Modern.az

Atəşkəsin 20 ili...

Atəşkəsin 20 ili...

12 May 2014, 11:05



1994-cü il mayın 12-dən atəşkəs sazişinin qüvvəyə minməsi ilə Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar dayandırıldı. Tarixə “Bişkek protokolu” adı ilə daxil olan sazişin bu gün 20 ili tamamlanır. Rusiyanın aktiv vasitəçilik etdiyi danışıqlar ərəfəsində cəbhə xəttində ağır vəziyyət yaranmışdı. 1993-cü ilin sonlarından başlayaraq artilleriyadan aktiv istifadə edən tərəflər müharibənin son aylarında çoxsaylı itki ilə üzləşirdilər. Danışıqlar öncəsi Tərtər, Ağdərə, Ağdam və Füzuli rayonları istiqamətlərində qanlı döyüşlər gedirdi. Tərtərin rayon mərkəzini 1994-cü il aprelin 7-dən başlayaraq ələ keçirməyə cəhd edən ermənilər istər buradakı məhdud neft mədənlərinə, istərsə də rayon mərkəzindən 30 kilometrlik məsafədə yerləşən Kür çayı sahillərinə çıxmağa cəhd göstərirdilər. Lakin Azərbaycan Silahlı Qüvvələrinin ciddi müqaviməti ilə üzləşən ermənilərin hücum planı pozulmuşdu. Cəbhənin cənub istiqamətində isə düşmən qüvvələri Horadiz stansiyası və Horadiz qəsəbəsini ələ keçirmək üçün həmlələr edirdi.

Bir məqam qeyd olunmalıdır ki, Qarabağın dağlıq bölgələrindən fərqli olaraq aran Qarabağda erməni döyüş birləşmələri əsasən uğursuzluğa düçar olurdular. Bununla belə cəbhədə müxtəlif istiqamətlərdə hücumlar təşkil edən ermənilər Milli Ordunu müdafiə mövqeyi tutmağa sövq edirdilər. Ümumilikdə, hər iki tərəfin yorğunluğu hiss olunurdu. Müstəqilliklərinə müharibə ilə birlikdə qədəm qoyan hər iki dövlət sülhün zəruriliyini hiss edirdi. İqtisadiyyatın inkişafı və xarici investisiyaların cəlb olunması üçün etibarlı sülh rejimi tələb olunurdu. Rusiyanın aktiv vasitəçiliyi ilə 1994-cü il mayın 4-də Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası Assambleyasının, Qırğızıstan parlamentinin, Rusiya Federasiya Şurasının və Rusiya Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin aktiv hərbi əməliyyatların dayandırılması üçün danışıqlar başlanılır. Azərbaycan tərəfdən nümayəndə heyətində Ali Sovetin sədri Rəsul Quliyev və onun 1-ci müavini Afiyəddin Cəlilov iştirak edirdi. Danışıqlarda Ermənistan tərəfdən Ali Sovetinin sədri Babken Ararksyan və Dağlıq Qarabağ Məclisinin sədri Karen Baburyan iştirak edirdilər. Mayın 5-də Azərbaycan və Ermənistan arasında atəşkəs barədə “Bişkek protokolu” adlı sənəd imzalandı. Rusiya Federasiya Şurasının sədri Sergey Şumeyko və ATƏT-in rusiyalı həmsədri Vladimir Kazimirov və Qırğızıstan parlamentinin sədri Mədətxan Şermiqulovun vasitəçiliyi ilə imzalanan sənəd mayın 12-si saat 00:00-dan etibarən hərbi əməliyyatların dayandırılmasını tələb edirdi. Azərbaycanın müdafiə naziri Məmmədrəfi Məmmədov mayın 9-da, Ermənistanın müdafiə naziri Serj Sərksiyan mayın 10-da və Dağlıq Qarabağ qoşunlarının komandanı Samvel Babayan mayın 11-də sənədi imzaladılar. Beləliklə, münaqişə tərəfləri hərbi əməliyyatların dayandırılmasında maraqlı olduqlarını ifadə etdilər. Azərbaycanın torpaqlarının 20 faizinin de-fakto işğalını rəsmiləşdirən saziş eyni zamanda sülh planı hazırlamaq üçün beynəlxalq birliyə zaman verdi. 4 bəndlik sazişdə münaqişə bölgəsinə hərbi müşahidəçilərin də cəlb olunmasını müəyyən edir. Tərəflər sülhməramlı qüvvələrin yerləşdirilməsindən imtina edirlər. Beləliklə, artıq 20 ildir Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində heç bir daimi əsasda sülhməramlı kontingent yoxdur. Tərəflər atəşkəsi heç bir vasitəçi olmadan qoruyurlar. Məhz bu səbəbdən də atəşkəs rejiminin pozulması və insan itkiləri zamanı günahkar tərəfi müəyyən etmək qeyri-mümkün olur. Təmas xətti yalnız zaman-zaman ATƏT müşahidəçilərinin monitorinqi zamanı yoxlanılır. Bu gərginliyi aradan qaldırmağa imkan vermir.

Atəşkəsin imzalandığı ilk dövrlərdə təmas xəttində atışmalar tez-tez baş verirdi. Lakin zamanla bu gərginlik səngidi. Lakin 2008-ci il martın 4-də cəbhənin Tərtər rayonu istiqamətində atəşkəs rejiminin kobud şəkildə pozulması faktı qeydə alındı. Şiddətli atışma nəticəsində Azərbaycan Silahlı Qüvvələri 4 hərbi qulluqçusunu itirdi. Ermənistan ordusu isə 2 hərbiçisinin yaralanması barədə məlumat verdi. Bu insidentdən sonra hər ilin yaz-yay aylarında atəşkəsin müntəzəm pozulması halları baş verirdi. 2010-cu il iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı kəndi istiqamətində qoşunların təmas xəttində növbəti qanlı insident qeydə alındı. Milli Ordunun giziri Mübariz İbrahimovun tabeliyindəki silahla düşmən mövqeyinə hücumu nəticəsində 4 erməni əsgərini öldürdü, 4-ü isə yaraladı. Mübariz İbrahimov da döyüş zamanı həlak oldu. O, ermənilərin nəzarəti altında olan ərazidə qəhrəmancasına həlak olduğundan cənazəsi yalnız 5 ay sonra dini liderlərin müdaxiləsi ilə Azərbaycana geri qaytarıldı. Həmin ilin iyul-avqust aylarında və 2012-ci ilin iyununda da atəşkəsin pozulması çoxsaylı insan itkiləri ilə müşayiət olundu. Ümumilikdə, hər il atəşkəsin pozulması 20-dən artıq insanın həyatına son qoyur. İnsidentlərin qarşısını ala biləcək mexanizm isə hələ formalaşmayıb.    

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir