Modern.az

Bizə yaraşan, yoxsa yaraşdırılan adlar?

Bizə yaraşan, yoxsa yaraşdırılan adlar?

Ölkə

22 Yanvar 2013, 10:08

Çox da uzaq olmayan keçmişimizdə bizə ŞAİR XALQ deyirdilər, şadlanırdıq. Daha qədimlərimizi yada salanda isə DÖYÜŞKƏN XALQ olduğumuzla qürrələnirdik. QONAQPƏRVƏR XALQ olduğumuzla da az öyünməmişik. Son illərdə DÖZÜMLÜ XALQ olduq. Nə şadlandıq, nə də qürrələndik. Susduq. Çünki baxdıq özümüzə, gördük, deyildiyi kimi varıq. Xalq olaraq, nələrə dözmədik ki? Hər kəsin bildiyi itkilərimizi bir-bir saymayım. Ürəyim üzülür... Başqa mətləblərdən danışım...

Bəzi adları özümüz-özümüzə yaraşdırdıq, bəzilərini isə bizə yaraşdırdılar. Ən qəribəsi budur ki, bizə hansı adı biçirlərsə, ölçümüzə taraz gəlir. Ona görə yox ki, biz özümüzü hər ada uyğunlaşdıran xalqıq. Allah eləməsin. Sadəcə, ad verənlər görünür həmin zamanda hansı ada uyğun gəldiyimizi bizdən daha yaxşı biliblər. Arada özümüz-özümüzə “UNUTQAN XALQIQ”, da deyirik. Bu da təzə söhbət deyil...

Əziz və doğma xalqımıza bu ad da çox uyğun gəlir: “Biz nəsihət verməyi sevən xalqıq”. Nəsihət almağı yox ha... Tövsiyə dinləməyi, nəsihət eşitməyi, ibrət götürməyi özümüzə yaraşdırmarıq. Hər kəsdən ağıllı olduğumuzu göstərmək xoşumuza gəlir.

“Nəsihət verməyi sevən xalq” olmağımızın bir fərqli cəhəti var ki, bu adı daşımağımızın zamanla-filanla əlaqəsi yoxdur. Bineyi-qədimdən indiyədək beləyik. Zamanəmizdə xalqımıza ağıl verənlərimiz çoxalıb və daha iddialı olublar. İradım, etirazım yoxdur. Sadəcə bir məsələ var: nəsihət verənin də gərək haqqı çata, buna layiq ola. Bəzən mizan-tərəzi pozulur... Elələri xalqa ibrət dərsi keçməyə, yol göstərməyə, öyüd verməyə qalxır ki, adamın əli üzündə qalır.

Bizim bəlalarımızın əsas səbəbləri də mənə elə gəlir ki, bir xalq olaraq yuxarıda sadaladığımız adlara rahatlıqla bürünə bilməyimizdir. Başımız zaman-zaman nə vaxtsa döyüşkən xalq olmağımızdan duyğulanaraq şeirlər qoşmağa, ya da səbir göstərib susmağa, danışanda isə bir-birimizə nəsihət verməyə o qədər qarışıb ki, ən əsas olanı – tariximizdən ibrət almağı unutmuşuq. Unuda-unuda özümüzə dərin quyu qazmışıq. Düşmənlərimiz də fürsət tapan kimi bizi asanlıqla o quyuya yuvarladıblar. İllərdir düşdüyümüz o quyudan boylana-boylana çırpınırıq. Deyirik, biri əl uzada, bizə yardım eləyə... Amma kimin nəyinə lazımdır axı bizim haqqımız tapdandı, ya tapdanmadı, torpaqlarımız alındı, ya da geri qaytarıldı...

Xalqa söz deməyə, nəsihət verməyə haqqı çatanlardan biri – Əhməd bəy Ağaoğlu “İrşad” qəzetinin 1906-cı il 25 sentyabr tarixli 225-ci sayında on yeddi gün Ağdamda qaldığından, böyük çətinliklərlə ermənilərin üzümüzə bağladığı yollardan keçib Şuşa şəhərinə gedərkən Qarabağda ermənilərin yandırıb külə döndərdikləri, xarabalığa çevirdikləri obalarda gördüklərindən yazırdı. Təəssüratları belə idi: “Yol ilə yaylaqdan enən müsəlman əyaləti gediyordular. ...Köçərilərin ən şiddətli şikayətləri Ağa körpüsü deyilən mövqedən idi. Bir el bu körpüdən keçməyib ki, ona əziyyət olunmasın. Cümlə şikayətçilər diyordular ki, oradan keçdikdə körpünün yovuqluğunda olan dokor Atabəyyanın evindən müsəlləh dəstələr çıxıb onlara tüfəng zoru ilə əziyyət edib mallarını qarət ediyorlar. Doktor Atabəyyanın evi böyük bir imarətdir. Bu imarət bir dəgirmanilə bərabər məzkur körpünün üst tərəfindən bir təpənin üstündə bina olunub. Təəccüb şurasıdır ki, həman yeri Pənah xanın nəvadəsi mərhumə Xurşudbanu bəyim bu doktora məccanən olaraq bağışlamış və şimdi həman müsəlman tərəfindən bağışlanmış mövqe müsəlmanlar üçün bir bəla və müsibət yuvası olub! Budur tarixin birəhimanə nəticələri və budur keçmişdə olan xətalarımızın bizə səmərələri!!”.

Günümüzə baxın, siz Allah, öz əlimizlə dağın təpəsində alınmaz qala kimi qəsr qurub sonra da onu məccanən, yəni pulsuz-parasız, havayı bir erməniyə hədiyyə eləyirik. O erməni də, qəsri özününkülərə strateji obyekt kimi istifadə etməyə verir. Öz qalamızdan, həm də bəxşiş verdiyimiz qalamızdan yağılar yolumuzu kəsir, bizi torpaqlarımıza həsrət qoyur, məhv edir. Sonra da Əhməd bəy Ağaoğlu kimi özümüzə sual verməli oluruq: “Nərədən bu sam yelləri əsdi?! Nədən bu zillətlər, bu bəlalar, bu müsibətlər cümlə islamı, müsəlmanları almışlar?!

...Məgər dünyada bir əməl, bir iş, bir səhv, bir xəta, bir kəsalət, bir bətalət əsərsiz keçir!! Xeyr, xeyr! Hər əməlin, hər işin, hər səhvin, hər xətanın gərək əsərləri zühur etsin. Və əgər bu əsərlər fövri zühur etmiyorlarsa, əgər keçmiş əsrlərin xəta və səhvlərinin nəticələri həman əsrlərin başına dəymiyor isə gələcək övladlar labüd və naçar onların acı səmərlərin görəcəklər! ...Lakin bunu düşünüb də keçmiş xətaları, təqsirləri, günaları rəf etməkdəyikmi?! Heyhat! Heyhat!”. Bu məqalənin yazılmasından 107 il sonrakı halımıza baxıb bizim də: “Heyhat!” deməkdən başqa çarəmiz qalmır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı