Bu yazı qələm dostum Asəf Quliyevə cavab sayıla bilməz. Çünki Asəfin cavabını Qənirə Paşayeva özü verib. Bir də ki, həm Qənirə xanım, həm də Asəf bəy mənə doğma adamlar olduqları üçün onlardın birinin tərəfini tutmağı özümə yaraşdırmıram. Mən, fərdləri deyil, problemi müzakirə etmək istəyirəm.
Hər şey ondan başladı ki, Asəf Quliyev ötən həftənin cümə günü bir məqalə yazıb, Milli Məclisin deputatı Qənirə Paşayevanı şəhid ailələrinin telefon zənglərinə cavab verməməkdə suçladı. O, fikrini əsaslandırmaq üçün konkret fakta istinad etməyi də unutmadı: “Şəhid Pərvin Abdullayevin İmişli rayonunun Xəlfəli kəndində yaşayan anası mənə dedi ki, Qənirə Paşayeva telefon nömrəsini verdi, dedi, nə sözün olsa, zəng elə. Bir dəfə zəng elədim, telefona cavab vermədi. Daha zəng vurmadım...”
Bizim hər birimiz kimi Qənirə Paşayeva da hansısa telefon zənginə cavab verməyə bilər. Çünki o, iş gününün yarısından çoxunu tədbirlərdə keçirir. Üstəlik, tez-tez xarici ölkələrdə səfərlərdə olur. O da mümkündür ki, siz bu sətirləri oxuduğunuz vaxt Qənirə xanım hansısa xarici ölkənin səmasında olsun. Təyyarədə olanda isə heç bir sərnişinin telefonuna zəng çatmır. Fərq etməz, istər deputat olsun, istər rəssam...
Asəf Quliyevin yazısından çıxardığım ilk nəticə bu oldu: Qənirə Paşayeva onun seçki dairəsinə daxil olmayan İmişli rayonunun Xəlfəli kəndində keçirilən yas mərasimində iştirak edib. Asəf Quliyevin yerinə olsaydım, həmin anadan soruşardım: İmişlinin deputatı Sizin oğlunuzun yas mərasimində iştirak edibmi?
Ortaya başqa suallar da çıxır: niyə insanlar problemlərinin həlli üçün öz deputatlarına deyil, Qənirə Paşayevaya müraciət edirlər? Axı, Qənirə Paşayeva nazir deyil. O, heç icra başçısı da işləmir. Görünür, insanlar Qənirə xanımın heç kimi naümid qoymadığını bildikləri üçün ona müraciət etrməyə üstünlük verirlər. Aydın məsələdir ki, insan bir başqasına dərdini demək üçün ona ürək qızdırmalıdır. Amma gəlin razılaşaq ki, Qənirə Paşayeva gecə-gündüz çalışsa belə, yenə hamının problemini həll edə bilməz. Mətbuat olaraq bizim vəzifəmiz insanları doğru ünvana yönləndirməkdir. Birdəfəlik hamı başa düşməlidir ki, yol çəkmək, məktəb tikmək, quyu qazmaq deputatın vəzifəsi deyil.
Üç il əvvəl tanış deputatlardan biri çay süfrəsi arxasında cibindən bir dəstə resept çıxarmışdı. Halbuki xəstə seçicisinə iynə-dərman almaq da deputatın vəzifəsinə daxil deyil. Əhalinin sosial problemlərinin həlli ilə dövlətin müvafiq strukturları məşğul olmalıdır. Həmin strukturları isə insanlar özləri hərəkətə gətirməlidirlər. Yuxarıdakı sətirləri yazmaqda əsas məqsədim də oxuculara elə bu mesajı vermək idi.
Sonda bir məqama da toxunmaq istəyirəm. Dostum Asəf Quliyevin yazısı mənə 4 il əvvəl Tovuzun Ağdam kəndində Milli Qəhrəman Naiq Yusifovun anası Xədicə Yusifova ilə görüşümüzü xatırlatdı. Xədicə anadan tovuzluları Milli Məclisdə təmsil edən deputat Qənirə Paşayevanı tanıyıb-tanımadığını soruşanda, belə cavab vermişdi: “O, hər dəfə Tovuza gələndə birinci bizə baş çəkir. İlk dəfə gələndə həyətdə sac asmışdım. Nə qədər elədimsə, süfrə açmağa imkan vermədi. Sacın üstündən götürdüyü lavaşın arasına pendir qoyub, yeməyə başladı. Qənirə xanım əsl el qızıdır, nə dərdimiz olsa ona deyirik. Sağ olsun, heç vaxt bizi ayağına aparmır, həmişə özü şəhid analarının ayağına gəlir...”.
Bəlkə də Asəfin yazısı olmasaydı, mən bu söhbəti xatırlamayacaqdım...