Modern.az

Zori Balayan üzr istəmək üçün rayonumuza göndərilmişdi - Deportasiya XATİRƏLƏRİ

Zori Balayan üzr istəmək üçün rayonumuza göndərilmişdi - Deportasiya XATİRƏLƏRİ

Ölkə

12 Dekabr 2012, 12:35

Modern.az Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyası ilə bağlı silsilə yazıları davam etdirir. Bu dəfə Bakı Dövlət Universiteti Erməni araşdırmaları Elmi Tədqiqat Laboratoriyasının rəhbəri İsmayıl Tanrıverdi xatirələrini oxucularla bölüşür. O, Ermənistanın Amasiya rayonundakı Quzukənd kəndində gördüklərini və yaşadıqlarını nəql edir:

– İnstitutu bitirdikdən sonra məni ehtiyatda olan zabit kimi milis sisteminə qoymaq istədilər. Çünki Moskva komissiyasının tələbi ilə Amasiya rayon milis idarəsində iki nəfər sıravi azərbaycanlı var idi, ancaq zabit yox idi. Komissiya tələb etdi ki, gərək polis rəisinin müavini azərbaycanlı ola. Ona görə də axtardılar məni tapdılar. O zaman 28 yaşım vardı. İrəvana təsdiqə getdim, son dəqiqədə milli məsələ ilə bağlı bir sual verdilər. Mən isə cavabımda dedim ki, Tarix fakültəsini yeni bitirmişəm, “erməni soyqrımı” olmayıb. Dedilər ki, türklər erməniləri bəs niyə qırıb? Dedim ki, əksinə, türklər Birinci Dünya müharibəsində 4 dövlətlə vuruşduğu zaman ermənilər daxildən üsyan ediblər, istəyiblər ki, Anadoluda Ermənistan dövləti qursunlar. Qırğın olmayıb köçürmə olub. Ona görə də məni işə götürmədilər və adamın altında yazdılar millətçi. Sonra rayon partiya komitəsinə işə dəvət olundum.

Qarabağ hadisələri əslində 87-ci ilin noyabr ayında başladı. Mən İrəvanda bir aylıq kursda idim. Noyabrın 29-da İrəvanda sovet hakimiyyətinin qurulması münasibəti ilə keçirilən nümayişə don geyindirərək Qarabağ hadisələrini ortalığa atdılar. O zaman təəccübləndik ki, nə Qarabağ hadisəsi... Hətta partiya xətti ilə siyasi iclaslar olanda erməni professorlar ayağa durub deyirdi ki, aranızda türk olan varmı? Deyirdilər ki, sizlik burada heç bir şey yoxdur. Gedin siz şəhəri gəzin. Artıq bilirdim ki, onlar bizi iclaslardan çıxarmaqla bizimlə bağlı planlarından, millətçilikdən danışacaqlar. Yəni vəziyyət getdikcə gərginləşirdi. Hətta rayon rəhbərliyinə məruzə etdim ki, artıq İrəvanda Qarabağ hadisəsi müzakirə olunur, ermənilər ayağa qalxır, güldülər ki, nə danışırsınız, sovet hakimiyyətinin belə bir vaxtında kim Qarabağ hadisəsini qaldıra bilər?

Və çox keçmədi ki, Sumqayıt hadisələri baş verdi. O hadisələrdən sonra bizim rayonun camaatı daha şəhərə də çıxa bilmədi. Ərzaq və başqa şeylərin hamısı rayonun özündən gətirilirdi. Çünki kimi tutsaydılar döyürdülər, işgəncə verirdilər. Ona görə də rayon daxilində yaşamağa başladıq. Rayon partiya komitəsinin katibi İldırım Bağırov tapşırıq vermişdi ki, heç kim rayondan köçməməlidir. Amma Sumqayıt hadisələrindən sonra köç başladı. 1988-ci ildə isə İldırım Bağırova da tələ qurdular. Guya ki, onu bir erməni qızı ilə birgə tutublar. Kəndlərə şayiə yayıldı ki, ermənilər onu öldürüblər. Çünki onu döyəndən sonra ermənilər əlləri qanlı çıxıb demişdilər ki, Atatürkü öldürdük, Atatürkün qanıdır. Hətta 3 minə yaxın erməni onun evini mühasirəyə almışdı, Leninakandan belə ermənilər gəlmişdilər” .

İ. Tanrıverdi deyir ki, ermənilərin məqsədləri o imiş ki, İldırım Bağırovu öldürəndən sonra rayonun əhalisini qırsınlar. Bu zaman Amasiyanın 9 kəndinin camaatı Türkiyə ilə sərhəddə qaçıb. - Türkiyə ilə sərhəddə İbiş kəndi yerləşirdi. Məsələdən xəbər tutan sovet-rus generalı Tiflis hərbi zonasından vertolyotla gələrək, rəhbər işçiləri və o cümlədən məni çağırıb bildirdi ki, əgər camaat sərhədi keçərsə, əmrə uyğun olaraq güllələməlidirlər. Ona görə də biz camaatı xəbərdar etdik ki, bax, sərhədi keçsəniz, gülləbaran olacaq. Buna görə də əhali şərt qoydu ki, biz bilməliyik ki,  İldırım Bağırov sağdırsa, qayıdaq. Öyrənmək məqsədi ilə bir nəfər podpolkovnik, 3 nəfər nəfər silahlı əsgər onların əhatəsində və onların maşınında məni rayona göndərdilər. Onun sağ qaldığı məlum oldu və mənə dedi ki, get camaatı geri çək. Çünki Bağırovu vurdularsa, bir yol qalır – hücuma keçib camaatı qırmaq. Onunla da camaatı qaytardıq yerinə. Eyni zamanda Bağırov da şiddətli töhmətlə vəzifəsindən azad olundu. Aradan bir az keçdi, məni rayon partiya komitəsində siyasi şöbənin müdiri təyin etdilər. Bir sözlə İldırım Bağırovdan sonra köç başladı.

Amasiya rayonunun Quzukənd kəndinin hal-hazırki vəziyyəti

İnsanları Leninakanda yolda tutub maşınlarını yandırdılar, deyirdilər ki, əli yalın çıxmalısınız , ya da ki, girov saxlayırdılar ki, Sumqayıtın heyfini bizdən çıxsınlar. Bizim rayon da elə bir yerdə idi ki, 3 tərəfdən ermənilərlə əhatə olunmuşdur , yalnız arxa tərəfdən Türkiyə ilə həmsərhəd idi. Məqsəd o idi ki, Bakıda, orada-burda qırğın başlayarsa, bizi də burada öldürsünlər. Elə oldu ki, 1988-ci il dekabrın 6-sı günü iki nəfər azərbaycanlı rusların “Kamaz” maşını ilə yüklərini daşıyan zaman Qabz deyilən bir kənddə ermənilər onların qabağını kəsib yüklərini əllərindən aldılar. Hətta yükün içindən çıxan Quranı yandırmışdılar. Bundan sonra ara lap qızışdı. Bizim kənddə ermənilər azlıq təşkil etdiyinə görə, qaçıb Leninakanda yatırdılar ki, birdən onları qırarıq. Elə bilirdilər ki, silahımız var. Yoxsa bizi çoxdan qırmışdılar. Elə oldu ki, dekabr ayının 7-də zəlzələ baş verdi. Ondan sonra sakitlik oldu. Ermənilər yasa batdılar. Bizimkilər qaçmağa fürsət tapdılar.

Həmin ərəfədə Zori Balayanı bizim rayona təhkimçi vermişdilər. Moskva onu məcburən göndərmişdi ki, get azərbaycanlılardan üzr istə. Çünki Amasiya rayonunun əhalisi çıxsaydı,  Ermənistan iqtisadiyyatı tənəzzülə uğrayacaqdı. Amasiya rayonun əhalisi Ermənistanın kənd təsərrüfatı məhsullarının 11%-ni verirdi. Ümumilikdə isə 200 minlik azərbaycanlı kənd təsərrüfatı məhsullarının 60%-ini yetişdirirdi. Biz də sevinirdik ki, yəqin Qorbaçov tərəfimizdədir. Hətta onu da deyim ki, türk görməyə gözü olmayan Zori Balayan Güllübulaq və Oxçuoğlu  kəndlərinin  zəhmətkeşləri ilə görüşərkən narazılığa səbəb olub, caamat onu daşlamışdılar.Zori Balayan qorxusundan bir daha Amasiyaya gəlmədi.

1989-cu ilin fevral ayında yenidən mərkəzi komitənin tapşırığı ilə rayonda işləyən bütün rəhbər işçiləri Azərbaycana göndərdilər. Ona görə ki, Qorbaçovun əmri ilə köçmüş azərbaycanlıların hamısını geri qaytarmalı idik. Mən Sumqayıta gəldim. Bizə sənəd verilmişdir ki, yolda heç kim toxunmasın. Sumqayıt şəhər MK-nın birinci katibinin qəbulunda oldum. Bir saat ərzində bizim rayondan ora köçən camaatı topladı. Camaatın hamısı etiraz edib dedilər ki, qaç, canını qurtar. Zəlzələdən sonra mən özüm 9 ay Amasiyada oldum. 

Amasiyanın aynası, Arpa gölü 

Hətta oradan çıxmış azərbaycanlılar zəlzələdən sonra geri qayıdıb pullarını alıb yenidən gecə ilə  Azərbaycana qaçırdılar. Onlar bunu tanış ermənilər vasitəsi ilə Gürcüstan sərhədindən keçməklə edirdilər. Rayonda it ilə pişikdən başqa heç kəs görünmürdü. Zəlzələnin fəsadlarının aradan qaldırılması Ukrayna Respublikasına tapşırılmışdır.  O zaman iqamətgahı Spitak rayonunda yerləşən Ukraynanın indiki prezidenti Viktor Yanukoviç zəlzənin fəsadlarının aradan qaldırılması üçün briqadanın rəhbəri  təyin olunmuşdur.  Moskvadan gələn komissiya belə hesabladı ki, guya Azərbaycanlılar yaşayan evlərə zəlzələ ziyan vurmayıb. Zəlzələ xətti oradan keçməyib. Əsaslı faktlar ortaya qoyulduqda, dəymiş ziyana görə  azərbaycanlıların konpensasiyalarını qaytardılar. 

Zəlzələ olandan 8 gün sonra Qorbaçov Leninakana gəldi. Rayon rəhbərliyi kimi bizi də çağırdılar. O soruşanda ki, neçə nəfər erməni ölüb. Yalandan dedilər ki, 75 min erməni ölüb. Sonra məlum oldu ki, 24 min imiş.

O zaman yaşlı bir erməni Qorbaçova yaxınlaşıb dedi ki, “Tovariş Qorbaçov, Karabax koqda budet naş? (“Yoldaş Qorbaçov, Qarabağ nə vaxt bizim olacaq?”. Qarbaçov isə hirslənərək belə cavab verdi: "Camaat burada tələf olub, siz hələdə Qarabağ-Qarabağ...

Qeyd: 11 dekabr 1988–ci il - Ermənistandakı zəlzələdən (7 dekabr) sonra bu ölkəyə ilk yardım edənlərdən biri Azərbaycan olub. Lakin erməni tərəfi xislətinə sadiq qalaraq Azərbaycan təyyarəsini qəbul etməyib. Leninakan (Gümrü) hava limanında dispetçerlər tərəfindən yanlış istiqamətləndirilən "İl-76" təyyarəsi dağa dəyərək partlayıb, 63 nəfər xilasedici (ehtiyatda olan hərbçi) və 9 ekipaj üzvü həlak olub. Bir nəfər xilas olsa da, ömürlük şikəst qalıb.

Azərbaycandan Ermənistana qatarla humanitar yardım və 150 nəfər inşaatçı göndərilib.

Bu da üzücü və kədərli deportasiyanın xatirələrindən bir səhifə...

Şahanə Rəhimli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı