Modern.az

Çoxuşaqlı qadınlara "Qəhrəman ana" adını qaytarmaq istəyirlər

Çoxuşaqlı qadınlara "Qəhrəman ana" adını qaytarmaq istəyirlər

Ölkə

4 Dekabr 2009, 12:56

Vaxtilə Azərbaycan keçmiş SSRİ məkanında çoxuşaqlı anaların sayına görə, digər ittifaq respublikaları ilə müqayisədə həmişə ön sıralarda olub. Ötən əsrin 70-ci, 80-ci illərində əksər kənd rayonlarında qadınlar 5-8, cənub bölgəsində isə 10, 12, hətta 15 uşağı olan analar üstünlük təşkil edirdi. Belə qadınlara «Qəhrəman ana» statusu verilirdi. Ötən əsrin 90-cı illərindən sonra həm belə adın verilməsi ləğv olundu, həm də qadınlar az uşaq doğmağa başladılar. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Qəhrəman Ana” adının yenidən bərpa olunması təşəbbüsü ilə çıxış edib.

«Qəhrəman ana»lar barmaqla sayılacaq qədər deyil

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, hazırda respublika 1 milyon 832 mindən çox ailə var. Əhali artımı yüksək olan Çin, Hindistan kimi ölkələrdən fərqli olaraq Azərbaycanda uşaq doğumuna məhdudiyyət qoyulmayıb. Sovetlər İttifaqı dövründə dövlət əhali artımına nail olmaq üçün çoxuşaqlı ailələrə əlavə güzəştlər verirdi. Məsələn, onlara avtomobil bağışlanır, növbədənkənar pulsuz mənzil və ya torpaq sahəsi verilir, «Qəhrəman ana»lar müxtəlif döş nişanları ilə təltif olunur, mükafatlandırılır, vaxtından öncə təqaüdə çıxarılırdılar. O vaxtlar nəinki kənd yerlərində, hətta şəhər yerlərində çoxuşaqlı ailələrə təsadüf olunurdu. Qeyd edək ki, Azərbaycanda ən böyük çoxuşaqlı ailə ötən əsrin 80-ci illərində Lənkəran, Lerik və Biləsuvarda qeyd alınıb. Bu rayonlardan olan üç «Qəhrəman ana»nın hər biri 17 uşaq dünyaya gətirib.

Dövlət Statistika Komitəsinin məlumatına görə isə son 20 ildə Azərbaycanda çoxuşaqlı analar qeydə alınmayıb. Ümumiyyətlə indi «çoxuşaqlı ailə» anlayışının özünün mənası dəyişib. Əgər 20 il öncə yalnız 8-12 uşağı olan qadınlar çoxuşaqlı analar kateqoriyasına daxil edilirdilərsə, indi 4-5 uşaq dünyaya gətirənlər bu statusun qeyri-rəsmi daşıyıcısıdır. Əgər ötən əsrin 80-ci illərində nəsilvermə qabiliyyətinə malik qadınlar 35, 40, bəzən hətta 50 yaşlarında da dünyaya uşaq gətirirdilərsə, indi 35 yaşı ötən qadınlar bundan imtina edirlər. Dövlət Statistika Komitəsinin statistik məlumatında əhalinin nəsilvermə əmsalının aşağı düşdüyü göstərilib. Hazırda nəsilvermə qabiliyyətinə malik qadınların hər birinə 2 uşaq düşür.

 

Çox uşağın çox problemi var

 

Vaxtilə «Kasıbın nəyi də olmasa, uşaqdan bol olar» deyimi Azərbaycan reallığı idi. Sovet dövründə əhali bir o qədər də varlı yaşamasa da, məişət qayğıları az olduğundan ailələrdə doğulan uşaqların sayı az deyildi. Demoqrafiya məsələləri üzrə ekspert Maqsud Məmmədov Azərbaycan ailələrində uşaqların sayının ildən-ilə azalmasını müxtəlif səbəblərlə izah edir. Onun fikrincə, bu, ilk növbədə sosial-iqtisadi çətinliklər, Qarabağ müharibəsi, qaçqın-köçkün problemi, müxtəlif xəstəliklərlə əlaqədardır. Burada çoxuşaqlı ailələrə verilən güzəştlərin ləğvini də qeyd etmək yerinə düşər. M.Məmmədov deyir ki, 1994-cü ildən sonra qurulan hər bir ailədə 1-2, nadir hallarda isə 3 uşaq böyüyür. Ekspert bunu onların insanların düçar olduğu ağır yaşayış tərzi ilə bağlayır. «İşsizlikdən, maddi gəlirin aşağı olmasından, mənzil problemindən əziyyət çəkən ailələr çox uşaq tərbiyə etməyi düşünmürlər. Amma çoxuşaqlı ailə olmaq istəməyən cütlüklər təkcə maddi sıxıntılar və digər problemlərdən əziyyət çəkənlər deyil, normal və yaxşı həyat sürən şəxlər də 1 və 2 uşaqdan artıq istəmirlər. Bu gün maddi təminatı çox yaxşı olan gənc ailələlər nadir hallarda 2 uşaq istəyirlər, Avropada olduğu kimi»-deyə ekspert bildirib. Araşdırmalar göstərir ki, bu gün qadınların 80 faizi çox uşaq dünyaya gətirməyi köhnəlmiş ailə adəti sayır. 

Milli Məclis çoxuşaqlılığa meyli artırmağa ehtiyac görmür

 

Qeyd edək ki, Milli Məclis bir müddət öncəyədək «Çoxuşaqlı ailələrin sosial müdafiəsi haqqında» qanun layihəsi üzərində işləyirdi. Həmin qanunda çoxuşaqlı ailələrin sosial təminatının yaxşılaşdırılması, onlara dövlət qayğısının, gənc ailələrdə çoxuşaqlılığa meyilliliyin artırılmasının təmin olunması və digər amillərin yer alacağı gözlənilirdi.

Lakin parlament artıq həmin qanunun hazırlanmasından imtina edib. Milli Məclisin Sosial siyasət komitəsində hesab edirlər ki, Azərbaycanda çoxuşaqlılığa meylin artılımasına artıq ehtiyac yoxdur. Bəzi ekspertlər isə qanunverici orqanının bu addımını müsbət qiymətləndirmirlər. Onların fikrincə, dövlət heç olmasa, 4, 5 uşaq tərbiyə edən ailələrin sosial təminatının yaxşılaşdırılması istiqamətində kənara çəkilməməli, onları sosial-iqtisadi problemlərlə təkbaşına qoymamalıdır.

 

Dövlət Komitəsi əksini düşünür Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə “Qəhrəman Ana” adının yenidən bərpa olunması təşəbbüsü ilə çıxış edib. Komitə sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda demoqrafik vəziyyət o qədər də kritik deyil, bununla belə, bəzi hallarda ailələrin 1-2 uşaq istəməsi narahatlıq doğurur.

H.Hüseynovanın fikrincə, 1-2 uşağa meylin səbəbi tək maddi çətinliklərlə əlaqədar deyil, qadınların işləmək, karyera qurmaq istəkləri də bu vəziyyətin yaranmasına yol açır: “Düşünürük ki, “Qəhrəman Ana” adının bərpa olunması uşaqların sayının artırılmasında stimul rolunu oynaya bilər”.

H. Hüseynova deyib ki, bununla bağlı komitə tərəfindən təkliflər hazırlanır. Təkliflər gələn il ərzində aidiyyəti qurumlarına təqdim olunacaq. Komitə sədri «Qəhrəman Ana» adının dünyaya 7 uşaq gətirən qadınlara verilməsinin nəzərdə tutulduğunu söyləyib.

Adəm Qorxmaz

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı