Modern.az

“İsrail ABŞ-a minnətdar olmalıdır”

“İsrail ABŞ-a minnətdar olmalıdır”

4 Mart 2015, 12:28

 

İranın nüvə proqramına dair ABŞ-la İsrail arasında yaranmış fikir ayrılıqları dərinləşməkdədir. İsrailin baş naziri Benyamin Netanyahu təkid edir ki, ABŞ İrana nüvə məsələsində güzəştə getməməli və  rəsmi Tehrana qarşı sanksiyaları genişlətməlidir.   ABŞ Konqresində çıxış edən İsrailin hökumət başçısı İranın nüvə siyasəti ilə bağlı “altılıq” ölkələrinin (BMT Təhlükəsizlik Şurasının 5 üzvü + Almaniya) apardığı müzakirələr kontekstində Təl-Əvinin Vaşinqtonla münasibətlərinə toxunub. Benyamin Netanyahu qeyd edib ki, ABŞ-la İsrail İrana qarşı birgə mübarizə aparmalıdır.

ABŞ prezidenti Barak Obama isə bəyan edib ki, Benyamin Netanyahu İranın nüvə proqramı ilə bağlı heç bir alternativ təklif irəli sürməyib.

İranın nüvə strategiyası ətrafında ABŞ və İsrail arasında yaranmış gərginliyi  Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov şərh edib.  

Elman Nəsirov Modern.az saytına bildirib ki,  Barak Obama prezident seçildikdən sonra ABŞ-ın İranla bağlı siyasətində loyallığa üstünlük verməsi İsrailin  narazılığına səbəb olub.  

“Barak Obamanın fikri belə idi ki, ABŞ İrana əlini uzadır və qarşı tərəfdən də buna cavab gözləyir. İsrail üçün isə bu, məqbul sayılmırdı”.

Siyasi təhlilçi hesab edir ki, “Altılıq” ölkələri formatında  danışıqların intensivləşməsi, ABŞ dövlət katibi Con Kerri ilə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında təmasların artması İsrail tərəfində xeyli narahatlıq yaradıb. Politoloqun fikrincə, proseslərin belə məcrada getməsi ABŞ-İsrail münasibətlərində müəyyən gərginlik yarada bilər:  

“İsrail tərəfi düşünür ki, İran nüvə silahı əldə etmək iddialarından əl çəkməyəcək. Belə olan təqdirdə, ABŞ-la İsrail arasında gərginliklərin artması ehtimalı var. Buna baxmayaraq ABŞ və İsrail strateji müttəfiqdirlər. ABŞ Yaxın Şərqdə İsrail qədər heç bir dövlətə yardım ayırmır. İsrail bunun fərqindədir ki, 240 milyard dollara yaxın ümumi daxili məhsulunun formalaşmasında onun silah satışından əldə etdiyi qazanc çox böyük yer tutur. Bu baxımdan da İsrail ABŞ hərbi-sənaye kompleksinə minnətdar olmaldır. Çünki İsrail silah istehsalı ilə bağlı bir çox lisenziyanı ABŞ-dan alır”.  

Elman Nəsirov bununla belə bu qənaətdədir ki, iki ölkə arasındakı ziddiyyətlər, gərginlik qarşıdurma səviyyəsində müşahidə edilməyəcək.  

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər