Modern.az

Neft ucuzlaşır

Neft ucuzlaşır

7 İyul 2010, 16:15

Dünya bazarında neftin qiyməti yenə ucuzlaşıb. Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neftin qiyməti 0,16 dollar düşərək 71,98 dollar təşkil edib. Londondakı “ICE” birjasında isə Brent markalı neftin qiyməti 0,02 dollar ucuzlaşaraq 71,45 dollar olub.
“Reuters” agentliyinin  məlumatına görə, neftin qiymətinin düşməsi dünya iqtisadiyyatının bərpa sürətinin azalması narahatlığı ilə bağlı olub. Bu arada xatırladaq ki, bir müddət əvvəl  Dünya Bankı qarşıdakı 3 il üçün neftin qiymət proqnozlarını açıqlamışdı. Həmin proqnozlara görə, 2013-cü ilədək “qara qızıl”ın qiymətində ciddi bahalaşma gözlənilmirdi. Bu il orta qiymətin 78 dollar 10 sent, gələn il isə 76 dollar 60 sent, 2012-ci ildə 73 dollar 90 sent təşkil edicəyi göstərilirdi. Onu da nəzərə çatdıraq ki, ilin birinci yarısının nəticələrinə əsasən, Azərbaycan nefti 78 dollardan baha satılıb. Belə ki, yanvarda orta hesabla 77 dollar 58 sentə satılan “Azeri light” markalı “qara qızıl”ın qiyməti apreldə 85 dolları keçsə də, sonrakı aylarda ucuzlaşma baş verib və iyunda qiymət 76 dollar 4 sent təşkil edib. İlin ilk 6 ayında isə orta qiymət 78 dollar 9 sent olub.  

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov iyun ayında neftin dünya bazar qiymətində tendensiyanın daha çox artımlar istiqamətində olduğunu deyir. Onun sözlərinə görə, bu həm  investorların, ölkələrin neftə tələbatının artması, həm də investisiyaların neftə yönəldilməsində öz əksini tapırdı. Amma iyunun sonu, iyul ayından başlayaraq neftin qiymətində azalmalar müşahidə edilməkdədir”.

Neftin qiymətindəki azalmaların ABŞ-ın 5 aylıq iqtisadi yekunları elan etməsi ilə bağlı olduğunu vurğulayan ekspert bildirir ki, nəticələr bu ölkədə iqtisadi ğöstəricilərin heç də ürəkaçan olmadığını göstərir: “İş yerlərinin sayının azalması və ABŞ üçün ənənəvi olmayan işsizliyin qeydə alınması investorların investisiyaların yatırılması üçün neftə olan inamlarının azalmasına gətirib çıxarıb. Eyni zamanda  bu investorlarda müəyyən narahatçılıq formalaşdırıb ki, böhranın davam etməsi Birləşmiş Ştatlarda böhrana yol açacaq”.

V.Bayramovun rəyinə görə, əgər Amerikada neftə olan tələbat və istehlak azalarsa, neftin dunya bazar qiymətində də azalmalar baş verər.Çünki  gündəlik neft istehlakının 30 faizindən artığı ABŞ-ın  payına düşür. Yəni  gündəlik satılan hər 100 barel neftin 30 bareli Birləşmiş Ştatlar tərəfindən alınır: “Amerika Birləşmiş Ştatlarda tələbatın və ya istehlakın dəyişməsi neftin dünya bazar qiymətinə təsirsiz ötüşmür. Neftin dünya bazar qiymətinin aşağı düşməsi eyni zamanda Avropa iqtisadiyyatında canlanmanın  müşahidə edilməməsi, Çin hökümətinin milli valyutanın möhkəmləndirilməsi ilə bağlı qəbul etdiyi   qərarla bağlıdır. Çin milli valyutasının  möhkəmləndirilməsi bu ölkənin ixrac qabiliyyətinin azalmasına gətirib çıxara bilər. Belə ki, milli valyutanın  möhkəmləndirilməsi neft və neft məhsulları tələb edən sahələrdə durğunluğun yaranmasına  yol açacaq ki, nəticədə  Çində gündəlik neft istehlakı azalacaq”.

Məlum olur ki, Çin bütövlükdə dünya üzrə istehlak olunan neftin 15 faizini istehlak edir. O baxımdan Çində neftə tələbatın dəyişməsi dünya bazar qiymətinə ciddi təsir göstərir.  
V.Bayramov qeyd edir ki, neftin dunya  bazar qiymətində ciddi azalmaların olmaması ilə yanaşı   yaxın vaxtlarda “qara qızıl”ın qiymətində artımlar da müşahidə edilməyəcək: “Hələlik ciddi azalmalardan söhbət getmir. Bu da onunla bağlıdır ki avronun uzun müddət zəifləməsi və son günlər möhkəmlənməsi, dolların məzənnəsinin aşağı düşməsi valyuta bazarında müəyyən çaşqınlıq yaradıb. Hansıki,  nəticədə investorların   valyuta  bazarına inamları azalıb.Birləşmiş Ştatlarda və Avropada son iqtisadi dəyişikliklərdən sonar  investorların neftə yönəltdikləri vəsaitin həcminın  azalmasına baxmayaraq reallıq odur ki, hələ də neft investorların güvəndiyi bir neçə əsas strateji məhsullardan biri olaraq qalmaqdadır”. 

Yaxın aylarda neftin qiymətinin 70 dollar intervalında olacağını deyən iqtisadçı-ekspert  avqust ayında neftin qiymətinin 60 dollara qədər azala biləcəyini istisna etmir. Neftin qiymətinin Azərbaycan iqtisadiyyatına təsirlərinə gəlincə, V.Bayramov  bu təsirlərin birmənalı olmadığını söyləyir: “Neftin  ucuzlaşması dövlət gəlirlərinin azalmasına gətirib çıxarır. Çünki ölkə gəlirlərinin əhəmiyyətli hissəsi, ümumi daxılı məhsulun 60 faizə yaxını, büdcənin 75 faizə qədəri neft sektorunun payına düşür. Məlumat üçün bildirim ki, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Bakı-Tiflis-Ceyhan kəməri ilə gündəlik olaraq 1 milyon barelədən neft ixrac edir. Göründüyü kimi, neftin ucuzlaşması Azərbaycanın gündəlik gəlirlərinə belə neqativ təsir göstərir. Ölkəyə daxil olan valyutanın azalmasına səbəb olur”.

“Qara qızıl”ın  dünya bazaar qiymətinin aşağı düşməsinin digət təsirlərinə toxunan İSİM rəhbəri  prosesin  ölkəyə idxal inflyasıyasıyasının qarşısını aldığını diqqətə çatdırır: “ Neftin ucuzlaşması dünya bazarında qiymətlərin azalmasına gətirib çıxara bilər. Bu da Azərbaycana idxal olunan  məhsulların qiymətlərinin azalması nəticələnəcək”. Bütün bunlara baxmayaraq ekspert neft bazarında baş verən dəyişikliklərin Azərbaycan iqtisadiyyatı üçün arzuolunan olmadığı fikrindədir.  


 Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir