Modern.az

Günahsız günahkar və ya əsirlikdəki qadın

Günahsız günahkar və ya əsirlikdəki qadın

Ölkə

1 May 2011, 22:24

Namus, şərəf, ismət kimi dəyərlər hər bir Azərbaycan Qadını adına layiq görülən xanımın (xanımlıq adına ləkə sürənlər istisna olmaqla) damarında daşıdığı qanda mövcuddur. İstər həkimi olsun, istər müəllimi, istərsə evdar qadını, yaşından, düşüncəsindən asılı olmayaraq fərq etməz, bu dəyərlər onunçün hər şeydən öncə gəlir. İçərisində yaşadığımız vəziyyətdə bugün Azərbaycan qadınları bütünlüklə hansı problemlərlə üz-üzə gəlir, bunlar çoxluqla məlumdur. Bəs bu bütünlüyün bir hissəsi olan əsir qadınlar? Onlardan da yetəri qədər xəbərdarıqmı?

İstərdim, ilk öncə bəzi statistik göstəricilərə nəzər salaq. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə əsirlikdən azad edilmiş 1399 nəfərin 343 nəfəri gənc və ortayaşlı qadın, 65 nəfəri azyaşlı qız, 112 nəfəri isə yaşlı qadın olmuşdur. Hal-hazırda da əsirlikdə olan 4049 nəfərin içərisində 17  nəfər azyaşlı qız, 247 nəfər gənc və ortayaşlı qadın, 149 nəfər yaşlı qadın yer alır. Araşdırma zamanı aydın oldu ki, bu göstəricilərdən yəqin, çoxluq məlumatsızdır, çünki bəzi internet portallarında “əsirlikdə qadınlarımız yoxdur” kimi sərsəm fikirlər ortaya atılmış, bəzən də əsirlikdəki qadınların sayı olduğundan daha çox göstərilərək şişirdilmişdir. Bu isə nəticə etibarı ilə hiyləgər, hər kiçik fürsətdən istifadə edən ermənilərin işinə yarayır, "baxın, azərbaycanlılar bizə böhtan atır, hərə bir rəqəmlə olmayan əsir-girovlarını bizdən tələb edir" fikrini bəyan etməkdə onlara yardımcı olmağa davam edir.

“Qarabağ müharibəsi zamanı girovluqdan qayıdan qadınların normal həyata qayıtmasında ciddi problemlər var. Onların bəziləri hətta ailələri tərəfindən də qəbul edilməyib”. Bu fikirləri“Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova müsahibələrindən birində bildirmişdi.  Təşkilatın statistik göstəricilərinə əsasən girovluqdan qayıdan 15 qadın məruz qaldığı işgəncələr nəticəsində ruhi xəstə olub, 40 qadın isə qayıtdıqdan sonra girovluqdakı işgəncələrə dözməyərək vəfat edib. Hazırda isə sağ olan 300-ə yaxın qadının reabilitasiyasında da ciddi problemlər olduğu göstərilir. Bu göstəricilərin əsas səbəblərindən biri cəmiyyətimizdə əsirlikdən və ya girovluqdan qayıdan  qadınlara qarşı fərqli münasibətin olmasıdır. Xüsusən də bu sahədə təbliğat məsələsinin həm mətbuat, həm də QHT-lər tərəfindən gözardı edilməsi də bu qadınların problemlərinin davamlılığında rol oynayır.

Yuxarıda sadalananlar sadəcə rəqəmlər idi, yaşananlar isə tək kəlimə ilə qorxuncdur. Onları qələmə almaq istənilən yazar üçün çox çətindir. Burada görkəmli şairimiz Məmməd Arazın “ölə-ölə yazmıram, yaza-yaza ölürəm” sözlərini xatırlayıram. Əlimdəki erməni vəhşiliyinin göstərildiyi sənədlərə baxıram, ayırd edə bilmirəm hansı faktları bölüşüm sizlərlə. Ona görə də Aygün Həsənoğlunun MTN arxivləri əsasında hazırladığı "Erməni sindromu” kitabından bir parçada qarşıma çıxan ilk olayları yazıram:

 “20 yaşlı bir qızın dediklərindən: Bizi Pircamal kəndində tövlədə saxlayırdılar. Ata-anamın gözü qarşısında məni, 15 yaşlı ortancıl bacımı və 9 yaşlı kiçik bacımı dəfələrlə zorladılar, papiros çəkib bədənimizdə söndürdülər. Yaşlılar, cavanlar növbəyə durub biz bacıları zorlayırdılar, saçlarımızdan tutub sürüyürdülər.”

“Gənc ana: Damarıma iynə vurdular, özümdə deyildim, məni növbə ilə zorladılar, sonra itlə əlaqəyə girməyə məcbur etdilər” Əsirlikdə olan qadınların körpə uşaqlarını alır, gözlərimizin qarşısında göyə atıb avtomatın süngüsünə keçirirdilər.

“Şahid etirafı: Bir qızı soyundurub lüt halda rəqs etdirmiş, sonra zorlamışdılar. Ertəsi gün həmin qız yabanı qarnına soxaraq özünü öldürdü.”

“Şahid etirafı: Palatalardan birində 4-5 yaşında bir qızcığaz yatırdı, onun gözlərində müharibənin bütün dəhşətlərini, əzablarını gördüm. Onu zorlamışdılar...”

Ardını gətirmək çətindir yazar üçün. Bəlkə bu da səbəblərdən biridir ki, əsir qadınlarımızla bağlı tarixi,  bədii əsərlər yetəri qədər deyil. Bir yazar üçün bu qədər  çətindirsə, bir də bunları yaşayan insanları düşünün. Xüsusən də onlara qarşı fərqli münasibət göstəririksə.. Onların yerində bugün bizim analarımız, bacılarımız, həyat yoldaşlarımız da ola bilərdi. Bu gerçəklikləri biz millət olaraq yaşadıq, şərəfsiz erməni bizim torpağımızla bərabər namusumuzu da tapdaladı. Və tapdalamağa da davam edir. Bunlara baxmayaraq dözm, səbr kimi hisslərimizə hələ qüvvət verib yaşayırıq. Hələ üstəlik də biganəlik, layedlik göstərək???

 İndi nəticə etibarı ilə anlamalıyıq ki, o qadınlar bu savaşın qurbanlarıdır. Sadəcə bir anlıq düşünürəm, onların yerində mən olsa idim..Ölümü seçərdim, amma bilirsiz insanlıqdan çıxmış ermənilər əsirlikdə olan qadınlarımızı sanki dırnaqarası qoruyurmuşcasına canlarına belə qıymağa izn vermirdilər. Ona görə də bugün onları qınamaq haqqına heç birimiz sahib deyilik, bunu unutmayaq! Və bu səbəbdən istənilən halda onlara qarşı daha diqqətli davranmalı, onlara daha xoşgörü ilə yaxınlaşmalıyıq. Bununla bərabər KİV-i də bu məsələni daim təbliğat xarakterli işıqlandırmalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı