"Kölgə mərkəzi kəşfiyyat orqanı" kimi tanınan "Stratfor" hesab edir ki, Ermənistan-Türkiyə münasibətlərinin istiləşməsi Türkiyənin regiondakı təsirini gücləndirə və Ermənistanın Rusiyadan asılılığını qismən azalda bilər. Lakin Rusiya bu prosesin çox inkişaf etməsinə imkan verməyəcək.
Modern.az-ın məlumatına görə, jurnalın analitikləri qeyd edirlər ki, son illərdə Ermənistan və Türkiyə uzun müddət davam edən gərginlikdən sonra münasibətləri normallaşdırmaq cəhdləri ediblər. Bu, xüsusilə Azərbaycanın keçmiş “Dağlıq Qarabağ” üzərində nəzarəti tam bərqərar etdikdən sonra nəzərə çarpıb. Eyni zamanda, İrəvan Qərblə siyasi, iqtisadi və hərbi əlaqələri inkişaf etdirməklə Rusiyadan asılılığını azaltmağa çalışır.
"Stratfor" hesab edir ki, Ermənistan və Türkiyə arasında münasibətlərin möhkəmlənməsi Türkiyənin Avropa, Qafqaz və Yaxın Şərqi birləşdirən regional "orta təbəqə oyunçusu" kimi mövqeyini gücləndirə, eləcə də İranın regional təsirini qismən zəiflədə bilər.
Analitiklərin fikrincə, Ermənistan üçün bu, ticarət yollarının genişləndirilməsi və Qərb bazarlarına çıxış əldə edilməsi, eləcə də xarici iqtisadi əlaqələrin yenidən formalaşması demək ola bilər.
"Stratfor"un məqaləsində deyilir ki, Rusiya ilə münasibətlər hər iki ölkə üçün əsas əhəmiyyət kəsb edir və daha sıx əlaqələr potensialını məhdudlaşdırır. Moskva, güman edildiyi kimi, Ermənistanın Türkiyə və Qərblə münasibətlərinin həddindən artıq dərinləşdiyini hiss edərsə, iqtisadi təsir vasitələrindən istifadə edə bilər. Məqalədə deyilir ki, sərhədlərin açılması seçkilərdən sonra Ermənistanda hökm sürəcək daxili siyasi vəziyyətdən də asılı ola bilər.