Modern.az

“Müraciətimdən sonra İcra Hakimiyyətinin işçisi vəzifədən çıxarıldı” - Eks-deputat - MÜSAHİBƏ

“Müraciətimdən sonra İcra Hakimiyyətinin işçisi vəzifədən çıxarıldı” - Eks-deputat - MÜSAHİBƏ

27 Noyabr 2013, 13:07

Modern.az saytının “Sabiq deputatlar” layihəsində budəfəki müsahibimiz 41 saylı Sumqayıt birinci seçki dairəsindən seçilmiş eks-deputat İkram İsrafildir.  

İkram İsrafil 1964-cü il yanvarın 16-da Şəki rayonunu Bideyiz  kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirib. 1984-cü ildən M. Əzizbəyov adına Kimya Sənaye İstehsalat Birliyində növbə ustası və gənclər birliyinin sədri işləyib. 1991-ci ildən Sumqayıt aşqarlar zavodunun, “Azadlıq” kiçik müəssisəsinin sex rəisi, “Xəzər” Səhmdar Cəmiyyətinin şöbə rəisinin müavini, 1993-cü ildən “Qalayçı” firmasının direktoru vəzifələrində çalışıb. 1996-2002-ci illərdə Sumqayıt şəhərində orta məktəbdə direktor müavini vəzifəsində işləyib.

Milli Məclisdə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü olmaqla yanaşı, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Braziliya, Azərbaycan-Norveç, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

 – Hazırda nə işlə məşğulsunuz?

– Müsavat Partiyasında fəaliyyət göstərirəm, Divan və Məclis üzvüyəm. Başqa elə bir fəaliyyətim yoxdur.

– Parlamentdə olduğunuz dövrü necə xatırlayırsınız? Sizcə, deputat statusunu layiqincə yerinə yetirə bilibsiniz?

– İndi 5 illik deputatlıq fəaliyyətimə baxanda deməzdim ki, üzərimə düşən deputatlıq fəaliyyətimi yerinə yetirdim. Ancaq sözün əsl mənasında, bu məsuliyyəti layiqincə daşımağa çalışmışam. Fəaliyyətim dövründə görmək istədiyim bir çox işlərin həyata keçirilməsinə nail ola bilməmişəm. İndi o dövrə baxanda, deyirəm ki, bəlkə də onların  bir çoxunu həyata keçirə bilərdim.

– Hansı işləri nəzərdə tutursunuz?

– Sumqayıtdan millət vəkili seçilmişdim. O, sənaye şəhəri olduğu üçün orada iri müəssisələr fəaliyyət göstərirdi. 50 mindən çox insan o iş yerləri sayəsində evlərinə çörək pulu apara bilirdilər. Ancaq sənaye müəssisələrinin vəziyyəti olduqca ağır olduğu üçün onların ardıcıl qapadılması, dayanması prosesi gedirdi. Bununla bağlı narahatçılığımı Milli Məclisdə ifadə edirdim. İnsanlar əmək haqlarını ala bilmirdilər. Çalışırdım ki, Milli Məclisdə olan əlaqələrimdən istifadə edib həmin müəssisə rəhbərlərinə, dövlət qurumlarına müraciət edim və həmin işçilərin problemlərini həll edim. Ancaq müsavatçılığıma və müxalifətçiliyimə salıb bəzən dövlət qurumlarına açıq müraciət etmirdim. Sadəcə düşünürdüm ki, bu dövlət qurumunun vəzifəsidir və bu işləri görməlidir. Xahiş etməyim doğru olmazdı. Ancaq indi fikirləşirəm ki, o dövrdə həmin imkanlardan istifadə edib bir çox məsələlərin həllinə nail ola bilərdim. Onların yollarını indi görə bilirəm. Ancaq məni sevindirən o oldu ki, 5 illik fəaliyyətim dövründə parlament müxbirləri hər il mənim seçici hüquqlarını müdafiə edən fəal deputat nominasiyasına layiq biliblər. Bu mənim xatirəmdə qalan əziz hədiyyələrdən biridir.

– Təhsil sistemində bir çox şəhərlərdə olduğu kimi Sumqayıtda da müəyyən problemlər var. Sizcə bu problemlər yaranmasının əsas səbəbi nə ilə bağlıdır?

