Modern.az

Xankəndini necə xatırlayırsınız..? (Üç nəslin cavabı)

Xankəndini necə xatırlayırsınız..? (Üç nəslin cavabı)

Ölkə

1 Sentyabr 2011, 11:35


İyirimi ildən artıqdır ki, Azərbaycanın ərazi bütövlüyü pozulub. Qarabag və ona bitişik yeddi rayon erməni işğalı altındadır.
Uzun vaxtdır. Bu müddət ərzində “şuşalıyam, ağdamlıyam” deyib Şuşa, Ağdam barədə təəssüratı yalnız valideynlərinin nağılabənzər söhbətlərindən əldə edən nəsil formalaşıb.
Baba, nənə doğulduqları Şuşada, Laçında, Kəlbəcərdə ölmək istəyir, 5-6 yaşlı nəvə isə “oralarda erməni var, ora getməyək” deyir.
Dəhşətli fərqdir...

Modern.az saytı işğal olunmuş bölgələrin üç nəslinin nümayəndələrindən (baba, nənə, övlad və ya nəvə) işğal olunmuş bölgəni necə xatırladıqlarını xəbər alır. Bu layihə çərçivəsində işğal olunmuş bütün rayonlar barədə eyni sorğuya cavab istəniləcək.
Qubadlı rayonundan olan məcburi köçkünlər bu barədə saytımıza danışıblar. İndi isə müsahiblərimiz xankəndlilərdir.

Öləndə baş daşıma Bakıda yaşadığım günləri yazmasınlar...

Əhliyyət İsmayılov 1947-ci ildə Xankəndində anadan olub. Deyir orada adi taksi sürücü işləyib. Taksi sürücüsü də ki, hamını tanıyır, hər şeydən xəbəri olur.
O, Xankəndindən 1988-ci ilin oktyabr ayından məcburi köçkün düşüb: “Bizi də zorla öz dədə-baba torpaqlarımızdan çıxardılar”.

Müsahibimiz Xankəndində doğulub.
“1988-ci ilə qədər ermənilər deyirdilər ki, sağ olun, bizə öz yerinizdə yaşamağa imkan verirsiniz. Şəxsən biz gözümüzü açıb bir küçədə, bir məhlədə yaşamışıq ermənilərlə. Mən heç bir ayrı-seckilik görməmişəm. Həftələrlə kəndə, rayona gedirdik, qapı, pəncərə bağlamırdıq. Dünyanın düz vaxtı idi, bizim bir qonşumuz var idi, onun iki oğlu və əri-hər üçü də sənətkar idi. Ermənilər Xankəndində baş qaldıranda cıxdım çölə, dedim “ay Sonya, niyə belə edirsən? Dedi “üç kişi oturub evdə, onları mən necə saxlayacam, süpürgəçi işləyirəm. Elə bilirsin biz ermənilər bunu istəyirik... Özümüzünkülər başımıza oyun açırlar””.

Əhliyyət İsmayılov deyir ki, 22 il əvvəl Xankəndindən çıxmağına baxmayaraq, gecə də gözlərini bağlasalar, o döngələrin hamısını tapar, hər şey gözünün qabağındadır:
“Biz oranı çox istəyirik, çox.... Mən böyük qızıma da demişəm, yenə də təkrar edirəm. Öləndə mənim başdaşıma Bakıda yaşadığım günləri yazmasınlar. Mən Xankəndində, öz doğma evimdə yaşadığım günləri xatırlayanda bu günləri yaşayış kimi hiss edə bilmərəm. Evimdən çıxandan mən nə yaşamışam ki... İki yerdə evim var idi, Ağdamda, Xankəndində. Burda isə “AZİ”nin yataqxanasının bir gözündə məskunlaşmışıq. Oğlum isə kirəyədə qalır. Bunun nəyinə mən yaşayış deyə bilərəm...”.

Həmsöhbətimiz deyir ki, ermənilər həmişə Xankəndinin Azərbaycan torpağı olduğunu bildirirdilər:
“Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti deyilirdi, erməni demirdi ki, bura mənim torpağımdır. Xankəndinin adını dəyişib Stapanakert qoymuşdular, amma Stepan Şaumyanın təşkilatçılığı, rəhbərliyi ilə Azərbaycanın əksər bölgəsində insanlarımız qanına qəltan edilib”.

Əhliyyət İsmayılovun sözlərinə görə, əslində “Stepanakert” sözünü daha çox gəlmə ermənilər işlədirmiş: “Xankəndində doğulan ermənilər necə Stepanakert sözü işlədə bilərdilər...

