Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108-ci ili tamam oldu. 1918-ci il iyunun 26-da, Azərbaycan Xalq Cümhuriyyətinin dövründə ilk dəfə Nazirlər Şurasının qərarı ilə hərbi hissə - əlahiddə korpus yaradılıb. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verib. Bu gün Azərbaycan Ordusunun adını dünyaya tanıdan yüzlərlə qəhrəman var. Lakin onların yolunu açan, milli hərb tariximizdə ilkə imza atan sərkərdələrin xidmətləri də xüsusi yer tutur.
Modern.az 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan hərb tarixində bir sıra ilklərə imza atan görkəmli hərbi xadimləri təqdim edir.

Azərbaycanın ilk admiralı – "Rus hərbi donanmasının şöhrət çələngi" adlandırılan İbrahim bəy Aslanbəyov
Azərbaycan hərb tarixində ilk admiral kimi tanınan İbrahim bəy Aslanbəyov (1822–1900) Rusiya İmperiyası donanmasının vitse-admiralı, Sakit okeandakı Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı və Krım müharibəsinin iştirakçısı olub. O, həm də İmperator Coğrafiya Cəmiyyətinin həqiqi üzvü kimi fəaliyyət göstərib.
1834-cü ildə Peterburqda Dənizçilik Məktəbinə daxil olan Aslanbəyov təhsilini fərqlənmə ilə başa vuraraq hərbi dəniz donanmasında xidmətə başlayıb. Qısa müddətdə bacarıqlı zabit kimi tanınıb, Qara dəniz donanmasının müxtəlif döyüş gəmilərində xidmət edib.
Krım müharibəsi zamanı "Elbrus" hərbi gəmisinə komandir təyin olunan Aslanbəyov Qara dənizin şərq sahillərində gedən döyüşlərdə iştirak edib, Sevastopolun müdafiəsində göstərdiyi igidliyə görə kapitan-leytenant rütbəsi alıb. Ağır kontuziya almasına baxmayaraq, döyüş meydanını tərk etməyib.
Sonrakı illərdə o, "Sokol" və "Retvizan" gəmilərinə komandirlik edib, vitse-admiral Qriqori Butakovun zirehli eskadrasında qərargah rəisi olub. 1878-ci ildə Hərbi Dəniz Donanmasındakı xidmətlərinə görə vitse-admiral rütbəsinə layiq görülərək Baltik donanmasının flaqmanı təyin edilib.
1879–1882-ci illərdə Aslanbəyovun rəhbərlik etdiyi eskadra dünya səyahətinə çıxaraq Sakit okeandan Polineziya adalarınadək uzanan mürəkkəb marşrutu uğurla qət edib. O, okeanda sürətli kreyserlərdən ibarət "uçan eskadrilya" konsepsiyasının tətbiqini irəli sürən ilk hərbi dənizçilərdən biri sayılır.
İbrahim bəy Aslanbəyov yalnız hərbi dənizçi deyil, həm də hərbi dəniz tarixçisi kimi tanınıb. Onun elmi araşdırmalarından uzun illər Rusiya hərb elmində istifadə olunub. Müasirləri onu "Rus hərbi donanmasının şöhrət çələngi" adlandırırdılar. Məşhur şərqşünas Mirzə Kazım bəylə dostluq edib, yazıçı Lev Tolstoy isə "Sevastopol hekayələri"ni qələmə alarkən onun xatirələrindən faydalanıb.
50 ildən artıq hərbi xidmət göstərən Aslanbəyov Rusiyanın, Serbiyanın, Yaponiyanın və Havay Krallığının ali ordenləri ilə təltif olunub. Hələ sağlığında – 1882-ci ildə Saxalin adasında bir yarımada və Oxot dənizində bir körfəz onun şərəfinə Aslanbəyov adlandırılıb. Bu gün də Kiyevdə Dənizçilər parkındakı Fəxri xiyabanda onun büstü görkəmli dəniz sərkərdələri sırasında yer alır.

AXC hökumətinin qərarı ilə general-mayor rütbəsi alan ilk hərbçi – Süleyman bəy Əfəndiyev
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə general-mayor rütbəsinə layiq görülən ilk milli hərbçi Süleyman bəy Əfəndiyev olub. 1864-cü ildə Ağdamda anadan olan Süleyman bəy hərbi təhsilini Ukraynadakı Yelizavetqrad Süvari Məktəbində alıb, daha sonra Rusiya imperiya ordusunda xidmət edərək peşəkar süvari zabiti kimi tanınıb. Qüsursuz xidmətinə görə polkovnik rütbəsinə yüksəlib, "Müqəddəs Anna", "Müqəddəs Stanislav" və "Müqəddəs Vladimir" ordenləri ilə təltif olunub.
