onu əfv etdi 
Unudulan deputatlar: “Çörək Tofiq” və Heydər Əliyevin məşhur müşavirəsində danlanan MƏMURLAR... 
Unudulan deputatlar - Akademikin təzyiqlərinə dözə bilməyən PROFESSOR 
Unudulan deputatlar - Oğul itkisi ilə barışa bilməyən ƏMƏKDAR JURNALİST 
Unudulan deputatlar - Qardaşından prezidentliyə namizəd olduğuna görə küsən məşhur YAZIÇI…
Unudulan deputatlar: Rafael Allahverdiyevin acı sonluğu... - FOTOLAR 
Unudulan deputatlar: Rəsul Quliyevin güdazına gedən AKADEMİK 
Unudulan deputatlar: İdmançı, həkim, prezidentliyə namizədin qəfil ÖLÜMÜ - FOTOLAR 
Unudulan deputatlar: YAP-dan küsən PROFESSOR 
Unudulan deputatlar: Heydər Əliyevin danladığı professor: “Belə şey olmaz Fikrət, olmaz!” 
Unudulan deputatlar: sərxoş sürücünün badına gedən Hikmət həkim…

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı