Bir neçə gün əvvəl, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeyi Azərbaycana səfər edib. O, burada ölkə başçısı İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovun qəbulunda olub.
Görüş zamanı Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olunarkən, ikitərəfli əməkdaşlıqda məhdudiyyətlərin aradan qaldırılmasının əhəmiyyəti vurğulanıb. ABŞ-ın Azərbaycana dövlət yardımını məhdudlaşdıran 907-ci düzəlişin tamamilə ləğvinin iki ölkə arasında strateji tərəfdaşlığın ruhuna uyğun olacağı, təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadiyyat və regional sabitlik sahələrində əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyi qeyd edilib. Bildirilib ki, sözügedən düzəliş öz mahiyyətinə görə köhnəlmiş yanaşmanı əks etdirir və mövcud geosiyasi reallıqlar, eləcə də Azərbaycan-ABŞ tərəfdaşlığının səviyyəsi ilə uzlaşmır.
Maraqlıdır ki, hazırda 907-ci düzəlişin ləğvi ilə bağlı proses nə yerdədir?
Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentləarası ittifaq komitəsinin və Azərbaycan-ABŞ parlamentlərarası işçi qrupunun sədri Səməd Seyidov bildirib ki, bu gün artıq söhbət 907-ci düzəlişin tam ləğvindən gedir:
“2025-ci ilin avqust ayının 8-də Ermənistanla sülh sazişinin paraflanması həm də ABŞ ilə əməkdaşlıq xartiyasının hazırlanması baxımından bir tarix oldu. Eyni zamanda, 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın 907-ci düzəlişi yenidən dayandırması tarixi hadisədir.
Bir neçə gün bundan öncə Neft Həftəsi dövründə Donald Trampın cənab Prezident İlham Əliyevə göndərdiyi hədiyyə-məhz 907-ci düzəlişin dayandırılması ilə bağlı sənədin altında olan imzanın və sənədin çərçivəyə salınması - həm rəmzi, həm də çox vacib olan məsələdir.
Söhbət artıq 907-ci düzəlişin dayandırılmasından yox, onun ləğv edilməsindən gedir. Ona görə ki, bir müddət əvvəl başqa bir konqresmen Anna Paulina Luna 907-ci düzəlişin ləğv edilməsi ilə bağlı qanun layihəsinin Konqresə təqdim olunması təşəbbüsü ilə çıxış etdi. Bu qanun layihəsi faktiki olaraq mövcuddur.
Hətta bu qanun layihəsinin həmmüəllifi Abraham Hamadey iki gün bundan öncə Azərbaycanda olub, o burada cənab Prezident tərəfindən də qəbul edilib. Biz Abraham Hamadey ilə ABŞ-də görüşüb söhbətlər aparmışıq. O, çox obyektiv, yüksək səviyyəli siyasətçidir. Heç şübhə yoxdur ki, o da bu layihənin həmmüəllifidir.
Artıq bu düzəliş Azərbaycan-ABŞ münasibətlərinin ruhuna tamamilə ziddir. Düşünürük ki, ABÇ-la ticarət əlaqələrimizi 8 milyard dollara qədər yüksəldək. TRIPP layihəsinin faktiki təşəbbüskarlarından biriyik. ABŞ hələ də Azərbaycana qarşı 907-ci düzəlişi qoruyub saxlayır. Bu, düzgün deyil.
Ona görə də Prezident Tramp 907-ci düzəlişi dayandırdı. Konqresdə artıq adını çəkdiyimiz təkcə iki konqresmen yox, başqaları da bu prosesə qoşulub. Ancaq proses uzun vaxt tələb edir. Bu təşəbbüs Beynəlxalq Əlaqələr Komitəsində kifayət qədər səs toplamalıdır. Bundan sonra səsverməyə qoyulub müzakirələrə çıxarılmalıdır.
Konqres səviyyəsində qəbul edildikdən sonra Senat səviyyəsində də öz həllini tapmalıdır. Bu, uzun prosesdir. Ancaq bu proses gedir. Prosesin məntiqi ABŞ-nin maraqlarına da uyğundur. Bu gün ABŞ də maraqlıdır ki, bu regionda daha çox təmsil olunsun.
Ümid edək ki, proses öz məntiqi yekununu tapacaq və 907-ci düzəliş birdəfəlik ləğv olunacaq”.

Komitə sədri vurğulayıb ki, indiyə kimi təxminən 7-8 konqresmen bu istiqamətdə öz müsbət fikirlərini bildiriblər:
“Ancaq təbii ki, bu prosesin ilkin mərhələsidir. Proses hələ davam edəcək. Əminəm ki, daha çox konqresmen də bu təşəbbüsə qoşulacaq. Beləliklə problem öz həllini tapacaq”.