Süleyman bəy yalnız peşəkar hərbçi kimi deyil, həm də maarifçi və ictimai xadim kimi tanınıb. O, Qori Müəllimlər Seminariyasında təhsil alan azərbaycanlı tələbələrə maddi dəstək göstərib, Firidun bəy Köçərli və Səfərəli bəy Vəlibəyovla birlikdə Tiflisdə fəaliyyət göstərən Azərbaycan mədəni-maarif cəmiyyətinin işində yaxından iştirak edib.
Onun ən böyük xidmətlərindən biri isə milli ordu quruculuğu sahəsində olub. 1917-ci ildə Rusiya ordusunun Cənubi Qafqazda dağılmasından sonra Gəncəyə göndərilən Süleyman bəy ilk günlərdən azərbaycanlılardan ibarət könüllü silahlı dəstələrin yaradılmasına başlayıb. Sonradan Müsəlman Korpusunda 5-ci atıcı alayına komandanlıq edib, diviziya komandirinin vəzifəsini icra edib, Gəncədə ilk hərbi məktəbin, Gəncə Süvari Alayının, hərbi kursların və Azərbaycan Ordusu üçün 150 nəfərlik ilk təlim komandasının təşkilində mühüm rol oynayıb.
Qafqaz İslam Ordusunun tərkibində Azərbaycanın bolşevik-daşnak qüvvələrindən azad olunması uğrunda döyüşlərdə iştirak edən Süleyman bəy, AXC Hərbi Nazirliyi yenidən formalaşdırıldıqdan sonra 2-ci Qarabağ Süvari Alayının təşkilinə rəhbərlik edib. Hərbi nazir Səməd bəy Mehmandarovun təqdimatı əsasında AXC Nazirlər Şurasının qərarı ilə general-mayor rütbəsi alaraq 1-ci Piyada Diviziyasının komandiri təyin edilib və bununla da Azərbaycan Xalq Cümhuriyyəti tarixində bu ali hərbi rütbəyə layiq görülən ilk milli hərbçi kimi tarixə düşüb.
General-mayor Süleyman bəy Əfəndiyev Ağdamda ilk pulemyotçuluq üzrə kiçik zabitlər məktəbini yaradıb, gənc əsgərlərin hazırlığı ilə şəxsən məşğul olub. Onun formalaşdırdığı 1-ci Piyada Diviziyası Qarabağda erməni silahlı dəstələrinə qarşı mübarizədə əsas hərbi qüvvələrdən biri kimi nəzərdə tutulurdu.
Milli ordu quruculuğuna böyük töhfələr verən Süleyman bəy Əfəndiyev 1919-cu il fevralın 21-də xidməti zamanı yoluxduğu səpmə yatalaq xəstəliyindən Ağdamda vəfat edib. Dövrün siyasi və hərbi rəhbərliyi onu Azərbaycanın ilk hərbi hissələrinin təşkilatçılarından biri və milli ordunun qurulmasında müstəsna xidmətləri olan sərkərdə kimi qiymətləndirib.

Azərbaycan Ordusunda ilk qeyri-azərbaycanlı general – Məmməd bəy Sulkeviç
Azərbaycan Xalq Cümhuriyyəti Ordusunda xidmət edən ilk qeyri-azərbaycanlı general Məmməd bəy (Masey) Sulkeviç olub. Milliyyətcə Polşa tatarı olan Sulkeviç Rusiya imperiya ordusunda general-leytenant rütbəsinədək yüksəlib, rus-çin, rus-yapon və Birinci Dünya müharibələrində iştirak edərək böyük hərbi təcrübə qazanıb. Məhz bu təcrübəsinə görə hərbi nazir Səməd bəy Mehmandarov onu Azərbaycana dəvət edib.
1919-cu il martın 26-da Məmməd bəy Sulkeviç Azərbaycan Ordusunun yeni yaradılan Baş Qərargahının ilk rəisi təyin olunub. Onun gəlişi ilə orduda Baş Qərargah institutu formalaşdırılıb, operativ idarəetmə, kəşfiyyat və əks-kəşfiyyat, rabitə, hərbi topoqrafiya, hərbi attaşelik və səfərbərlik işləri vahid mərkəzdən idarə olunmağa başlanıb.
General Sulkeviç Azərbaycan Ordusunun təşkilatlanmasına mühüm töhfələr verib. Onun rəhbərliyi ilə 2-ci Bakı piyada və 3-cü Şəki süvari alaylarının formalaşdırılması sürətləndirilib, qoşunların döyüş hazırlığı üçün nizamnamələrin yenilənməsi təşəbbüsü irəli sürülüb. O, təlimlərin nəzəriyyədən çox praktiki hazırlığa əsaslanmasını vacib sayır, bunun üçün xüsusi komissiyaların yaradılmasını təklif edirdi.
1919-cu ildə Azərbaycanın şimal sərhədlərində Denikin ordusunun yaratdığı təhlükəyə qarşı müdafiə planlarının hazırlanmasında da Sulkeviçin xüsusi rolu olub. O, Bakının dənizdən müdafiəsinin gücləndirilməsi, Bayıl, Zığ və Nargin istiqamətlərində artilleriya mövqelərinin yaradılması, silahlı paroxodların hazırlanması və Xəzərdə hərbi imkanların artırılması ilə bağlı ətraflı layihələr hazırlayıb. Eyni zamanda ölkənin ilk səfərbərlik planının hazırlanmasına rəhbərlik edib.
Peşəkar hərbçi olmaqla yanaşı, Sulkeviç xeyriyyəçilik və elmi fəaliyyətlə də məşğul olub, Polşa tatarlarının tarixi və etnoqrafiyasının araşdırılmasına dəstək verib. O, Azərbaycan Ordusunun peşəkar qərargah sisteminin qurulmasında, idarəetmənin müasir prinsiplər əsasında formalaşdırılmasında mühüm rol oynayan sərkərdələrdən biri kimi hərb tarixində iz qoyub.

İlk üsyankar gener adlandırılan, Çar, AXC və İran ordularında xidmət edən general-mayor – Cavad bəy Şıxlinski
Azərbaycan hərb tarixində üç müxtəlif dövlətin – Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və İran ordularında xidmət etmiş nadir sərkərdələrdən biri general-mayor Cavad bəy Şıxlinski olub. 1874-cü ildə Qazaxın Aşağı Salahlı kəndində anadan olan Cavad bəy Tiflis Kadet Korpusunda və Sankt-Peterburqdakı Konstantinovski Artilleriya Məktəbində hərbi təhsil alıb. Təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra Rusiya imperiya ordusunda xidmətə başlayıb, Birinci Dünya müharibəsində iştirak edib, peşəkar artilleriya zabiti kimi tanınıb və polkovnik rütbəsinə qədər yüksəlib.
1917-ci ilin sonunda Azərbaycana qayıdan Cavad bəy əvvəlcə Müsəlman Korpusunda, daha sonra isə Nuru Paşanın komandanlığı altında fəaliyyət göstərən Qafqaz İslam Ordusunda 1-ci artilleriya alayına rəhbərlik edib. Bakı uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə Nuru Paşa tərəfindən medalla təltif olunub. Sonradan Gəncə şəhərinin komendantı, Artilleriya İdarəsi rəisinin müavini, Gəncə qarnizonunun rəisi və 1-ci Piyada Diviziyasının komandiri vəzifələrində xidmət edib.
1919-cu il iyunun 25-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ona general-mayor ali hərbi rütbəsi verilib. Həmin il daşnak silahlı dəstələrinin Zəngəzurda törətdiyi qırğınların qarşısını almaq üçün yaradılan Zəngəzur ekspedisiyasına komandan təyin olunan Cavad bəy Qarabağla Zəngəzuru birləşdirən yolların nəzarətə götürülməsi istiqamətində əməliyyatlara rəhbərlik edib. Sultan bəy Sultanovun partizan dəstələri də bu ekspedisiyaya qoşularaq daşnaklara qarşı birgə mübarizə aparıblar.
1920-ci ilin aprel işğalından sonra Gəncə bölgəsinin müdafiəsinə rəhbərlik edən Cavad bəy bolşeviklərə qarşı baş verən Gəncə üsyanının əsas təşkilatçılarından biri olub. O, üsyan zamanı artilleriya bölmələrinin bərpasına və döyüşlərin təşkilinə rəhbərlik edib. Ağır yaralandıqdan sonra əvvəlcə Tiflisə, daha sonra isə İrana mühacirət etməyə məcbur olub.
Peşəkar hərbçi kimi İranda da yüksək qiymətləndirilən Cavad bəy əvvəlcə Ərdəbil qarnizonunun komandiri, sonradan isə İran ordusunda artilleriya komandiri, Şərq Ordusu komandirinin müavini və Zabitlər Klubunun rəhbəri vəzifələrində çalışıb. Fars dilini mükəmməl öyrənən Cavad bəy İran ordusunda da polkovnik rütbəsinə qədər yüksəlib və uzun illər hərbi xidmətini davam etdirib.
1959-cu ildə Tehranda vəfat edən Cavad bəy Şıxlinski təkcə üç orduda xidmət etməsi ilə deyil, həm də Azərbaycan hərb tarixinin tanınmış nümayəndələrindən biri olan tam artilleriya generalı Əliağa Şıxlinskinin qardaşı oğlu kimi tarixdə iz qoyub.

Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsi alan yeganə şəxs – İbrahim ağa Vəkilov
Azərbaycan hərb tarixində Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülən yeganə şəxs İbrahim ağa Vəkilov olub. 1853-cü ildə Qazaxın Qıraq Salahlı kəndində anadan olan Vəkilov Tiflisdə hərbi gimnaziyada, daha sonra isə Sankt-Peterburqdakı Hərbi Topoqrafiya Məktəbində təhsil alıb. 1879-cu ildən etibarən Qafqaz Hərbi Dairəsində hərbi topoqraf kimi xidmətə başlayıb və ömrünün 40 ilə yaxın hissəsini bu sahəyə həsr edib.
İbrahim ağa Vəkilovun fəaliyyəti təkcə Qafqazla məhdudlaşmayıb. O, Rusiya–İran sərhədlərinin Xəzər dənizindən Əfqanıstanadək dəqiqləşdirilməsi üzrə komissiyanın üzvü olub, Qafqaz, Krım, Qars və Rus-Türk sərhədlərində topoqrafik çəkilişlərə rəhbərlik edib. Bosforun hərbi xəritəsinin hazırlanması, eləcə də Təbriz, Urmiya və Xoy bölgələrində aparılan topoqrafik işlər də onun rəhbərliyi ilə həyata keçirilib. Bu xidmətlərinə görə İranın ali mükafatlarından biri olan "Şire-Xurşid" ordeni ilə təltif edilib.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra milli ordu quruculuğuna qoşulan Vəkilov əvvəlcə Gəncənin general-qubernatoru təyin olunub, bölgədə daşnak silahlı dəstələrinin zərərsizləşdirilməsi istiqamətində əməliyyatlara rəhbərlik edib. 1919-cu il martın 30-da uzunmüddətli hərbi xidmətləri nəzərə alınaraq ona general-mayor rütbəsi verilib. Bir neçə həftə sonra isə Azərbaycan Ordusunun Baş Qərargahında Hərbi Topoqrafiya Şöbəsinin rəisi təyin olunub və Cümhuriyyətin süqutunadək bu vəzifədə çalışıb.
İbrahim ağa Vəkilov Azərbaycan hərb tarixində daha bir mühüm iz qoyub. 1919-cu ildə təsdiqlənən Azərbaycan Ordusunun ilk hərbi bayrağının müəllifi məhz o olub. Onun hazırladığı bayrağın bir üzərində "Azərbaycan", digər üzündə isə Qurani-Kərimdən "Allahdan kömək və qələbə yaxındadır" ayəsi yer alırdı. Həmin bayrağın bütün piyada və süvari alayları, əlahiddə taborlar və hərbi məktəblər üçün vahid nümunə kimi istifadə olunması qərara alınmışdı.
General Vəkilov eyni zamanda Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifi və ölkədə topoqrafiya məktəbinin banilərindən biri hesab olunur. Sovet hakimiyyəti illərində də topoqrafiya və geodeziya sahəsində fəaliyyətini davam etdirən İbrahim ağa Vəkilov 1934-cü ildə vəfat edib.

Azərbaycanın ilk hərbi naziri – Qarabağ və Zəngəzurun ilk general-qubernatoru Xosrov bəy Sultanov
Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov bəy Sultanov olub. Həkim ixtisası üzrə təhsil alan Sultanov dövlət idarəçiliyi və hərbi-siyasi sahədə fəaliyyəti ilə Cümhuriyyətin ilk illərində mühüm rol oynayan simalardan biri kimi tanınıb.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra formalaşdırılan ilk hökumətdə Xosrov bəy Sultanov hərbi nazir təyin edilib. Həmin dövrdə yeni yaranmış dövlətin müntəzəm ordusu hələ tam formalaşmadığından, onun qarşısında duran əsas vəzifələrdən biri milli hərbi idarəetmə sisteminin qurulması, silahlı qüvvələrin təşkili və təhlükəsizliyin təmin edilməsi idi.
1918-ci il iyunun 11-də ölkədə hərbi vəziyyət elan olunması, iyunun 26-da isə Müsəlman Korpusunun bazasında Əlahiddə Azərbaycan Korpusunun yaradılması məhz Xosrov bəy Sultanovun hərbi nazir olduğu dövrə təsadüf edir. Sonradan Hərbi Nazirliyin fəaliyyəti yenidən təşkil olunduqdan sonra bu vəzifəyə tam artilleriya generalı Səməd bəy Mehmandarov təyin edilib və milli ordunun peşəkar əsaslarla formalaşdırılması prosesi sürətlənib.
Xosrov bəy Sultanov sonrakı dövrdə Qarabağ və Zəngəzurun general-qubernatoru kimi də fəaliyyət göstərib. O, bölgədə Azərbaycan hakimiyyətinin möhkəmləndirilməsi, erməni separatçı silahlı dəstələrinə qarşı mübarizə və dövlət idarəçiliyinin təşkili istiqamətində mühüm rol oynayan dövlət xadimlərindən biri kimi Azərbaycan tarixinə düşüb.

Çar və sovet ordularının komandanı olan ilk azərbaycanlı – “Artilleriyanın allahı” Əliağa Şıxlinski
Azərbaycan hərb tarixinin ən görkəmli simalarından biri olan Əliağa Şıxlinski həm Çar Rusiyası, həm də sovet ordusunda yüksək komandan vəzifələrində xidmət etmiş ilk azərbaycanlıdır. O, artilleriya sahəsində misilsiz biliyi və döyüş taktikasına gətirdiyi yeniliklərə görə hərb tarixində "Artilleriyanın Allahı" kimi tanınıb.
1863-cü ildə Qazaxın Aşağı Salahlı kəndində anadan olan Şıxlinski Mixaylov Artilleriya Məktəbini bitirdikdən sonra Rusiya imperiya ordusunda xidmətə başlayıb. Rus-yapon müharibəsində Port-Arturun müdafiəsi zamanı göstərdiyi qəhrəmanlıq ona böyük şöhrət qazandırıb. Hazırladığı atəş üsulları sonralar "Şıxlinski üçbucağı" adı ilə artilleriya elminə daxil olub və uzun illər müxtəlif ölkələrin hərbi məktəblərində tədris edilib.
Birinci Dünya müharibəsində korpus və artilleriya birləşmələrinə komandanlıq edən Əliağa Şıxlinski çar ordusunun ən nüfuzlu sərkərdələrindən biri sayılırdı. 1917-ci ildən sonra Azərbaycana qayıdaraq milli ordu quruculuğuna qoşulub, Azərbaycan Xalq Cümhuriyyəti Hərbi Nazirliyində nazir müavini və Artilleriya İdarəsinin rəisi kimi ordunun formalaşdırılmasına mühüm töhfələr verib. Onun hazırladığı təlim sistemi və peşəkar zabit kadrlarının yetişdirilməsi istiqamətində gördüyü işlər Azərbaycan Ordusunun inkişafında mühüm rol oynayıb.
Sovet hakimiyyəti qurulduqdan sonra da hərbi fəaliyyətini davam etdirən Şıxlinski Qırmızı Orduda məsul vəzifələrdə çalışıb, Azərbaycan Birləşmiş Hərbi Məktəbində dərs deyərək yüzlərlə zabitin yetişməsində iştirak edib. O, həmçinin zəngin döyüş təcrübəsini ümumiləşdirən elmi əsərlər yazıb və artilleriya sahəsində nüfuzlu mütəxəssis kimi fəaliyyət göstərib.
Əliağa Şıxlinski təkcə Azərbaycanın deyil, dünya hərb tarixinin də tanınmış artilleriya nəzəriyyəçilərindən biri hesab olunur. Onun adı bu gün də peşəkarlıq, hərbi zəka və sərkərdəlik məktəbinin simvollarından biri kimi xatırlanır.