Modern.az

Prezidentliyə namizədlərdən kimin elmi titulu var, kim daha çox dil bilir?

Prezidentliyə namizədlərdən kimin elmi titulu var, kim daha çox dil bilir?

Ölkə

5 Oktyabr 2013, 10:03

Seçki marafonu dövründə namizədlər barədə hər bir xırdalıq seçiciləri maraqlandırır. Siyasi platforma, ideoloji mənsubiyyətlə bərabər, namizədlərin tərcümeyi-halında önəmli sayılacaq məqamlar var: ailə vəziyyəti, intellektual səviyyə və s.
Modern.az saytı bu dəfə prezidentliyə 10 iddialının ali təhsil (yeri gəlmişkən, prezident olmaq istəyən hər kəs qanunun tələblərinə əsasən, ali təhsilli olmalıdır), ixtisası və elmi dərəcəsi haqda informasiyanı oxuculara təqdim edir.

Yeni Azərbaycan Partiyasının (YAP) namizədi, hazırkı dövlət başçısı İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. Diplomatiya üzrə mütəxəssisdir. Ali təhsilini tamamladıqdan sonra aspiranturada oxumuş İlham Əliyev 1985-ci ildə tarix elmləri namizədi (hazırkı statusla tarix üzrə fəlsəfə doktoru) elmi dərəcəsi alıb. Hətta bir müddət (1985-1990) bu elmi dərəcə ilə institutda dərs deyib.
İlham Əliyev eyni zamanda siyasi elmlər doktorudur. Prezidentin rəsmi tərcümeyi-halında onun rus, ingilis, fransız və türk dillərini bildiyi qeyd olunub.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə Bakı Dövlət Universitetinin şərqşünaslıq və Kiyev Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İki – şərqşünas və hüquqşünas ixtisasına malik İqbal Ağazadənin elmi dərəcəsi yoxdur. Seçki qərargahının məlumatına görə, İ.Ağazadə rus, fars və ingilis dillərini bilir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquluyev də heç bir elmi dərəcəyə malik deyil. Bakı Dövlət Universitetinin məzunu və ixtisasca hüquqşünasdır. Bir müddət Nəsimi rayon Prokurorluğunda müstəntiq işləyib. Partiya sədrinin köməkçinin dediyinə görə, Qüdrət Həsənquliyev rus və ingilis dillərində sərbəst danışa bilir. 

Ədalət Partiyasından prezidentliyə namizədi, millət vəkili İlyas İsmayılov 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1963-cü ildə Leninqrad Dövlət Universitetinin cinayət-hüquq kafedrası üzrə aspiranturasına daxil olub, 1966-cı ildə orada hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. Sonralar hüquq elmləri doktoru alimlik dərəcəsi alıb. Hüquq elmləri doktoru, professordur.
Tərcümeyi-halında onun rus və məişət səviyyəsində alman dilini bildiyi qeyd olunur.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev siyasətlə bağlı beş kitabın müəllifi olsa da, heç bir elmi titul almayıb. “Mən istədim bir məsələ üzərində düşünüm, amma vaxt çatmadı. İndi də çox marağında deyiləm”, – deyə F.Quliyev bildirib. O, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. İxtisasca həkimdir. Sonralar əlavə hüquq təhsili də alıb. Partiyasından onun rus dilini bildiyi qeyd olunur.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun da heç bir alimlik dərəcəsi yoxdur. “Rəhmətlik Azad Mirzəcanzadə o vaxt mənə birbaşa elmlər doktoru dərəcəsi verilməsi üçün təşəbbüs göstərmişdi. Ancaq həmin zaman Prezident Aparatından imkan vermədilər” deyən Sərdar Cəlaloğlunun sözlərinə görə, gələcəkdə elmi ad almağı düşünmür. Ancaq partiya rəhbəri siyasətlə yanaşı, elm sahəsi yaratmaqla da məşğuldur. “Dünya elminə yeni bir töhfə vermək istəyirəm. Artıq bu, hazırdır. Burada bütün fəlsəfə, dinlərin, elmlərin ortaq həqiqəti aşkarlanacaq. Seçki ilə bağlı başım qarışıq olduğundan cüzi bir hissə-idrak problemləri bölməsi qalıb. Bu sahə mütləq haqqında elm adlanır, yəni kondisologiya”.
ADP sədri Tibb Universitetini bitirib, məhkəmə-tibb ekspertidir. ADP sədri rus dilində yazıb-oxuduğunu desə də, həmin dili yüksək səviyyədə bilmədiyini bildirib.

Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə də heç bir elmi ad daşımır. Bu haqda danışan partiya rəsmisi vurğulayıb ki, 62 yaşından sonra ona heç bir elmi dərəcə lazım deyil. 1985-ci ildə elmi iş müdafiə eləmək ona qismət olmayıb, çünki özünün etirafına görə, həbsxanaya düşüb.
Yeri gəlmişkən, A.Əlizadə 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Şərqşünas-tərcüməçi kimi 1975-1976-cı illərdə Əfqanıstanda 1979-cu ildən Ukrayna SSR-in paytaxtında Ukrayna Elmlər Akademiyası Tarix İnstitutunda kiçik elmi işçi işləyib, eləcə də Kiyev Xarici Dillər Pedaqoji İnstitutunda dərs deyib. Rus və fars dillərini bilir.

Müasir Müsavat Partiyasının prezidentliyə namizədi Hafiz Hacıyev 1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının zoomühəndis fakültəsini bitirib. Biologiya elmləri namizədidir (biologiya elmləri üzrə fəlsəfə doktoru). O, elmi işi, özünün dediyinə görə, 1989-cu ildə Sankt-Peterburq şəhərində müdafiə edib. Hazırda H.Hacıyev doktorluq elmi dərəcəsi almaq niyyətində deyil. Rus, türk, qismən də ingilis dilində danışdığını deyən prezidentliyə namizəd Modern.az saytına erməni dilində də sərbəst danışdığını etiraf etdi: “Ermənistanda böyüdüyümdən erməni dilində sərbəst danışa bilirəm”. 

Öz təşəbbüsü ilə prezidentliyə namizəd, deputat Zahid Oruc hazırda siyasi fəaliyyətlə yanaşı, Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun elmi işçisidir. Z. Oruc gələcəkdə də elmi karyerasının davam etdirmək niyyətindədir: “Mənim xüsusi olaraq siyasət elmləri üzrə müdafiə etmək imkanlarım böyükdür. Çünki siyasi sahələrə dair araşdırmaların, elmi məqalələrin müəllifiyəm. Ona görə də siyasət elmi ilə bağlı müdafiə etmək planlarım var”.
Zahid Oruc 1989-cu ildə Azərbaycan Texniki Universitetini bitirib. O, rus, türk və ingilis dillərini bildiyini deyir.

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli tarix elmləri doktoru, professordur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini 1975-ci ildə bitirib. Professor Cəmil Həsənli rus və ingilis dillərində sərbəst danışır. 

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı