Modern.az

Qarabağ gülməcələri (XXII)

Qarabağ gülməcələri (XXII)

Ölkə

8 Oktyabr 2011, 09:45

Qarabağ bölgəsinə daxil olan rayonlar ayrı-ayrılıqda zarafatçıl, baməzə adamları ilə, gülməcələri, məzəli söhbətləri ilə məşhurdur. Ömrünün ahıl çağını yaşayan qarabağlı Səfiyar Həsənli real hadisələr əsasında yaranmış gülməcələri toplayaraq, kağıza köçürüb. Modern.az saytı Səfiyar müəllimin qələminin məhsulu olan məzəli söhbətləri silsilə şəklində oxuculara təqdim edir. Müəllif öncə Cəbrayıl rayonu ilə bağlı məzəli əhvalatlarını təqdim edir.

Diş ağrısı

Bizim uşaqlardan birinin başına gələn əhvalatı danışım, iraq olsun, sizlərin başına da belə bir iş gəlib eləsə, onun “üsul”undan istifadə eləyin.

Beləliklə, söhbəti Azər Həsənlinin dilindən danışaq...

Axşam Novruz bayramı keçirməyə hazırlaşırdıq. Birdən dişim ağrımağa başladı. Ora həkim, bura həkim, güman gələn tanış həkimlərə zəng elədim, hamısı üzr istəyib bayram süfrəsi arxasında olduqlarını dedilər.

Naəlac, təcili yardıma zəng elədim. Gəldilər, ağrıkəsici vurub getdilər. Terapevt dişimə baxdı, “çəkdirmə, heyifdi, sappasağlam dişdi” deyib mənə səbr arzuladı.

Həmişə olduğu kimi, həkim gedən kimi ağri artdı. Bayram da ki, maşallah, bir gün deyil, iki gün deyil – düz bir həftə! Nəysə. O bir həftəni necə dözdüm, nə qədər “baralgin” atdım, Novruz bayramını çıxardanın cəddi-əbəjdadına nə qədər söydüm, onu Tanrıdan başqa heç kim bilməz.

Axır ki, bayram bitdi...

Tezdən kəsdirdim yaxınlıqdakı diş klinikasının qapısını. Bəxtim “gətirdi”  - həkim yaraşıqlı bir xanım idi, olsa-olsa 25 yaşı olardı, amma qarnı burnuna dəyirdi - ən azı səkkiz aylıq hamilə idi.

- Müalicəyə başlayaq? – xanım şişib bədheybət günə düşmüş sifətimə baxıb mehribanlıqla dilləndi.

- Nə müalicə?! –zarıldadım, - çəkin! Rədd eləyin!!! - Bunu necə isterik tərzdə dedimsə, xanim tez kəlbətini qapdı.
– Siz özünüz çəkəcəksiniz? – xanımın burnuna dəyən qarnına baxıb ümidsizliklə dedim.

-Hə, mən çəkəcəm, qorxmayın, amma əvvəl rentgen eləməliyəm.

Xəcalət təri məni basdı. İlahi! Hamilə həkim qız dişimi çəkəcək! Ağlımdan axmaq bir fikir keçdi: Bəs birdən gücə düşdü, elə burdaca doğdu, onda necə olsun?

-Narahat olmayın, həyəcanlanmayın, çox diş çəkmişəm, - xanim qız elə bil fikrimi oxuyubmuş kimi məni sakitləşdirdi.

“Eybi yox, çətinə düşsə, mən özüm kəlbətinin qulpundan yapışıb ona kömək eləyərəm” düşündüm və xeyli sakitləşdim. Elə bil ağri da bir az səngidi.

Həkim qız rentgen şəkilini gətirdi.

-Ihııı, hmm, iii... – onun çıxardığı bu səslərdən vəziyyətin ürəkaçan olmadığını anladım, yazıq-yazıq ona baxdım.

- Ağrıyan dişiniz sağlamdı. Ağıl dişiniz bu dişinizi sıxır deyə ağrını burda hiss eləyirsiniz, - o, rentgen şəkilini mənə göstərib dedi.

-Yaxşı, onda ağıl dişimi çəkin! Tez eləyin, çatladım!

Həkim qız məndən bir az aralaşdı, kəlbətini də özü ilə götürdü:

-Təəssüf ki, ağıl dişinizin üstü yarılmalıdı, burda olmaz, cərrahiyyə əməliyyatı olmalıdı, - xanim qız günahkar kimi mənə baxdı.

Mən pişik kimi qıvrılıb diş kreslosunun başaltısdan yapışdıb zarıldadım.

-Mənim köməyim o olar ki, bir ağrikəsici iynə vurum.

-Vurun!!! İkisini birdən vurun!!! – yalvardım.

İynənin təsirini tez hiss elədim. Ağrı azaldı. Ağrısız həyat necə də gözəl olurmuş! Gürünür, ağrının azalması sifətimdəki iztirab cizgilərini yumaşaltmışdı. Bunu həkim qızın üzündəki təbəssümdən sezdim.

Dönüb divardakı güzgüyə baxım. İlahi, şişib əndazədən çıxmış sifətimlə Şrekə necə oxşayırdım!

- Təcili “Semaşko”ya gedin, Kamran həkimi soruşun, deyin Validə həkim göndərib, - həkim qız vizit kartını mənə uzadıb söhbəti yekunlaşdırdı.

Taksiyə oturub “Semaşko”ya getdim. Kamran həkim gəlib çıxınca, Validə xanımın iynəsinin təsiri öləzidi. Ağrılar yenidən başladı. Cərrahiyyə əməliyyatının xofu da bir yandan canıma vicvicə salmışdı.

Kamran həkim dişimin rentgen şəkilinə baxıb sevinclə əlini bir birinə surtdü. “Əla! Əla! Əsl mən istəyəndi!!!” - deyib gülümsəyə-gülümsəyə məni kresloya oturtdu. Yanıma yığdığı alətlər arasında laqunda və qaynaq aparatından başqa hər şey var idi.     

- Bircə dəqıqə gözləyin, gəlirəm, - Kamran həkim “Heyvagülü” oynayan rəqqas kimi əl-qolunu ata-ata otaqdan çıxdı.

Mən onun sevincinin səbəbini anlamırdım. Düzü, buna heç halım da yox idi.

On beş dəqiqədən sonra qapı açıldı. Otağa ona yaxın ağxalatlı tələbə girdi. Tələbələrin əksəriyyəti qız uşağı idi.

- Gəlin, uşaqlar, - Kamran həkim onları mənim önümdə düzdü.

- Xeyir ola, həkim?! – mən həkimə qanlı-qanlı baxıb zarıdım, - sirk göstəririk?

- Azər müəllim, - Kamran həkim rentgen şəkilini gözümün qabağına tutdu, - sizin ağıl dişiniz qeyri-adı formada inkişaf eləyir. Buynuzvari! Bizim üçün əsl tapıntıdı!

- Tez eləyin, xahiş eləyirəm, işə başlayın! – dedim, - bir az gecikdirsəniz, tələbələriniz skeletimin üzərində dərs keçməli olacaqlar!

- Bu də-qi-qə, bu də-qi-qə! – həkim sözləri “Sudan gələn sürməli qız” ritmi ilə zümzümə eləyib skalpeli əlinə aldı, - yaxın durun, uşaqlar, diqqətlə baxın! - onun kefinin köklüyü məni lap haldan çıxarırdı.

Həkim bəzi hazırlıq işlərindən sonra dişüstü əti yardı... Ağzim qanla doldu... Nəysə, bütün bunları danışıb yaxın iki-üç gün iştahınızı pozmaq istəmirəm. Həvəsi olanlar gecə saat on ikidən sonra “Lider”də vampirlər haqda filmlərə baxıb kayf tuta bilərlər.

Demə dəhşət hələ bundan belə başlayırmış! Kamran həkim uzun bir dəmiri (onlar buna deyəsən “doloto” deyirlər. Məncə isə, buna dəmir qapını sındırmaq üçün “lom” desək, daha düz olar!) ağzımda ora-bura hərləyib, gətirib ağıl dişin üstünə qoydu və çəkiclə dəmirin dalından zıppıldatmağa başladı. Zərbədən beynimin tağalağı titrədi. Ağrını təsvir eləmək çətindi. Elə təsəvvür eləyin ki, asfaltın üzərinə üzanmıısınız, başınızın üstündən qırsalan maşın keçir! Hər zərbə dəydikcə, tələbə qızlar dəhşətdən hədəqəsindən çıxmış gözlərimi görməmək üçün əlləri ilə üzlərini tuturdu.

“Yox, buna dözə bilməyəcəm!” düşündüm. Amma nə eləyə bilərdim?! Birdən yadıma Ayzek Əzimovun məzəli bir hekayəsi düşdü. “Oldu, ədəbiyyatı həyata tətbiq eləməyin vaxtıdı!” deyə düşünüb əlimi yavaş-yavaş Kamran həkimin paçasının arasına tərəf apardım və onun bircə saniyəlik fasilə verməsini gözlədim. Həkim çəkici döyəcləməyinə ara verib dişimə baxmaq istəyən anda əlimi atıb onun xayalarından yapışıb var gücümlə sıxdım.

-Aaaaa! – Kamran həkim əlindəki alətləri yerə tullayıb bağırdı, - burax! Xayamı qopartdın! Burax!!!

Tələbələr qiyyə çəkib otağın güncə qısıldılar.

Mənim onun xayalarını buraxmaq fikrim yox idi. Bir həftə çəkdiyim iztirabın qisasını kimdənsə almalı idim.

Kamran həkimin xayalarını buraxmadan sıxma qüvvəsini bir az azaltdım:

-Həkim, - dedim, - gəlin belə eləyək: elə işləyin ki, canım ağrımasın. Mənim canım ağrısa, sizinki də ağrıyacaq!

- A kişi, ayıbdı, tələbələrin yanında məni biabır eləmə, burax! – ağrıdan sifəti mənim sifətimin eyni olmuş Kamran həkim zarıdı.

- Ayıb qaldı Novruz bayramından əvvələ! Əlimi skalpellə kəssəniz də buraxmayacam!

- Yaxşı, onda yavaş sıxın, məni biixtiyar eləyərsiniz!

- Bu başqa məsələ! İşə başlayın!

Tələbələrdən biri yerə tökülmüş alətləri yuyub təmizləyib Kamran həkimə verdi. Əməliyyat davam elədi. Kənardan baxan elə bilərdi ki, kino lentini ən aşağı sürətlə fırladırsan...

Bu hadısədən sonra Kamran həkimlə bərk dostlaşdıq. Sağalıb ona baş çəkdim. Öz instrumentlərinin normal işləyib-işləməməsi ilə bağlı sualıma müsbət cavab alıb şükr elədim.
- İşləməyinə işləyir, -dedi, -amma bütün Tibb Universiteti məni görəndə “sabahın xeyir əvəzinə”, “xayaların necədi, Kamran həkim?” deyib soruşur.

***

Ağanı görmədin?

İndi danışacağım əhvalat demək olar ki, bütün rayonlarda kiminsə başına gəlib. Bu, normal bir haldı, çünki kənddən şəhərə birinci dəfə gələn adam şəhər ab-havasına öyrənincə xeyli vaxt gedir.

Bir dəfə Papılı Şahlıq arvad oğlu Ağa ilə Bakıya gəlir. Ana-bala Bakının Sabunçu vağzalında qatardan düşür. Ağa anasını çantaların yanında qoyub yükdaşıyan dalınca gedir. Gedəndə də Şahlıq arvada tapşırır ki, çantaların yanından aralaşmasın, beş-on dəqiqəyə qayıdır. Şahlıq arvad oğlunun dalınca bir az baxıb çantaların qulpunu əlinə ilişdirir, durub oğlunu gözləyir. 

Ağa arabaçı dalınca gedir, amma bütün yükdaşıyanlar məşğul olduğundan xeyli yubanır. Şahlıq arvad oğlunu çox gözləyir, Ağa gəlib çıxmır ki çıxmır. Birdən Şahlıq arvad yanından keçən bir oğlanın qolundan yapışır:

- A bala, sən allah, Ağanı görmədin?

- Ağa kimdi, xala? – oğlan təəccüblə soruşur.

- Ə bayaq səninlə vağzala gedən kişini deyirəm dayna, oğlum Ağanı.

- Ay xala, - oğlan qolunu dartıb Şahlıq arvadın əlindən çıxardır, - mən Ağa-zad tanımıram, mənimlə bayaq vağzala yüz nəfər getdi, nə bilim Ağa hansı idi.

Bu vaxt Ağa bir yükdaşıyanla gəlib çıxır.

- Bu Bakı camaatı yaman qaraqabaq adamlardı! – Şahlıq arvad oğluna şıkayətlənir, - odey o bayaq səninlə vağzala gedən qarnı yanmışdan səni soruşdum, nənəsi mələmiş boynuna almadı.

***

Heykəl

1948-ci il. Ətraf kəndlərin camaatını Soltanlıya pambıq yığımına cəlb eləyibmişlər. Adamlar vədələşib bir yerə toplaşır, at ya qatır arabası ilə Soltanlının pambıq sahələrinə gedirmişlər. Yığımdan yayınmaq Ellər Atası Stalinə xəyanət kimi qiymətləndirilirmiş.

Bir dəfə Tinli Bahar arvad arabaya gecikir. Ona görə də, Tinlidən Soltanlıya on səkkiz kilometrlik yolu piyada getməli olur. Gəlib Soltanlıya çathaçatda yol onu elə əldən salır ki, istiqaməti qarışdırır. Pambıq sahəsi əvəzinə ayri yolu tutub gedir. Bir xeyli gedəndən sonra yolu yanıldığını başa düşür. Ərtafda yolu soruşmağa bir ins-cinc gözə dəymir. Bahar arvad bir daşın üstündə oturub dincini alır, yenə yoluna davam eləyir. Bir də görür ki, yolun qırağındakı sal qayanın ustünə dırmaşıb ətrafa boylanan və yayın bu istisində ağappaq palto geymiş bir kişi durub.

- Ə, qağa, camaat pambıq yığmağa hankı tərəfə getdi, görmədin? – Bahar arvad kişidən soruşur.

Amma kişidən səs çıxmır. Bahar arvad başını qaldırıb hündürdə dayanıb durub dinməyən kişiyə baxır, görür ki, əlini qabağa uzadıb.

- Yəqin laldı e, canı yanmış, əli ilə göstərir.

Bahar arvad kişinin göstərdiyi istiqamətə gedir. Gəlib Soltanlı kənd qəbristanlığına çıxır.

- Buralarda neyləyirsən, ay arvad, -molla Saleh Bahar arvadın qabağını kəsir, - günün bu vaxtı səni qəbristanlıqda görsələr, dərinə saman təpərlər, tez qayıt get pambıq yığmağa!

- Ə, oxuduğun Qurana qurban, bəs elə mən də ora gedirəm dayna.

- Ora gedirsənsə, bəs bura niyə gəlmisən, ay arvad?

- Nə bilim, odey orda, yolun qırağında daşın üstündə bir it oğlu durmuşdu, ondan soruşdum, buranı o mənə göstərdi.

Molla Saleh tez Bahar arvada yaxınlaşıb onu qəbristanlıqdan çıxarır, pambıq sahəsinin istiqamətini göstərir, sonra da qulağına yavaşca pıçıldayır:

- Arvad, eşitdim, eşitməmiş olum, bir də o sözü heç yerdə demə, dilini dartıb belindən çıxardarlar! Sənin gördüyün o adam Stalinin heykəlidi!    

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı