Salamımız “hello”, baş üstəmiz “ok”eyləşib
Mer Abutalıbov demişkən, “Bakımıza baxıram, Bakımız günü-gündən dəyişir...”. Hacıbala müəllim düz deyirmiş, şəhərimiz dəyişib, dəyişir və çox dəyişəcək..
Ayaq qoyduğumuz asfaltı, yerə döşənmiş daşları belə bizim deyil. Ətrafımızdakı ağaclar da, şəhərə üz tutan rayonlular kimi gəlmədir. Amma uzaqdan gəlmə. Min cür, bir-birindən gözəl gülləri də bizə məxsus deyil. Hamısı yaddır bu şəhərə, bu ölkəyə. Uzun ömürlü olsun deyə kimyəvi dərmanlar içində yaşadırlar. Qızıl gülümüzün, qərənfilimizin yerini indi holland zambaqları, səhlab çiçəyi, tülpan, lantanaş, lüvye, sulano tutub.
Bazarlığımız alış-verişlə, şopinqlərlə əvəzlənib. Ticarət mərkəzlərində, böyük marketlərdə səsləndirilən musiqilər də bizim deyil orada satılan yabancı ərzaqlar, meyvə-tərəvəz kimi. Bananı, manqonu türk və ya Avropa musiqi sədaları altında alırıq. Halbuki öz musiqimiz, mədəniyyətimizlə paytaxta gəlib-gedənlərin qarşısında öyünürük. Bostanlarımız da özgələşib, geni dəyişmiş bostan məhsulları, tərəvəzlərlə qidalanırıq. Suyumuz elə bulandırılıb ki, o cür də içməyə məhkum edilmişik.
Yas və toy məclislərimiz də bizimkinə bənzəmir. Yası bananla, toyu tropikanka, panettone, rizottoyla, əlqərəz, Avropa mətbəxi ilə yola veririk.
Geyimimiz də özgələrindir. Onlarin istədikləri kimi geyinirik. Özgələrin rənginə, ruhuna, xasiyyətinə, əxlaqına uyğun.
Kişilərimiz də dəyişib. Qarşılarına çıxan hər kəsə “caaanım” deyə müraciət edirlər. Qadınlarımız kişi xasiyyət olub erkəklərə xas işlərin qulpundan yapışmaqdan. Bu gün ailəyə böyüklüyü qadın edir, çünki pul qazanır, avtomobil sürür, əyninə şalvar geyinir...
Gecəmiz gündüz, gündüzümüz gecəylə əvəzlənib. İnsanlar gündüz yatmağa, gecələr orda-burda işləməyə alışıblar.
İnsanların əxlaqı, davranışı, geyimi, gülüşü, siması, salamı-kalamı dəyişib. Üzlərdə estetik gözəllik hökmranlıq edir, salamımız “hello”, baş üstəmiz “ok”eyləşib. Bu şəhərin insanlarının göz yaşı da, gülüşü də başqalaşıb.
Heç nə təbii deyil. Hətta dünyaya gəlişimiz təbii yolla yox, qeysəriyyə ilə həyata keçirilir.
Görəsən, bu ölkədə, bu Bakıda dəyişməyən, özgələşməyən nəyimiz var, nəyimiz qalacaq?
Heç biz özümüz də özümüzün deyilik. Kimlərəsə, nələrəsə məxsusuq bir əşya kimi. Kimlərinsə himayəsində addımlayırıq.
İndi hacılarımız o hacılardan deyil, murdar əməlləriylə başlara bəla, düzgünlərə qənim kəsiliblər.
Eh, cənab mer, Bakımız gerçəkdən də dəyişir, gözəlləşərək deyil, özgələşərək dəyişir... Sadəcə Bakımız deyil, elə bütün Azərbaycan dəyişir...
P.S. Səməd Vurğun indiki Bakının durumunu görsəydi, “Bakının dərdi var, Bakı xəstədir” şeir misrasına başqa çalarlar əlavə edərdi.