Modern.az

Trampın Türkiyə jesti hansı nəticələr verəcək? - Generaldan ŞƏRH

Trampın Türkiyə jesti hansı nəticələr verəcək? - Generaldan ŞƏRH

Analitika

Bu gün, 15:24

İyul ayında Türkiyədə NATO ölkələrinin zirvə toplantısı olub. Toplantıya ABŞ lideri Donald Tramp da dəvət edilib. Trampın sözlərinə görə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan onu şəxsən zəng edərək, toplantıya dəvət edib. Tramp isə Ərdoğana hörmət əlaməti olaraq Türkiyəyə gedəcəyini açıqlayıb.

Ərdoğanın şəxsi keyfiyyətlərini yüksək qiymətləndirən Tramp onu dost adlandırıb və ona simpatiyası olduğunu bildirib.

“Türkiyə NATO üzvüdür. Bəzi insanlar bunu nəzərə almırlar. Mən onu sevindirəcək bir addım atacağam”, - deyə ABŞ prezidenti qeyd edib. Məhz Trampın son açıqlamaları, F-35 məsələsinin hüquqi cəhətdən araşdırıldığının deyilməsi ABŞ-Türkiyə münasibətlərində yeni başlanğıc təəssüratı yaradır. 

Modern.az-a açıqlamasında Türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağar Modern.az-a açıqlamasında bildirib ki, məsələyə Trampın açıqlamaları üzərindən deyil, daha geniş çərçivədən yanaşmaq lazımdır:

“Donald Trampın bəzi vacib açıqlamaları var. Həm daha əvvəl KAAN layihəsi üçün mühərriklərin verilməsi məsələsi, həm də F-35 proqramı ilə bağlı türkləri çox sevindirəcək sürpriz açıqlamaları gündəmdədir. Lakin burada məsələyə Trampın açıqlamaları üzərindən deyil, daha geniş çərçivədən yanaşmaq lazımdır. Həmin çərçivəni düzgün müəyyənləşdirmək vacibdir. Bu çərçivədə-siyasi iradə, hüquqi maneələr, strateji ehtiyaclar və nəhayət geosiyasi balans məsələsi var. Yəni F-35 məsələsinə ABŞ nöqteyi-nəzərindən baxarkən siyasi iradə, hüquqi məhdudiyyətlər, strateji ehtiyaclar və geosiyasi balans birlikdə qiymətləndirilməlidir. Bu baxımdan əsas sual budur: “Trampın yanaşması yeni bir strateji təhlükəsizlik arxitekturasının formalaşmasına səbəb ola bilərmi?” Məncə, ən vacib suallardan biri məhz budur. Çünki Qarabağ müharibəsi, Rusiya-Ukrayna müharibəsi, Qəzza müharibəsi və İran-İsrail qarşıdurması qlobal geosiyasi tarazlığı kökündən dəyişdirib. Bunun nəticəsində strateji imkanlar və təhlükəsizlik anlayışları da yenidən formalaşır”.

Ekspert qeyd edib ki, dəyişikliklər fonunda bir neçə əsas istiqamət ön plana çıxır:

“Bu istiqamətlərə Qara dənizin təhlükəsizliyi, Rusiya-Ukrayna müharibəsinin gələcəyi, ABŞ-ın bu müharibə ilə bağlı uzunmüddətli planları, Yaxın Şərqdə İran sonrası formalaşacaq yeni düzən, Şərqi Aralıq dənizindəki proseslər, NATO-nun cənub cinahının dayanıqlılığı, ABŞ-nin Çinə qarşı Yaxın Şərq üzərindən qurmağa çalışdığı geosiyasi xətt, Yaxın Şərqdə ittifaqlar sistemi, Cənubi Qafqaz və Balkanlar, xüsusilə Türkiyə ilə Yunanıstan arasında qurulacaq yeni balans məsələləri aiddir.  Bunların hamısı son dərəcə kritik mövzulardır. Məhz bu səbəbdən Ankarada keçiriləcək NATO tədbiri həm ABŞ, həm də Türkiyə üçün böyük əhəmiyyət daşıyır. Çünki tərəflər arasında açıq görünməsə də, ciddi etimad böhranı mövcuddur. Siyasi yaxınlaşma görüntüsü yaransa da, xüsusilə Şərqi Aralıq dənizi, Yunanıstan, İsrail-İran müharibəsi və digər regional məsələlər fonunda qarşılıqlı etimad problemi qalmaqdadır. ABŞ Türkiyənin geosiyasi əhəmiyyətini və əvəzolunmaz rolunu görür. Eyni zamanda regiondakı hadisələr Türkiyəni Atlantik blokundan müəyyən qədər uzaqlaşdırır.

Bu səbəbdən ABŞ üçün üç əsas ehtiyac yaranır: etimadın yenidən qurulması, yeni strateji əməkdaşlıq modelinin formalaşdırılması, geosiyasi balansın qorunması. Bu prosesin mərkəzində isə hazırda F-35 layihəsi və KAAN üçün mühərrik məsələsi dayanır. Texniki tərəfdən baxdıqda, F-35-lərin Türkiyəyə verilməsinin qarşısında ciddi hüquqi maneələr mövcuddur. Burada təkcə qanunvericilik deyil, həm də Yunanıstan və İsrail lobbilərinin təsiri mühüm rol oynayır. Bundan əlavə, ABŞ Konqresinə müsbət rəy təqdim olunmalıdır. Təyyarələrin Türkiyəyə satışının texniki və siyasi baxımdan uyğun olduğu təsdiqlənməlidir. Hazırda ilk növbədə sanksiyaların yumşaldılması istiqamətində müəyyən addımların atıldığı görünür. Bu prosesə F-16-ların modernizasiyası, ehtiyat hissələrinin təminatı, raket satışları və digər birgə layihələrin yenidən aktivləşdirilməsi daxildir. Bu sahələrdə irəliləyiş gözlənilir. Lakin S-400 məsələsi ABŞ baxımından hələ də əsas hüquqi maneə olaraq qalır. Bu problemin necə həll olunacağı ilə bağlı isə hələlik aydın mexanizm yoxdur. Çünki S-400 məsələsi təkcə geosiyasi deyil, həm də Türkiyə üçün milli qürur məsələsidir. Əslində S-400-lərin alınması da vaxtilə yaranmış etimad böhranının nəticəsi idi. Ona görə problemin kökündən həll edilməsi üçün ilk növbədə etimad böhranı aradan qaldırılmalıdır və Türkiyənin milli maraqları nəzərə alınmalıdır.Eyni zamanda artıq qəbul etmək lazımdır ki, Türkiyə strateji muxtariyyət axtaran və balans siyasəti yürüdən dövlətdir. F-35 ilə bağlı maneələri Türkiyə özü aradan qaldıra bilməz. Bunu ABŞ administrasiyası etməlidir. Çünki burada yalnız Ağ Ev deyil, Konqres, Pentaqon, Yunanıstan və İsrail lobbiləri, həmçinin bəzi NATO ölkələrinin mövqeləri də rol oynayır”.

A.Ağarın fikrincə, Türkiyənin gələcək təhlükəsizlik arxitekturasında hansı mövqedə yerləşdiriləcəyi əsas məsələdir:

“Əgər Türkiyə F-35, “Eurofighter”, KAAN, pilotsuz döyüş aparatları və milli hava hücumundan müdafiə sistemlərini eyni sistemdə birləşdirə bilsə, Avropanın ən güclü hava qüvvələrindən birinə sahib olacaq. Bu isə bəzi ölkələr üçün arzuolunan nəticə olmaya bilər. Məsələn, Yunanıstanın uzun müddət hava üstünlüyü əldə etmək planları var idi. Türkiyənin F-35 əldə etməsi həmin planları faktiki olaraq puça çıxara bilər. Digər tərəfdən, NATO-nun cənub cinahı xeyli güclənər və ABŞ-nin regional strategiyaları üçün Türkiyə daha vacib aktora çevrilər. Əgər Vaşinqton bu imkanları təqdim etməzsə, Türkiyə öz yolunu davam etdirəcək. KAAN, Kızılelma, ANKA-3, yeni nəsil elektron müharibə sistemləri və digər milli layihələr Türkiyənin strateji müstəqilliyini daha da artıracaq. Bu da ABŞ üçün yeni reallıq yaradacaq. Məncə, məsələ sadəcə F-35 satışı deyil. Bu, NATO daxilində Türkiyənin gələcək rolunun necə müəyyənləşdirilməsi ilə bağlı daha böyük mübarizənin tərkib hissəsidir.

Əsl sual “Türkiyə F-35 alacaqmı?” yox, “Türkiyə F-35 və digər Qərb silah sistemlərini əldə edərkən öz strateji qərarvermə müstəqilliyini nə qədər qoruya biləcək? Çünki Türkiyə öz milli sistemlərini inkişaf etdirir, müdafiə sənayesini genişləndirir və strateji muxtariyyət siyasəti yürüdür. ABŞ-la yaxınlaşma mümkündür və bunun əlamətləri görünür.Lakin həlledici məsələ Ankaranın bu yaxınlaşmanı asılılıq münasibətinə, yoxsa çoxmərkəzli güc modelinə çevirməsidir. Sonda isə ən vacib sualı vermək lazımdır: “F-35 Türkiyə üçün həqiqətən alınmış bir döyüş təyyarəsi olacaq, yoxsa istifadəsi məhdudlaşdırılmış "kirayə" platformaya çevriləcək?” Bunun cavabı isə mənbə kodlarına çıxış məsələsində gizlənir. Əgər Türkiyə F-35 və digər Qərb silah sistemlərinin mənbə kodlarına çıxış əldə edə bilməsə, həmin sistemlər üzərində tam suveren nəzarətə malik olmayacaq.

Əgər çıxış əldə edə bilsə, o zaman bu sistemləri öz strateji maraqlarına uyğun şəkildə istifadə edə biləcək. Məsələn, ABŞ İsrailə satdığı F-35, F-16 və F-15 platformalarının müəyyən texniki imkanlarına çıxış verir. Bu səbəbdən mənim üçün əsas sual budur: “Əgər ABŞ Türkiyəyə F-35 satarsa, Ankaraya həmin təyyarələrin mənbə kodlarına çıxış imkanı verəcəkmi, verməyəcəkmi? Məncə, bütün müzakirələrin mərkəzində duran ən vacib məsələ məhz budur. Məsələ təkcə F-35-lərlə bağlı deyil. Bu, daha dərin qatlarda cərəyan edən geosiyasi məsələdir. Məncə, bunu metaforik olaraq belə ifadə etmək olar:

Bəlkə də Türkiyə qlobal okeanlarda dolaşan bir ton balığı deyil. Amma Qara dənizdən Aralıq dənizinə, Egey dənizindən Xəzərə, Qafqazdan Balkanlara, Yaxın Şərqdən Mərkəzi Asiyaya qədər uzanan həyati əhəmiyyətli bir coğrafiyada hərəkət edən; sürü psixologiyasına təslim olmayan, ətrafını yaxşı oxuyan, lazım gəldikdə sərt və sürətli zərbə vuran, dənizlərin məğrur döyüşçüsü olan bir lüfərdir. ABŞ baxımından əsas məsələ də məhz budur: Müstəqil, muxtar və öz qərarvermə mexanizminə malik olan bu dövləti olduğu kimi qəbul edib yanında saxlaya biləcəkmi? Yoxsa etimadsızlıq yaradan siyasətlər və hər şeyi nəzarətdə saxlamaq refleksi səbəbindən onu əldən verəcək, sonra isə yalnız arxasınca baxmaqla kifayətlənəcək? Məncə, bugünkü müzakirələrin mahiyyəti məhz bu sualın ətrafında cəmləşir”.

Türkiyəli general Yücel Karauz isə söyləyib ki, Trampın Türkiyəyə səfəri ilə birlikdə yeni bir mərhələnin təməli qoyula bilər:

“Lakin bu, birbaşa “Türkiyə dərhal F-35 alacaq” demək deyil. Ankarada keçiriləcək NATO Zirvəsi Türkiyənin artıq sadəcə Alyansın “sərhəd ölkəsi” deyil, Qara dəniz–Yaxın Şərq–Qafqaz–Şərqi Aralıq dənizi xəttində mərkəzi müttəfiqə çevrildiyini nümayiş etdirəcək. NATO zirvənin 2026-cı il 7–8 iyul tarixlərində Ankarada keçiriləcəyini açıqlayıb. F-35 məsələsinə gəldikdə isə, mənzərəni üç mərhələdə qiymətləndirmək olar. Əvvəla  siyasi atmosfer yumşalır. ABŞ-ın vitse-prezidenti Cey Di Vens Türkiyəyə F-35 qırıcılarının verilməsi ehtimalının hüquqi baxımdan araşdırıldığını bildirib. Bundan əlavə, ABŞ-ın KAAN layihəsi üçün GE mühərriklərinin satışını irəli aparması müdafiə sahəsində münasibətlərdə nəzarətli yumşalma və əməkdaşlığın genişlənməsi siqnalı kimi qiymətləndirilə bilər. Digər yandan əsas maneə hələ də S-400 məsələsidir. Türkiyənin F-35 proqramından çıxarılmasının əsas səbəbi S-400 zenit-raket sistemləri olub. ABŞ tərəfində hesab olunur ki, S-400 sistemləri aktiv vəziyyətdə və ya əlçatan qaldığı müddətdə F-35-lərin Türkiyəyə verilməsi qarşısında ciddi hüquqi və Konqres maneələri mövcud olacaq. “Reuters”in məlumatına görə, Türkiyə tərəfi 2025-ci ilin dekabrında S-400-lərlə bağlı mövqeyində dəyişiklik olmadığını bəyan etmişdi. Hazırda ən real ssenari dərhal təhvil yox, yeni danışıqlar mexanizmi olacaq. Ankara Zirvəsində KAAN üçün mühərrik təminatı, F-16-ların modernləşdirilməsi, hava hücumundan müdafiə sistemlərinin inteqrasiyası, ortaq istehsal layihələri, həmçinin Suriya, Qara dəniz və Şərqi Aralıq dənizinin təhlükəsizliyi kimi mövzular üzrə yeni hərbi əməkdaşlıq çərçivəsinin formalaşması mümkündür. F-35 məsələsi isə bu prosesin ən yüksək siyasi mükafatı rolunu oynaya bilər. Mənim qiymətləndirməmə görə, qısamüddətli perspektivdə F-35-lərin Türkiyəyə təhvil verilməsi ehtimalı aşağı və ya orta səviyyədədir. Lakin orta müddətdə S-400-lərlə bağlı ABŞ-nin qəbul edə biləcəyi, nəzarət edilə bilən bir həll formulu tapılarsa, bu ehtimal əhəmiyyətli dərəcədə artacaq”.

Türkiyəli generalın fikrincə, F-35-lərin verilməsinin regional təsirləri isə olduqca böyük ola bilər:

“Türkiyənin F-35 proqramına qayıtması Egey dənizi və Şərqi Aralıq dənizində hava gücü balansını Ankaranın xeyrinə dəyişə bilər. Bu, NATO-nun cənub cinahında çəkindiriciliyi artırar, Rusiyaya Qara dəniz istiqamətində mühüm mesaj verər. Eyni zamanda İsrail, Yunanıstan və Körfəz ölkələri üçün yeni strateji balans hesablamalarının yaranmasına səbəb olar.

Nəticə etibarilə, Ankarada keçiriləcək NATO tədbiri Vaşinqton-Ankara hərbi münasibətlərində yeni səhifə aça bilər. Lakin F-35 məsələsinin açarı zirvənin yekun protokolunda deyil, S-400-lərin gələcək statusunda, ABŞ Konqresinin mövqeyində və Vaşinqtonun Türkiyəni yenidən etibarlı strateji tərəfdaş kimi qəbul edib-etməməsindədir”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!