Modern.az

Politoloq: “Amerikalı həmsədrin bəyanatları diplomatik əqli çatışmazlığın göstəricisidir”

Politoloq: “Amerikalı həmsədrin bəyanatları diplomatik əqli çatışmazlığın göstəricisidir”

2 May 2014, 11:25


“ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlikin fəaliyyəti bütünlüklə ermənipərəstlik mövqeyi üzərində qurulub. O, açıq-aşkar Ermənistanı proseslərdən kənarlaşdırmaq və Azərbaycanla qondarma bir qurum olan Dağlıq Qarabağ rejiminin dialoqunu təşkil etmək istəyirdi”. Bunu Modern.az-a keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Azərbaycanın Ceyms Uorlikin həmsədrlikdən geri çağırılması ilə bağlı məsələ qaldıracağını şərh edərkən deyib.

Ekspert bildirib ki, hazırkı amerikalı həmsədrin bəyanatları Minslk Qrupunun tarixində görülməmiş bir hadisə idi. Onun fikrincə, Uorlik Dağlıq Qarabağ münaqişəsinin anatomiyasını yaxşı bilsə də, qərəzli mövqe sərgiləməkdən çəkinmir: “Uorlik diplomata yaraşmayan bir tərzdə gah “Twitter” səhifəsində, gah da müsahiblərində məntiqsiz mülahizələrlə çıxış edir. Onun bəyanatları diplomatik əqli çatışmazlığın göstəricisidir. O, Rusiyadan olan həmsədrin etmədiyi qədər proseslərə ziyan vurur”.

Politoloqun sözlərinə görə, Uorlikin Minsk Qrupunda olması qurumun işinə ciddi əngəllər yaradır və ABŞ-ı nüfuzdan salır: “Bu səbəbdən Azərbaycan haqlı olaraq həmin şəxsin geriyə çağırılmasını tələb edib. Uorlikin Minsk Qrupunda qalması destruktiv addımların yaranmasına zəmin yaradır”.  

Sabiq dövlət müşaviri Uorlikin geriyə çağırılması mexanizmindən də danışıb: “Belə bir mexanizm mövcuddur. Minsk Qrupunun həmsədrliyinə namizədlər irəli sürüləcəyi təqdirdə dövlətlərdən biri əsaslı şəkildə ATƏT-in sammitində etiraz edərsə, onda sözügedən beynəlxalq təşkilat bu barədə düşünüb qərar verə bilər. Ancaq amerikalı həmsədrin vəzifəsindən uzaqlaşdırılması müəyyən enerji tələb edəcək. Amma Azərbaycan buna mütləq nail olmalıdır”.

Qeyd edək ki, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov rəsmi Bakının Minsk Qrupunun həmsədrlərindən biri olan C. Uorlikin Dağlıq Qarabağ münaqişəsi ilə səsləndirdiyi qərəzli bəyanatlarını və diplomata məxsus olmayan davranışlarını əsas gətirərək onun geri çağırılması məsələsi qaldıra biləcəyini bildirib.

 

Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir