Modern.az

Bakının məşhur qonaqları: İran şahının xanımı Fərəh Pəhləvi Bakıda “Arşın mal alan”ı axtarırmış 

Bakının məşhur qonaqları: İran şahının xanımı Fərəh Pəhləvi Bakıda “Arşın mal alan”ı axtarırmış 

Ölkə

20 May 2013, 10:13

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açırlar. Ötən illər ərzində Bakıda çoxlu məşhurlar qonaq olub. Modern.az saytı Bakıda olmuş məşhur qonaqlar barədə layihəni davam etdirir.

“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olan dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açır, o səfərlərin şahidi olan şəxslərin təəssüratlarını təqim edirik. Bakıya kimlər gəlməyib?


Modern.az
bu dəfə İran şahı Məhəmmədrza Pəhləvinin həyat yoldaşı, şahbanu titulunu alan yeganə xanım Fərəh Pəhləvinin Bakı səfərindən bəhs edir. Əslən azərbaycanlı olan Fərəh Pəhləvi 1938-ci ildə oktyabrın 14-də Tehran şəhərində anadan olub. Hazırda Vaşinqtonda yaşayır...


Bakıya şəxsi səfər


“İkinci Dünya Müharibəsinin axırında Azərbaycan böhranı baş verdi. Kiçik olmağıma baxmayaraq, hadisələrdən çox təsirlənməyimin səbəbi atamın da azərbaycanlı olmasıydı”.


70-ci illər Sovet hakimiyyəti, sərhədlərin qapalı olduğu bir zamanda xaricə getmək, xüsusilə İrana getmək heç də asan deyildi. Məhz belə bir zamanda İran nümayəndəsinin, özü də Azərbaycan əsilli şah xanımının Sovetlərə səfəri maraqla qarşılanmışdı. Soyuq qış ayları, qar altındakı Rusiyanı kəşf etmək həvəsi şahbanunu yenidən Moskvaya gətirir. 60-ci illərdə həyat yoldaşı ilə etdiyi rəsmi səfərdən fərqli olaraq, bu, “şəxsi” və şah olmadan edilən səfər idi. Sovet torpaqlarını gəzən Fərəh Pəhləvinin növbəti ünvanı Azərbaycan olur. Hamının onun haqqında bildiyi bir məqam var: O, azərbaycanlıdır, İran şahının arvadıdır.


İranın birinci və yeganə imperatriçəsi Fərəh Pəhləvi şahın hakimiyyəti zamanında Azərbaycana - Bakıya gəlib. 1972-ci ildə Azərbaycana dəvət olunan şahbanu üçün burada dəbdəbəli qonaqlıq təşkil edilib.


Arif Qazıyev: “Fərəh xanımın şərəfinə konsert təşkil olunmuşdu”


Şahbanunun gəlişi münasibətilə keçirilən konsertdə Azərbaycanın ən aparıcı artistləri Zeynəb Xanlarova, Müslüm Maqomayev, Şövkət Ələsgərova, Rəşid Behbudov, Fidan Qasımova və başqaları çıxış edib.


Rejissor Arif Qazıyevin də o vaxtlardan xatırladığı məqam Fərəh Diba üçün gözəl konsertin təşkil olunmasıdır.
“Rəşid Behbudov, Zeynəb Xanlarova, Müslüm Maqomayev kimi tanınmış, müğənnilər onun şərəfinə hazırlanmış konsertdə oxuyurdular. O da çox məmnuniyyətlə oxuyanlara qulaq asıb, onların hamısına hədiyyə verib. İran şahının xanımı, özü də azərbaycanlı bir xanımın bura gəlməsi nadir hadisə idi, ümumiyyətlə Fərəh xanımın Bakıda insanlarla ünsiyyətinə az imkan verilmişdi”.


A.Qazıyevin xatırladığı digər məqam Bakıda insanların Fərəh Pəhləvi ilə ünsiyyətə can atmalarıdır. “Amma Fərəh xanımı hər yerə maşınla aparır, muzeyi, bulvarı gəzdirdilər. Dağüstü parka apardılar ki, şəhəri yuxarıdan görsün. Böyük mühafizəsi var idi”.


Flora Kərimova: “Fərəh xanım Bakıda farsca danışırdı”


Fərəh Pəhləvini yaxından görmək isə o zamanlar R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində işləyən Flora Kərimovanın bacısı Solmaz xanıma qismət olub.

Flora Kərimova xatırlayır: “Yadımdadır o bura gələndə fars dilində danışırdı. Mənə isə bununla bağlı sual verdilər ki, Fərəh Pəhləvi Azərbaycan dilini bilir, azərbaycanlıdır, niyə fars dilində danışır. Onda dedim ki, o şahı təmsil edir və bura İran adlı dövlətin nümayəndəsi kimi gəlib, burada öz doğma dilində danışmağı düzgün olmazdı”.

F.Kərimova da qeyd edib ki, şahbanu ilə xalqın ünsiyyətinə o qədər də yol verməyiblər. “O zaman bacım Solmaz İncəsənət Muzeyində işləyirdi, Fərəh Pəhləvi də muzeyə gəlmişdi. Bacımın onunla şəkli var idi, bacımla danışmışdı. Azərbaycan gəlmək Fərəh xanımın arzusu imiş və bunu da Sovet höküməti yerinə yetirdi. Ona “yox” deyə bilmədilər və Azərbaycana gəldi.

Fərəh Pəhləvi Bakıda olarkən diqqətimi çəkən məqamlardan biri muzeydə şəkillərə baxarkən onun yanında heç kimin dayanmaması idi. Bizimkilər və İrandan gələnlər ondan 3-4 addım aralıda dayanırdı”.


Fidan Qasımova: “Fərəh xanım “Arşın mal alan”ın valını axtarırdı”

Fərəh Pəhləvini görənlərdən biri də xalq artisti Fidan Qasımovadır. O deyir ki, İran şahının xanımı Azərbaycana gələndə “Arşın mal alan”ın valını axtarıb. Dükanları gəzib, valı tapa bilməyən şahbanuya isə mayestro Niyazi kömək edib.

“Onda Fərəh xanıma dedi ki, “Arşın mal alan”ı təzədən vala yazıb ona göndərəcək. Beləliklə, mənim ilk səsyazmam oldu. Gülçöhrəni mən, Əsgəri Rəşid Behbudov oxudu. Bu, Rəşid Behbudovun son səsyazması oldu. Asyanı isə bacım Xuraman oxudu, onun da 16-17 yaşı olardı. Beləliklə, o val tarixə düşdü, onun Fərəh xanıma çatıb-çatmadığı haqqında isə məlumatlı deyiləm”.

Fidan Qasımova Fərəh Pəhləvəni o zaman oxuduğu Konservatoriyada görüb.

“Onda mən Konservatoriyanın II ya da III kursunda oxuyurdum, istedadlı tələbə idim. Fərəh xanımı Konservatoriyanı gəzdirirdilər və onda kiçik konsert də təşkil etmişdilər, istedadlı tələblər orada oxuyurdu. Yəni ilk dəfə orada görmüşəm, ancaq tanış olmamışam, yəni yaxından tanışlığım olmadı”.

Fərəh Diba: “Azərbaycanlı ruslar atamın kökünün bu bölgədən olduğunu bilirdilər”

Fərəh Diba özünün Bakı səfərini isə “Xatirələr”ində belə qeyd edib: “.. daha sonra bizim Azərbaycan əyalətimizin sərhəd qonşusu olan Sovet Azərbaycanının paytaxtı Bakıya da getdik. Azərbaycanlı ruslar atamın kökünün bu bölgədən olduğunu bilirdilər, belə vəziyyətin aramızda xüsusi yaxınlıq yaratdığını hiss eləyirdim. Küçədəki adamların bizə qarşı böyük maraq duyduqlarını, İranın əsl vəziyyətini öyrənmək üçün suallar vermək arzusunda olduqlarını hiss eləyirdik. Sovet rəhblərininsə, xalqla ünsiyyətdə olmağımızın, qeyri-rəsmi görüş keçirməyimizin qabağını almaq istədikləri açıqca görünürdü. Təhlükəsizliyimizi bəhanə gətirib, bir az şübhə oyadan təlaşla bizi xalqdan ayırdılar”.

Fərəh Pəhləvi də xalqın onunla ünsiyyətə can atdığını bilirdi, amma nə səbəbdən olduğunu yox. Bunu isə növbəti gəzəcəyi yerdə öyrənəcəkdi.

“Sulu boya rəsmləri və miniatürlərdən ibarət olan rəsm sərgisini gəzəndə, elə bil, rəhbərlərin göstərdikləri bu əcaib cəhdlərin səbəbini başa düşdük. Bəzi rəsmlər eynilə ortaçağdakı kimi öküzlərlə tarlalarını şumlayan cütcüləri göstərirdi, rəsmlərin üzərində də bu qısa izah yazımışdı: “Sərhədin o tərəfində...”. İnsanlar belə şeyləri başa düşmürdülər artıq! Stalinin kömək elədiyi Cəfər Pişəvərinin birliklərini İrandan qovduğumuz zaman çoxlu iranlı kommunist qaçıb, 1946-cı ildə onlara quçaq açan Sovet Azərbaycanına keçmişdi. Həmin iranlıların bəziləri kommunist ideyalarından əl çəkib İrana qayıtmaq, ailələrini tapmaq və yenə azad olmaq arzusunda idilər. Buna görə də bizə yaxınlaşmağa çalışır, İrana qayıtmağa icazə almaq üçün mənə məktub verməyə can atırdılar”.


****


Şahbanu Fərəh Pəhləvi sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin üç arvadı arasında şahbanu titulunu alan yeganə xanım olub. Bu hadisə böyük sensasiya doğurdu, çünki o dövrdə Şərqdə qadınlara belə hüquqlar verilmirdi. 

Şahın üç xanımı arasında yalnız onun üçün tacqoyma mərasimi keçirilib. 24 yaşlı tələbə Fərəh və 40 yaşlı Məhəmməd Rza Pəhləvinin toyu 1959-cu il dekabrın 21-də baş tutmuşdu. 

Bu, şahın üçüncü evliliyi idi. Birinci xanımı Misir şahzadəsi, ikinci isə bir tərəfi alman əsilli olan o dövrün məşhur xanımlarından idi. Hər iki nikah varisin olmaması səbəbindən dağılmışdı. Məhz vəliəhdin olmaması xalqı, həm də hökuməti narahat edirdi. 1960-cı ildə Fərəh oğlan övladı dünyaya gətirdi. Onların ümumilikdə dörd övladı oldu: Rza Kir Pəhləvi (1960), Firəngiz Pəhləvi (1963), Əli Rza Pəhləvi (1966), Leyla Pəhləvi (1970). 

1967-ci ildə Fərəh Banuya tacqoyma mərasimi keçirildi. Ona şahbanu titulu verildi. Şah və şahbanu İranı müasirləşdirməyə çalışırdılar.

Məhəmməd Rza və ailəsi İranı 1979-cu il yanvarın 4-də tərk etmək məcburiyyətində qaldılar. Çünki inqilab nəticəsində şah hakimiyyəti devrildi.

Xərçəngdən əziyyət çəkən şah 1980-ci il iyulun 27-də Qahirədə vəfat etdi və ər-Rifahi məscidində basdırıldı. Şahın ölümündən sonra Misir prezidenti şah ailəsinə yaşamaları üçün saray ayırdı. Amma prezidentin qətlə yetirilməsi səbəbilə Fərəh və ailəsi Misiri tərk edərək prezident Reyqanın dəvəti ilə ABŞ-a yollandı. 

2001-ci ildə Fərəh Pəhləvinin qızı şahzadə Leyla vəfat etdi.

2011-ci ildə ailəyə növbəti bədbəxtlik üz verdi. Məhəmməd Rza Pəhləvinin kiçik oğlu Əlirza Pəhləvi ABŞ-da intihar etdi. 44 yaşlı Əlirza Pəhləvinin meyitində güllə yarası aşkar edildi.
Şah ailəsinin yaydığı bəyanatda deyilir ki, "son illər milyonlarla iranlı kimi Əlirza Pəhləvi də sevimli vətəninin yaşadığı günlərlə bağlı kədərlənirdi. Bundan başqa o, atasının və cavan yaşda bacısının ölümü ilə barışa bilmirdi".

Bu gün şahbanu Fərəh Pəhləvi Parisdə və Vaşinqtonda yaşayır. Böyük oğlu da ailəsi ilə bərabər Vaşinqtondadır. İran mühacirlərinin bir hissəsi onu "şah" adlandırır. Atasının vəfatından sonra Rza Kir Pəhləvi varis kimi  bu titulu götürüb.

Şahbanu oğlunun siyasi fəaliyyətini dəstəkləyir, amma özü kölgədə qalmağı sevir. Fərəh xanım əvvəlki kimi incəsənətlə də məşğul olur. Ona əvvəlki kimi şahbanu deyərək müraciət olunur.


Aytən ƏLİYEVA

***

həmçinin oxu:

Bakının məşhur qonaqları: Amitabh Baççan: “Bakıda mənə bağışlanan xalçlalar indi də evimi bəzəyir” - LAYİHƏ
//modern.az/articles/37268/1/

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı