Modern.az

Ağdamı sonuncu tərk edənlərdən biri

Ağdamı sonuncu tərk edənlərdən biri

Ölkə

19 İyul 2013, 11:50

Hələ ki, erməni faşistləri üzərində Qələbə gününü yox, rayonlarımızın işğalı ilə bağlı günlərin ildönümünü qeyd etməklə məşğuluq. Təəssüf...

Qarabağın ən böyük yaşayış məntəqələrindən biri sayılan Ağdam şəhərinin işğalından 20 il ötür. Erməni hərbi birləşmələrinin torpaqlarımıza hücumu başlayan gündən qəhrəmancasına vuruşan və 6 minə yaxın şəhid verən şəhər 1993-cü il iyulun 23-də düşmən caynağına keçdi. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Ağdam Cümə məscidinin axundu Hacı Barat Bağırovun həyatının böyük bir hissəsi Ağdamla sıx bağlıdır. Bu gün erməni işğalındakı Ağdam şəhəri onun ömründə silinməz izlər buraxıb. Amma bu barədə bir qədər sonra. Əvvəlcə həmsöhbətimizlə yaxından tanış olun:

“1946-cı il iyulun 22-də Masallı rayonunun Dəmirçi kəndində anadan olmuşam. Atam Vahab kişi də, babalarım da dindar idilər. 7 yaşım olanda Quran təlimi almaq üçün valideynlərim məni qohumumuz Molla Sərdarın yanına apardılar. Sonrakı illərdə Şeyx Qüdrətullah, Şeyx Bəşir, Molla Məzlum, Molla Əlifəttah, Molla Mirəkbər kimi dövrünün tanınmış din xadimlərinin köməyi ilə İslami biliklərə yiyələndim. Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam məqamına yüksələn, dini lider kimi bütün dünyada tanınan Allahşükür Paşazadə ilə də elə o vaxtlar müəllimlərimin yanında tanış olmuşam. Allahşükür Paşazadə, bu gün Qafqaz Müsəlmanları İdarəsinin fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə və Təzəpir məscidinin axundu Hacı Əhməd Abbasov ali dini təhsil almaq üçün Buxara şəhərinə getdilər. Mən isə ailə vəziyyətimlə əlaqədar Özbəkistana gedə bilmədiyimdən kənddə qalıb sovxozda çalışmalı oldum. 90-cı illərin əvvəllərində Şeyxülislam həzrətlərinin böyük zəhməti, fədakarlığı nəticəsində yaranan Bakı İslam Universitetini qiyabi bitirdim”.

Taleyin hökmü ilə ömrünün sonrakı illərini Ağdamda keçirən Hacı Barat bu şəhərə gəldiyi ilk günü indiyə kimi yaxşı xatırlayır:

“Sovet dövründə din xadimi kimi fəaliyyət göstərmək olduqca çətin idi. Allahsız bir rejim olduğundan dindarların qarşısına min cür maneələr çıxırdı. Təsərrüfatda çalışsam da həmişə din xadimi olmaq arzusu ilə yaşayırdım. Uzun illərdən sonra Allah bu arzumu həyat keçirdi. O zamanlar Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi adlanan quruma Şeyxülislam Mirqəzənfər İbrahimov sədrlik edirdi. İş üçün sədrə müraciət etdim. Rəhmətlik Mirqəzənfər müəllim sorğu-sual edəndən sonra cavablarımdan razı qaldı və məni Ağdam Cümə məscidinin axundu təyin etdi. Yeni axundu Ağdam rayon dindarlarına təqdim etmək o zaman Şeyxülislamın müavini işləyən Allahşükür Paşazadəyə həvalə olundu. 1978-ci il avqustun 15-i  Ramazan ayı ərəfəsində ilk dəfə Allahşükür Paşazadə ilə birlikdə Ağdama getdim. Gecəni mehmanxanada qaldıqdan sonra səhəri gün Allahşükür Paşazadə məni rayon rəhbərliyinə və dindarlara təqdim etdi. Camaatla görüşdə dedi ki, siz idarəmizə müraciət edərək Cümə məscidinə axund göndərməyi istəmisiniz, biz də sizin xahişinizi nəzərə alıb Barat Bağırovu məscidin axundu təyin etmişik. Elə o gündən Ağdam şəhərində yaşamağa başladım. İlk günlərdən Ağdam camaatından özümə qarşı hörmət və ehtiram görmüşəm. Onlardan gördüyüm yaxşılığı, diqqəti  heç vaxt unuda bilmərəm. Ağdamın çox gözəl günləri var idi...”

Həmsöhbətimiz hesab edir ki, 1988-ci il fevralın 22-dən sonra Ağdamın üstünü qara buludlar almağa başladı:

“Xain erməni qonşularımızın hiylələri sayəsində bu gözəl şəhərin növrağı pozuldu. 1988-ci il fevralın 22-də erməni vəhşiləri Əli ilə Bəxtiyar adlı iki gənci qətlə yetirdilər. İlk şəhidlərimizin dəfn mərasimi çox izdihamlı keçdi. O vaxtdan ermənilər bir-birinin ardınca təxribatlar törətməyə başladılar. Ağır günlərdə Ağdam camaatı bir-birinə həyan olur, erməni hücumlarını dəf etməyə çalışırdı. Mən də həmişə onlarla bir yerdə idim, din xadimi kimi əlimdən gələn köməyi əsirgəmirdim. Prezidentin səlahiyyətli nümayəndəsi Əlisahib Orucovla, rəhmətlik Afiyəddin Cəlilovla Dağlıq Qarabağın rayon və kəndlərini qarış-qarış gəzir, sakinlərin problemləri ilə maraqlanır, yardımların çatdırılmasına kömək edirdim. Hamımızın bir istəyi var idi - torpaqları erməni işğalçılarından qorumaq. Döyüş əməliyyatları başlayandan Ağdamda vəziyyət daha da gərginləşdi. Hər gün məscidə onlarla şəhid gətirilirdi. Onların yuyulmasını, dini qaydalara uyğun dəfnini təşkil edir, rayonlara yola salınmasına kömək göstərirdim. Təsəvvür edin ki, bəzən şəhidləri kəfənləmək üçün ağ, tabut çatışmırdı. Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxlayır, Şeyxülislam həzrətlərindən kömək istəyirdim. Həmin ağır dövrdə Allahşükür Paşazadənin gördüyü işlər camaatın yaxşı yadındadır. O, tez-tez cəbhə bölgələrinə gəlir, əsgərlərlə, hospitalda müalicə alan döyüşçülərlə görüşür, maddi və mənəvi yardımını əsirgəmirdi. Şeyxülislam həzrətləri Qarabağ torpağında sülhün və ədalətin bərpası üçün bu gün də çalışır. Dünyanın hər yerində keçirdiyi görüşlərdə, dövlət rəhbərləri və din xadimləri ilə söhbətlərində Qarabağın erməni işğalçılarından təmizlənməsini tələb edir”.

Hacı Barat Ağdam şəhərini ən son tərk edənlərdən biridir. 20 il öncə baş verən həmin müdhiş gün onun yaddaşında belə qalıb: “Erməni ordusunun Ağdam istiqamətində hücumları davam edirdi. Ailə üzvlərimi Masallıya göndərməyə məcbur olsam da, özüm şəhəri bir gün belə tərk etmədim. Gecə-gündüz güllə yağışı altında yaşasam da şəhərdən çıxmadım. Uzun illər boyu yalnız hörmət və ehtiram gördüyüm ağdamlıları dar gündə necə qoyub gedə bilərdim? İyulun 22-də məscidə 18 şəhid gətirdilər. Gecə yarıdan keçənədək onları kəfənlədim, cənazə namazlarını qıldım. Meyitxanada 4 şəhidin cənazəsi qalmışdı. Onlardan ikisi mülki şəxs, ikisi isə hərbiçi idi. Səhər - iyulun 23-də məscidə qayıtdım ki, həmin 4 şəhidi də kəfənləyib dəfn edək. Elə bu vaxt içi əsgərlərlə dolu bir BTR yaxınlaşdı. Onlardan biri məni tanıdı. Dedi ki, Barat kişi, sən bizim camaata, əsgərlərə çox kömək eləmisən, burda yubanma, ermənilər artıq raykomun binasına çatıblar. Qaradağlı kəndinə kimi 10 kilometr yolu piyada getməyə məcbur oldum. Uzun illər Ağdam şəhərində yaşadığım ev Quranla, nadir dini kitabla dolu idi. Onlardan birini də götürə bilmədim. Bircə həmin evə qayıda bilsəydim...”

Ağdam şəhərinin işğalı həmsöhbətimin ailəsində də öz faciəli izlərini qoyub. Yenə Hacı Baratı dinləyək: “Ailəm, övladlarım da Ağdama bağlanmışdılar. Bakı İslam Universitetində təhsil alan böyük oğlum Haşım tətil günlərində yanıma gəlir, məscidin işlərində mənə kömək edirdi. Deyirdi ki, bu çətin vaxtda mən də Ağdam üçün nəsə etmək istəyirəm. Günlərin birində mən dəfn mərasimində olarkən məscidə bir maşın şəhid gətirirlər. Oğlum Haşım meyitlərin boşaldılmasına kömək edərkən ürəyi gedir. Bir saatdan çox meyitlərin içində qalır. Özünə gələndən sonra qorxur. Lakin bu barədə heç kimə demir. Haşım Bakıda təhsilini bitirib Misirə göndərildi. Lakin bir il sonra ağır xəstələndi. Çox ağır vəziyyətdə onu Bakıya gətirə bildik. 5 il xəstə yatandan sonra 2000-ci il dekabrın 14-də dünyasını dəyişdi. Son nəfəsində anasına demişdi ki, mən bu xəstəliyə Ağdamda qorxandan sonra düçar oldum. Oğlumun ölümü qızım Həliməyə pis təsir etmişdi. Hər gün bacılarına deyirmiş ki, Haşımdan sonra mən çox yaşaya bilmərəm. Haşımın il mərasimini verəndən 3 gün sonra qızım Həlimə vəfat etdi”.

Hacı Barat Bağırov Qarabağın azad olunacağı gününün uzaqda olmadığına inanır: “Bu gün də Ağdam camaatı ilə bir yerdəyəm. Xındırıstandakı məscidin fəaliyyətini bərpa etmişik. Qafqaz Müsəlmanları İdarəsinin, Ağdam Rayon İcra Hakimiyyətinin rəhbərliyi həmişə məndən diqqət və qayğısını əsirgəmir. Ötən illərin ağrılı-acılı günləri səhhətimə öz təsirini göstərib. Bir neçə xəstəlikdən əziyyət çəkirəm. Amma Allahımdan ümidimi üzməmişəm. Ümummilli liderimiz Heydər Əliyev, onun davamçısı İlham Əliyev Xındırıstana və Quzanlıya gələndə onlarla görüşmüşəm. Onlarla söhbətdən sonra inamım daha da artıb. İnanıram ki, dövlətimizin qüdrəti və xalqımızın birliyi sayəsində Qarabağı erməni işğalçılarından azad edəcəyik, inşallah”.    

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı