25 aprel – Ümumdünya Malyariya ilə Mübarizə Günüdür. 2007-ci ilin may ayında Ümumdünya Səhiyyə Assambleyasının 60-cı sessiyasında təyin edilmiş bu gün insanlara dünya miqyasında malyariya ilə mübarizə sahəsində görülən işlər barədə məlumat vermək və daha çox öyrənmək imkanı yaradır.
Dünyadakı vəziyyət
Malyariya parazitlərlə törədilən və ağcaqanadlar vasitəsilə insandan-insana yoluxan həyati-təhlükəli bir xəstəlikdir. BMT-nin İctimai İnformasiya Departamentindən Modern.az-a verilən məlumata görə, dünya əhalisinin təxminən yarısı, təxminən 3 milyard insan malyariya yoluxması baş verə biləcək ərazidə yaşayır. Xüsusilə də kasıb ölkələrdə yaşayan insanların malyariya ilə yoluxma riski daha böyükdür. Malyariya ağcaqanadlar vasitəsi ilə keçirilən parazitlərlə törədilir. Hər il təxminən 500 milyon insan bu xəstəliyə yoluxur və onlardan 1 milyonu ölür. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə hər 30 saniyədə bir uşaq malyariyadan ölür. Malyariyanın qurbanlarının əksəriyyəti 5 yaşına qədər uşaqlar və hamilə qadınlardır.
Lakin malyariya qarşısı alınan xəstəlik olduğu üçün, bu ölümlərin qarşısını almaq da mümkündür. 60 il bundan əvvəl malyariya Avropa və Şimali Amerika üçün böyük bir bəla idi. Elementar ictimai səhiyyə tədbirlərinin tətbiqi edilməsi xəstəliyin qarşısının alınması ilə bərabər bu regionlarda inkişaf, rifah və sabitliyin əldə olunmasında mühüm rol oynadı.
Bu gün, son 50 ildə ilk dəfə olaraq beynəlxalq ictimaiyyət dünya miqyasında malyariyaya qalib gəlməyə yaxındır. Malyariyanın sağlamlığa təsirini azaltmaqla BMT-nin bütün üzvləri tərəfindən qəbul edilmiş Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olmamızı sürətləndirə bilərik. Bu MİM-ləri yalnız xəstəliyin özü ilə mübarizəni deyil, həmçinin qadın və uşaqların hüquqlarının və sağlamlığın qorunması, təhsil almaq imkanının yaradılması və yoxsulluğun aradan qaldırılmasını da özündə ehtiva edir.
Azərbaycandakı vəziyyət
Azərbaycanda malyariyanın tarixi çox qədim dövrlərə təsadüf edir. Tarixi yazılı mənbələrə görə Azərbaycanda malyariyanın endemikliyi hələ Makedoniyalı İsgəndərin və Kipanın hərəkatı dövrünə gedib cıxır. XV-XVIII-ci əsrlərdə Azərbaycanda olmuş xarici rus diplomatları, səyyahlar, tacirlər (Amrozio Kantarin 1474-cü il, Adam Oleari 1638-ci il, Bel 1716-cı il və. s) öz qeydlərində malyariyaya yoluxma və ölüm hallarının olmasını yazmışdılar.
Vaxtilə respublikanın malyariyaya görə yüksək endemik ərazilərində – Kür-Araz, Samur-Dəvəçi, Lənkəran ovalıqlarında və Naxçıvan MR-da əhali arasında tropik malyariyadan yüksək ölüm halları müşahidə edilib. Həyata keçirilən geniş miqyaslı tədbirlər nəticəsində 1960-cı ildə Azərbaycanda malyariya praktiki olaraq yox edilib.
Lakin vəziyyət 1990-cı ildən sonra çox sürətlə pisləşməyə başlayıb. Baş vermiş epidemiya 1996-cı ildə ən yüksək səviyyəyə çatıb. Həmin il malyariyaya yoluxma hadisələrinin sayı 13135 olub. Ölkədə geniş miqyaslı əks-epidemik tədbirlərin aparılması nəticəsində malyariyanın aradan qaldırımlısında epidemioloji vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılaşaraq 2009-cu ildə cəmi 80 hadisə qeydə alınıb.
2008-ci ildə ölkəmizdə 2008-2013-cü illər üçün Azərbaycan Respublikasında “Malyariyanın Eliminasiyası üzrə Milli Strategiya Tədbirlər Planı” qəbul edilib. Hal-hazırda strategiya müvəffəqiyyətlə tətbiq edilir.
Modern.az