Məni narahat edən məsələlərlə bağlı bu ilin əvvəlində İlham Əliyevə müraciət etmişdim. Onun saytına məktub göndərmişdim. Məktubda Sumqayıt təhsilində olan problemlər öz əksini tapmışdı. Sumqayıt təhsil şöbəsinə direktor təyin olunan Gəncə təhsil şöbəsinin müdiri məktəb direktorlarının onun istəklərinə uyğun fəaliyyət göstərmələrini tələb edirdi. Bununla razılaşmayan məktəb direktorlarının da məktəbdən uzaqlaşdırılmasına çalışırdı. O məsələlərlə bağlı bir neçə məktəb direktorunun mənə şəxsi söhbətlərində, müraciətlərində narahatçılığım oldu. Mənim təşəbbüsümlə olub olmadığını dəqiq bilmirəm. Ancaq təhsil şöbəsinin müdiri o müraciətdən 2-3 gün sonra vəzifəsindən uzaqlaşdırıldı. İndi də hələ o vəzifəyə müdir təyin olunmayıb. Sumqayıtın təhsili həmişə öndə olub. Ancaq son illərdə təhsil sahəsində olan  geriləmələr nəzərə çarpır. Bəzən deyirlər ki, Sumqayıt İcra hakimiyyəti ilə Təhsil Nazirliyi arasında olan şəxsi münasibətlərin nəticəsində ora təhsil şöbəsinin müdiri təyin olunmur. Son dövrlər bir neçə məktəb direktorunun direktorluqdan uzaqlaşdırılması təhsildə olan müəyyən boşluğun yaranmasına dəlalət edir. Bu da xoşagələn deyil. Ümid edirəm ki, bu müsahibəmdən sonra aidiyyətli qurumlar bununla maraqlanarlar. 

– Parlament fəaliyyətiniz dövründə siz də bir çox deputatlar kimi qanun layihələri çıxış edibsiniz? Təklif etdiyiniz qanun layihələrindən qəbul olunanlar oldumu?

– Milli Məclisdə Müsavat deputat qrupu təsis etmişdik. Dörd nəfər Müsavat üzvü və Pənah Hüseynov olmaqla, digər bitərəf deputatlara da müraciət edərək bizim qrupa qoşulmalarını təklif etdik. Düşünürdük ki, sayımızı artırıb parlamentin gündəliyində bu və digər məsələlərin reallaşmasına nail ola bilərik. Təəssüf ki, ona nail ola bilmədik. O dövrdə bir neçə qanun layihəsi hazırlamışdıq. Eks-prezidentlərin statusu haqqında qnun layihəsini hazırlayıb, parlamentin plenar iclasında təklif etdik. Düzü bu qanun layihəsi o vaxt qəbul olunmadı. Amma onu da deyim ki. Bu qanun layihənin qəbul olunmasında bizim payımız elə də az deyil. Neft haqqında, bir çox qanunlara əlavə dəyişikliklər haqda təkliflərimiz olub. Ancaq bu qanun layihələrinin heç biri qəbul olunmayıb.

– Keçmiş seçicilərinizdən müraciət edənlər varmı?

– Seçildiyim dairədə və şəhərdə öz seçicilərimlə bir yerdə istər çayxanada, istər evlərində olan biriyəm. Bunu sevə-sevə etmişəm. İndi də o insanların problemi olanda müraciət edənlər olur. Çox sevinirəm ki, indi də onlar mənə millət vəkili kimi müraciət edirlər.

– Bəs, hazırda Sumqayıtdan sizin dairənizi təmsil edən xanım deputatın – Leyla Abdullayevanın fəaliyyətini necə qiymətləndirirsiniz?

– Bəlkə də Sumqayıtdan seçilən digər 3 deputatın fəaliyyətini soruşsaydınız, bu haqda danışardım. Ancaq xanım olduğu üçün bu haqda nəsə demək istəmirəm. Hər halda qiymət bildirməsəm yaxşıdır. Təbii ki, kişiliyinə və ya xanımlığına qiymət verməyi sevən biri deyiləm. O mənim deputat olduğum dairədən deputat olduğuna görə, hər halda seçicilər onun fəaliyyətinə qiymət versə, daha yaxşı olar.

– Parlamentdə olduğunuz müddətdə dostluq əlaqələri qurduğunuz deputatlarla əlaqələriniz qalıbmı?

– Bəli. İstər deputatlığım dövründə, istər də sonra deputatlarla olan dostluğum davam edir.


– “Azərkimya” şirkəti ləğv olunaraq “Neft-Kimya” şirkətinin tərkibinə verildi. Orda işdən uzaqlaşdırılan kimyaçılar vardı, onların problemləri nə yerdə qaldı?

– Qanunsuz olaraq işdən uzaqlaşdırılan onlarla kimyaçılar var idi ki, ailə başçıları idi. 20-30 il o müəssisədə çalışırdılar. Onlar heç bir səbəbi olmadan işdən çıxarıldı. Onların işə qayıtması ilə  bağlı fəaliyyət göstərdim. Şükürlər olsun ki, buna nail oldum. Bu keçmiş deputat və o dövrdəki kimya neft şirkəti prezidentinin dövründə baş vermədi. Ancaq “Azərkimya” dövlət şirkətində hakimiyyət dəyişən kimi onların da haqları bərpa olundu. Hətta işləmədikləri dövrün kompensasiyasının da alınmasına nail olduq.

– Hazırkı parlamentin və orda təmsil olunan deputatların fəaliyyətini necə qiymətləndirirsiniz?

Bəlkə də özümüz də parlamentdə olub bir çox məsələlərin həllinə nail ola bilməmişik deyə, bu gün orada fəaliyyət göstərən deputat dostlarımızın gördüyü işlərə qiymət vermək bir az çətindir. Onsuz da qanun layihələri prezident administrasiyasında hazırlanır. Az-az rast gəlinir ki, hansısa bir deputat şəxsi təşəbbüs ilə qanun layihəsi təqdim etsin. Bu Milli Məclis tarixində çox az hallarda olur. Olubsa da, 5 illik fəaliyyətimiz dövründə Müsavat qrupunun və digər millət vəkilləri Fazil Qəzənfəroğlu və ya İqbal Ağazadənin təqdimatı ilə olmayıb. Ancaq qanunlar ki, Administrasiyada hazırlanır və Milli Məclisə təqdim olunur, parlament çoxluğu YAP-da olduğu üçün həmin layihələrin geniş müzakirəsinə elə də ehtiyac qalmır. Elə qanun layihələri var ki, o tez qəbul olunsa, dövlətimiz  üçün daha yaxşı olar. Ona da indiki parlamentlə nail olunması elə də mümkün deyil. 

– Müsavata başqanlıq seçkiləri keçiriləcək. Ola bilər ki sizin də namizədiniz olsun və siz bu təşəbbüslə çıxış edəsiniz?

– Partiyasının hər bir üzvü başqan seçilməsinə qarşı çox həssasdır. Mən də Müsavat Partiyasının qurultayında başqanın kim olacağı barədə ciddi düşünürəm. Hələ partiya qurultayının keçiriləcəyi tarix bəlli deyil. Təbliğat-təşviqat kampaniyası başlamayıb. O dövr çatanda partiya başqanlığında kimi görmək istədiyimiz barədə fikrimizi bildirəcəyik. Ancaq bu gün bir neçə nəfərin başqanlığa layiq olduğu qənaətindəyəm. 

– Sizcə, İsa Qəmbərin partiyadan getməsi hansısa parçalanmaya səbəb ola bilər?

– Qətiyyətlə və əminliklə deyə bilərəm ki, İsa Qəmbərdən sonra Müsavat Partiyasında parçalanmalar olmayacaq. Ola bilsin ki, kənardan baxanda bu partiyanın parçalanması bəzi istəkdə olan “dostlarımız”ında ürəyincə olacaq. Ancaq bu partiyanın başqan seçkisində namizədlərin birinin udub digərinin uduzması normaldır. Mən özüm də fəaliyyət göstərdiyim müddətdə həm qalib, həm də məğlub olmuşam. Hətta məğlub olanda da daha fəal çalışmışam. İnanıram ki, Müsavat Partiyası öz bütövlüyünü qoruyub fəaliyyətinə davam edəcək.

– Deputat olduğunuz müddətdə sizə ev verilmişdi. Hazırda o evdə yaşayırsınız?

– O ev mənə verildiyi vaxtdan bu günə qədər hələ tikilib başa çatmayıb.

– Bir az da ailəniz haqqında danışaq.

– İki oğlum və bir qızım var. Pərvin, Nərmin və İsrail. Oğlum bu il universitetini bitirəcək. Qızım da 3-cü kursda oxuyur. Kiçik oğlum isə bu il qəbul olub. Hər 3 övladım İqtisad Universitetinin tələbəsidir. Övladlarımın təhsillərində çox razıyam.

– Asudə vaxtlarınızı necə keçirirsiniz?

– Partiya üzvləri, istər də bitərəf dostlarım çoxdur. Ancaq bitərəf dostların mənimlə olduğunu nəzərə alıb, daha çox onlarla vaxtımı keçirirəm.

– Hər gün Sumqayıtdan Bakıya gəlirsiniz. Maraqlıdır, İkram İsrafilov da tıxac halları ilə qarşılaşır?

–Sumqayıtı Abşeronla birləşdirən körpüdə insanların saatlarla qalmasını müşahidə etmişəm. 50-60 metrlik körpünün genişlənməsi ucbatından bəlkə də saatlarla tıxacda qalırlar. Mən bir yerdə rast gəlmədim ki, bununla bağlı məsələ qaldırılsın. Mən keçən həftə bu barədə İlham Əliyevə müraciət etmişəm. Sumqayıtdan Bakıya gələn minlərlə tələbənin gedib gəlməsinin xırda maliyyə ilə həll edilməsi vacibdir. Mən qurumlara müraciət etməyə çəkinmirəm. Çünki, bu şəxsi məsələ deyil.

– 2015-ci il parlament seçkilərində iştirak etmək fikriniz varmı?

– Allahın köməkliyi. Belə bir istəyimiz var. Müsavat Partiyasının üzvlərinin namizədliyi müzakirə olunduqdan sonra bizim də namizədimiz bəlli olacaq.

Pərvin ARZUQIZI

Ulduz İBRAHİMOVA

  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı