Modern.az

Türkiyənin Azərbaycan əsilli məşhurları: “Qalatasaray” oyunçusu, aktrisa, şair...

Türkiyənin Azərbaycan əsilli məşhurları: “Qalatasaray” oyunçusu, aktrisa, şair...

Reportaj

26 Avqust 2014, 15:12

Türkiyənin bir sıra vilayətləri tarix boyu başıbəlalı ərazilər kimi xarakterizə olunub. Bu siyahının əvvəlində isə təbii ki, Qars, İqdır, Van vilayətləri gəlir.  Strateji zonada yerləşdiyindən orada həm azəri türkləri, həm Anadolu türkləri , o cümlədən başqa etniklər də yaşayıb. Bu gün həmin ərazilər hüquqi olaraq qardaş Türkiyəyə aiddir. Türkiyənin elmi, ədəbi-mədəni, ictimai , hətta idman həyatında belə həmin ərazilərdə doğulan Azərbaycan əsilli şəxslər var. Modern.az bu yazıda onların bir neçəsini təqdim edəcək:

Ataol Bəhrəmaoğlu -  türk dünyasının ünlü şairlərindən olan Bəhramoğlu 1942-ci ildə İstanbulda dünyaya gəlib. Əslən Azərbaycandan olan atası Hikmət Bəhramoğlunun şərəfinə şeirlərini bu imzayla yazıb. Amma onun ilk imzası atasının boya-başa çatdığı Gorus (Qərbi Azərbaycanın bu vilayəti hazırda erməni əsarəti altındadır) vilayətinin şərəfinə Ataol Gorus olub.

Cem Karaca -Türk rok musiqisinin banilərindən sayılan, musiqiçi, aktyor Cem Karaca da azəri əsillidir. Əslən Azərbaycandan olan atası ,aktyor Mehmet Karacanın oğludur. 1945-ci ildə İstanbulda dünyaya gələn  Cem Karaca 2004-cü ildə vəfat edib.

Heydər Hatəmi - əslən Güney Azərbaycandan olan rəssam hazırda Qətər sultan ailəsinin saray rəssamıdır. 1945-ci ildə Cənubi Azərbaycanda anadan olan rəssam Tehranda oxuyandan sonra Osmanlı miniatür sənətini öyrənmək üçün Türkiyəyə gəlir və həyatını ora ilə bağlayır.

Pınar Kür - 1943-cü ildə Bursada dünyaya gələn yazıçı Həvva Pınar Kür də əslən azərbaycanlıdır. Azərbaycandan olan atası Bəhram Kür Türkiyədə fransız dili və riyaziyyat dərslərini tədris edərkən Pınarın anası İsmət xanımla ailə həyatı qurur. Yazıçı Pınar Kür həmçinin Parisin Sarbonn Universitetinin məzunudur.

Səbahəttin Ərbuğa -  türk futbolunun məşhurlarından olan Səbahəttin Ərbuğa da əslən Qars  azərbaycanlısıdır. Veteran “Fənərbaxça”lı 1954-cü ildə Qarsda anadan olub. “Fənərbaxça”, Altay klublarında forma geyən Ərbuğa 1975-80-ci illərdə futbol üzrə Türkiyə milli komandasının şərəfini qoruyub.

Sərvət Çətin - türk futbolunun başqa məşhur siması, əsasən də “Qalatasaray” klubu və Türkiyə milli komandasındakı çıxışları ilə yadda qalan Sərvət Çətin də  əslən İqdır azərilərindəndir. O, 1981-ci ildə İqdırın Tuzluca adlı yerində dünyaya gəlib. Hazırda Mersin “İdmanyurdu” klubunun müdafiəçisidir.

Siyahıda təbii ki, sənətçilərin də adı yox deyil. “O , şimdi asker” mahnısı ilə parlayan və Osman Sınavın üzə çıxardığı müğənni Tuğba Əkinçi də Qars vilayətindəndir. O, 1976-cı ildə Qarsın azəri əsilli ailəsində dünyaya göz açıb.

Aktrisa, model Çağda Şikel Qars azərisinin ailəsində dünyaya gəlib. Anası Adanalı olduğundan o ərazilərdə o qədər də yaşamayıblar. 1979-cü ildə anadan olan sənətçi hazırda türk kino və serial biznesinin uğurlu simalarından sayılır.

Rok ifaçısı, fərqli ifa üslubuna malik Öztürk İlmaz da bu siyahıda xatırlanmalıdır. 1976-cı ildə Qarsda anadan olan Öztürk hazırda İstanbulda rok ifaçılığı ilə məşğul olur.

Rasim Başak – Türkiyə milli basketbol komandasının əsas üzvlərindən olan Başak 1980-ci ildə Bakıda anadan olub. Atası azərbaycanlı, anasının isə rus olmasına baxmayaraq türk vətəndaşlığını qəbul edən Rasim uzun müddət qardaş ölkənin əsas basketbol millisində çıxış edib.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?