Ora gələn ermənilər isə Stapanakerd deyirdilər. Son zamanlar isə sanki ermənilərə Xankəndi adını işlətmək yasaq edilmişdi... Bilirsiniz, yaşlı nəsil tükündən dırnağınadək Xankəndinə bağlıdır. Evim Xankəndində qaldı. Gəldim Ağdamda ev tikdirdim o da orada qaldı. Bir köynəklə çıxıb gəlmişəm. Erməni kim idi ki, bu boyda Azərbaycan torpaqlarını tutsun. Bunun başında ruslar dururdu. Rusun əsgərləri etdi hamısını...Onlar bir-bir gəlib Azərbaycan məhlələrini gəzdi. Mənim evimin üstündə iki tonluq su çəni var idi. Gəldilər ki, gərək bu çən burda deşilə, biz onun içinə baxaq. Dedim, sin nə danışırsınız, qaynaq olunmuş çəndir, bunun içinə silah qoymaq olar, mən onu sonra neçə çıxara bilərəm..?”.

65 yaşlı Xankəndi sakini indi həmyaşıdları ilə də o qədər əlaqə saxlaya bilmir: “Tanıdıqlarımızla harada görüşürük, heç ayrılmaq istəmirik, eləcə söhbət edirik. Keçən günləri xatırlayırıq. Artıq bizim xeyir-şər məclislərimiz görüş yerinə çerilib. Eh, gör başımıza nələr gəldi. Qohum, qardaş hərə bir tərəfə səpələnib. Ona görə burada keçən günləri həyat hesab edə bilmirəm də...”.

“Mənim yoldaşım rəhmətə gedəndə nə yaşı var idi ki. Qadın da bir az kişiyə nisbətən dərd çəkən olur. Bir ev orda qoyduq, bir ev burda qoyduq. İçindəkilər içində qaldı. Bu dərd deyil? Düzdü, onu qazanan mən olmuşam, mən yaratmışam. İndidə dişimi qısıb, çörəyimi azaldıb bir şey edə bilərəm. Arvad ona dözmədi, 49 yaşında dünyasını dəyiçdı”-deyə müsahibimiz kövrəlir.

Evimizdəm ötrü, hər şeydən ötrü çox darıxıram... Orada hər şey var idi...”

Əhliyyət İsmayılovun qızı Rəna İsmayılova:

-  Xankəndində anadan olmuşam. 1988-ci ildə ordan çıxıb Ağdama getmişik. Məni düşündürən Xankəndidir, oralar heç ağlımdan çıxmır. Oranı yuxuda tez-tez görürəm. Mən atam qədər istəyirəm ki, ora gedim.
Tez-tez bu barədə söhbət edirik. Deyirəm uşaqlıqda böyürtkən yıxmağa, bulaqdan su gətirməyə gedirdik. Bunların hamısını yaxşı xatırlayıram.
Amma bizdən sonrakı nəsil necə xatırlayacaq Xankəndimizi... Biz deyirik, onlar eşidir, görməyiblər axı. Görsələr bir təsəvvürləri yaranar. Eşitmək başqa, görmək başqa…
Evimizdəm ötrü, hər şeydən ötrü çox darıxıram. Orada hər şey var idi. Orda “yox” yox idi.

“Atam, anam, babam danışdıqca, o yerləri görmək istəyim daha da artır”

“Valideynlərim uşaqlıqlarından elə danışırlar ki, deyirəm kaş mən də elə uşaq olaydım, elə yerdə yaşayaydım...”.

Nazim Əlixanov isə Əhliyyət dayının nəvəsi, Rəna xanımın oğludur.

Onun 13 yaşı var. Onun Xankəndi barədə dediklərini olduğu kimi təqdim edirik:

- Atam, anam, babam danışır həmişə. Deyirlər ki, qəşəng yerlər idi. Onlar danışanda mən də istəyirəm ki, gedim, görüm, görək danışdıqları qədər var?
Anlayıram ki, oranın başqa yerlərdən fərqi var. Fəqr ondadır ki, hər yerin öz gözəlliyi olur. Xankəndinə getmək daha yaxşı olar. Hər insana öz vətəni yaxşıdır.
Oranı görməmişəm, danışılanlardan sonar arzum gedib görməkdir. Ən çox babamın evi mənə maraqlıdır, görüm necədir.  Bir də valideynlərim uşaqlıqlarından elə danışırlar ki, deyirəm kaş mən də elə uşaq olaydım, elə yerdə yaşayaydım.

Sədaqət SÜLEYMANOVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı