Bizim ölkəmiz kiçik olsa da, insanlara zülm etməyin miqyası çox genişdir. Bu zülmün zəncirində qərar tutan həlqələrdən biri də səhiyyə sahəsidir. Hansı xəstəxanaya, klinikaya, poliklinikaya gedirsən soyhasoydur. Xəstələrin həm pulu gedir, həm də canı. Həkimlərin qəbullarında iynə atsan yerə düşməz. Böyük bir insan kütləsinin vaxtı, demək olar ki, hər gün həkim qəbullarında növbə gözləməkdə keçir. Özəl klinikalarda soyğunçuluq daha biabırçı həddədir. Hər addımı puldur. Qapıdan içəri girməyinə bənddirlər. Hərə bir bəhanə ilə pul tələb edir. Həkimin yanına çatanda baxıb görürsən ki, cibin boşdur. Onun əlini qarnında gəzdirməyindən tutmuş saldığı aparata qədər hər birinin öz qiyməti var. Özü də elə-belə yox, kəlləçarxa çıxan qiymət. Orta aylıq əmək haqqından 20-30 qat artıq bir məbləğ. Xəstənin əsl naxoşlamağı da bundan sonra başlayır. Onu müalicə etməyə dünyanın ən güclü həblərinin belə, gücü çatmır, əksinə, halı daha da xarab olur.
Həb demiş, əhalinin cibini soyan nəsnələrdən biri də mayasından qat-qat bahasına satılan başabəla həblərdir. Aptek sahiblərindən səbəbini soruşanda deyirlər ki, gömrük, vergi onları istahatdan salıb. Ona görə də qiymətləri qaldırmağa məcburdurlar. Məmurların onlardan qopardıqlarını onlar da çığırda-çığırda xəstələrdən alırlar.
Bu günlərdə Milli Məclisin dərmanların gömrük rüsumu alınmadan ölkəyə daxil olacağı barədə qanun qəbul etməyə hazırlaşdığı xəbəri yayılıb. Gözləyək görək yeni qanun dərman preparatlarının ucuzlaşmasına kömək edəcəkmi? Aptek sahibləri bundan sonra nə bəhanə gətirəcəklər?
Qiymətlərin bahalığı qalsın bir yana, keyfiyyətsiz dərmanların fəsadından çoxlarımız əziyyət çəkmişik. Heç kəsə sirr deyil ki, ölkə apteklərinin satdığı dərmanların 70-80 faizi xəstənin dərdinə əlac etməkdən çox-çox uzaqdır. Ölümlərin bir çoxunun səbəbi “geydirmə” dərmanlardır. Səhiyyəmizdə kifayət qədər belə faktlar mövcudur. Saysız-hesabsız insanlar bu dərmanlardan istifadə etməyə məcbur və məhkumdur. Hər kəs bu sahənin də ciddi şəkildə abıra salınacağı günü gözləyir. Bu deyilənlərin hamısı bəlli faktlardır. Məsələnin görünməyən tərəfləri də var. Bu da ondan ibarətdir ki, səhiyyə ocaqlarında nələr baş verdiyindən xəbərsiz əhali həkimlikdən daha çox əyninə ağ xalat geyinib dələduzluqla məşğul olan əllaməçilərin qurbanına çevrilir. Öz dələduzlarımız bəs deyilmiş kimi, xarici ölkələrdən də onların ölkəmizə axını başlayıb. Belələri üçün respublikamızda əlverişli mühit yaranıb. Özəl klinika sahibləri insanların ağır psixoloji durumunu nəzərə alaraq bu cür həkimlərin reklamını təşkil edir, onların vasitəsilə öz müəssisələrinin ranqını qaldırmağa çalışırlar. Yaşadığı ölkədə xəstəni müalicə etmək qabiliyyəti sıfıra bərabər olan həmin “həkimlər” isə gəlib burda millətə səhiyyədən moizə oxuyurlar. Telekanallarda bütün günü belə moizələr oxuyan həkimlərin reklam çarxları fırladılır. Onların reklamları yalnız fonoqram oxuyan dəyərsiz şou-biznes əhli ilə müqayisə oluna bilər. Maraqlıdır ki, “gəlmə”lərin böyük əksəriyyəti özünü qadın və kişi xəstəlikləri üzrə “mütəxəssis” adlandırır. Qəfil üzə çıxan və mənşəyi məlum olmayan bu göbələk həkimlər utanıb-qızarmadan sonsuzluğa son qoyacaqlarını vəd edirlər. Müştərilərinə aylarla dərman yedirir, sonda uşaq bəxş etmək əvəzinə onları sağalmaz ağır xəstəliklərə düçar edir, millətin genefondunu ağlar günə qoyurlar. Düzdür, ölkədə saysız-hesabsız həkimlər ordusu fəaliyyət göstərir. Üstəlik hər il bunların üzərinə yüzlərlə yenisi əlavə olunur. Klinikalar, müxtəlif səhiyyə ocaqları çoxlu sayda həkimlə, tibbin ən yeni texnologiyaları ilə təchiz olunsa da, nəticə yoxdur. Xəstələrin və xəstəliklərin sayı, növü ildən-ilə artır.
Həm ölkə xəstəxanalarımızın, poliklinikalarımızın, həm də bir sıra xarici ölkənin tibb ocaqlarının qəbul otaqları hər gün azərbaycanlı xəstələrlə dolu olur. Xarici ölkələrdə yerli əhalinin xəstəxanalara axın etdiyini isə görmək mümkün deyil. Yəni hər yerdə xəstələnən bizimkilərdir. Müalicə almaq üçün dünyanın hər yerinə səpələnən və həkimlərin qəbulunda boynunu büküb növbə gözləyən çarəsiz insanlarımızı gördükdə adam xəcalət çəkir. İstər-istəməz düşünməli olursan: görəsən, milyonlar səltənətində yaşayan bu xalq niyə öz ölkəsində normal müalicə ala bilmir, özgə qapılarında əsir-yesir olub? İmkansızlar İran şəhərlərinə üz tutur. İmkanlı xəstələr isə Türkiyə, Almaniya və s. ölkələrin pristijli klinikalarında müalicə alırlar. Bu mənzərəni gördükdə adama elə gəlir ki, bu gün bütün Azərbaycan xəstədir.
Səbəbini soruşduqda cavab verməli orqanlar ya susur, ya da başdansovdu cavab verirlər. Lap cavab versələr, nə dəyişəcək? Vəziyyət nəzarətdən çıxaraq daha da qəlizləşməyə doğru gedir. Kimsə narahat deyil. Mən hesab edirəm ki, bu xalq xəstəxanaların, özəl klinikaların, müasir tibb avadanlıqlarının, həkimlərin say çoxluğu ilə sağlamlığına qovuşmayacaq. İşləri yoluna qoymaq üçün ona bircə “həkim” də bəsdir. Biz o “həkim”in lazımi addımını gözləyirik...