Modern.az

Paşinyanın niyyəti, rusların planı, Azərbaycanın gözləntisi - ŞƏRH

Paşinyanın niyyəti, rusların planı, Azərbaycanın gözləntisi - ŞƏRH

17 Noyabr 2021, 15:18

“Ermənistanın baş naziri Nikol Paşinyan istəyir ki, Rusiya hərbçiləri Qarabağda olduqları kimi,  Ermənistan-Azərbaycan sərhəddində də yerləşsinlər”.

Modern.az-ın məlumatına görə, bunu Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginliyi  şərh edən politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Paşinyan elə buna görə dünən Rusiya prezidenti Vladimir Putinə zəng edib.

“Bundan başqa, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun erməni və azərbaycanlı həmkarlarıyla telefon danışıqları olub. Nəticədə atəşkəs elan olunub. Ancaq bu müvəqqətidir. Çünki əgər Paşinyan sərhədin müəyyənləşməsiylə bağlı Bakı ilə danışıqlardan qaçırsa, Azərbaycan ordusunun sərhədin strateji nöqtələrində möhkəmlənməsindən başqa alternativi yoxdur”.

Bəs Kreml bu vəziyyətdə nə edəcək? Putin rusiyalı hərbçiləri Qarabağa göndərdiyi kimi,  Ermənistan-Azərbaycan sərhədinə də göndərə bilərmi?

Siyasi şərhçi deyib ki, Kremlin rusiyalı hərbçiləri Qarabağa göndərmək planı İkinci Qarabağ müharibəsi başladığı ilk günlərdən mövcud idi.

“Ancaq Kremlin rusiyalı hərbçiləri Ermənistan-Azərbaycan sərhədində yerləşdirməsi planı obyektiv səbəbdən olmayıb və indi də yoxdur. Obyektiv səbəbdən ona görə ki, Rusiya üçün Azərbaycan-Ermənistan sərhədi qeyri-müəyyəndir, rusiyalı hərbçilər gəlib sərhədin hansı hissəsində yerləşəcəklər? Misal üçün, Azərbaycan sərhədçiləri Qaragölə nəzarət edirlər, Emənistan isə iddia edir ki, guya gölün böyük hissəsi onlara aiddir. Bu halda Rusiya hərbçiləri gölün hansı hissəsində yerləşəcəklər? Rusiyalı hərbçilər gölün kənarında yerləsşələr, bu Ermənistanı narazı salacaq. Çünki bu o demək olacaq ki, Rusiya Qaragölün Azərbaycana aid olduğunu qəbul edib. Yox, gəlib gölün ətrafından azərbaycanlı sərhədçiləri sıxışdırmağa çalışsalar, bu da Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirəcək. Bu baxımdan indiki şərtlər altında Kreml nə Azərbaycanı, nə də Ermənistanı qıcıqlandırmaq istəyir”.

E.Şahinoğlunun sözlərinə görə, atəşkəsi qorumaq istəyən Kremlin yeganə alternativi iki ölkə arasında sərhədin delimitasiyasına və demarkasiyasına başlamaq üçün Paşinyanı zorla masaya oturtmaqdır.

“Yalnız bu halda sərhəddə gərginlik azalacaq və danışıqlar prosesi başlayacaq. Əks halda, lokal toqquşmalar davam edəcək”.


Politoloq deyib ki, Azərbaycanın son sərhəd gənginliyində böyük dövlətlərdən və beynəlxalq təşkilatlardan dəstək gözləməsinə ehtiyac yoxdur, yetər ki, bizə mane olmasınlar.

“Türkiyənin dəstəyi kifayətdir. Müdafiə naziri Hulusi Akarın verdiyi mesajlar digər dövlətlərə xəbərdarlıqdır ki, Azərbaycanı təkləməyə çalışmasınlar. Böyük dövlətlərdən və beynəlxalq təşkilatlardan iki gözləntimiz olmalıdır. Birincisi, Azərbaycan əleyhinə açıqlama verməsinlər, ikincisi İrəvana zəng edəndə, Bakıya da zəng etsinlər. Hələ ki, buna riayət olunur”.


A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir