Modern.az

“Avropa Parlamenti Azərbaycana qarşı alçaq hərəkətlərə əl atır”

“Avropa Parlamenti Azərbaycana qarşı alçaq hərəkətlərə əl atır”

13 May 2015, 15:40

Mayın 12-də Brüsseldə Avropa Parlamenti deputatlarının Azərbaycanı Avropa Oyunları başlayana qədər siyasi məhbusları azad etməyə çağırması Milli Məclisdə sərt tənqid edilib. Modern.az saytının verdiyi məlumata görə, Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan təbliğat kampaniyası ilə bağlı parlamentdə keçirilən dinləmələrdə çıxış edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov deyib ki, Avropa Parlamenti Azərbaycana qarşı alçaq hərəkətlərə əl atır. “Təəccübləndirici hallardan biri budur ki, Avropa Parlamentinin üzvləri bu qədər alçaq hərəkətlərə əl atırlar və bunu silsilə şəkildə edirlər.

Bu hər hansı mərkəzdən idarə olunan davamlı prosesdir. Son zamanlar vətən xaini Ələkrəm Hümbətov kimi alçaqları Avropa Parlamentindəki dinləmələrə dəvət edirlər. Cəbhədən qaçan bir alçağı ora dəvət etmək onların hansı niyyətdə olduqlarının göstəricisidir. Azərbaycan başqa ölkələrdən fərqli olaraq müstəqil siyasət aparır, Azərbaycanın kiminsə ağzına, əlinə baxmağa ehtiyacı yoxdur. Təzyiqlərə baxmayaraq, biz müstəqil siyasəti aparırıq. Avropa siyasətçilərinin Azərbaycanla əməkdaşlığını qurmaq, tənqid, tərif etmək üçün yetərli qədər platformalar var. Bizlə tərəfdaş kimi danışsınlar. Başqa cür qəbul edə bilmərik”.

Vitse-spiker onu da qeyd edib ki, Azərbaycan məhz balanslı xarici siyasət apardığından Avropa Birliyi ilə assosiasiya sazişi imzalamadı.

Avropa Parlamenti iyunda keçiriləcək sessiyasında Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı qətnamə qəbul etməyə hazırlaşır.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir