Modern.az

Tahir Mirkişili: Regional layihələrdə vahid rəqəmsal audit sistemi yaradılmalıdır

Tahir Mirkişili: Regional layihələrdə vahid rəqəmsal audit sistemi yaradılmalıdır

Ölkə

Bu gün, 18:24

Müasir rəqəmsal texnologiyaların dövlət idarəçiliyində rolunun gücləndirilməsi dayanıqlı regional inteqrasiyanın əsas şərtlərindən biridir. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili İslam İnkişaf Bankı Qrupunun illik toplantıları çərçivəsində “Davamlı Regional İnteqrasiya üçün Rəqəmsal Dövlət Auditi” mövzusunda Ali Audit Orqanlarına (AAO) həsr olunmuş tədbirdə çıxışı zamanı səsləndirib.

Deputat bildirib ki, hazırda məlumat idarəetmənin əsas resursuna çevrilsə də, bəzi ölkələrdə dövlət maliyyəsi hələ də qeyri-şəffaf, parçalanmış və real vaxt rejimində nəzarətə imkan verməyən sistemlər vasitəsilə idarə olunur. Onun sözlərinə görə, rəqəmsal dövlət auditi artıq sadəcə texnoloji yenilik deyil, strateji idarəetmə aləti və dayanıqlı regional inteqrasiyanın əsas sütunlarından biridir.

Tahir Mirkişili qeyd edib ki, regional inteqrasiya istər ticarət dəhlizləri, sərhədlərarası infrastruktur layihələri, enerji bağlantıları, istərsə də sosial inkişaf proqramları vasitəsilə həyata keçirilsin, onun uğuru etimada əsaslanır. Bu etimad isə yalnız yoxlanıla bilən, şəffaf və hesabatlı idarəetmə sistemi ilə mümkündür.

Deputat vurğulayıb ki, dövlət maliyyəsinin idarə olunması sistemləri zəif olan ölkələr hər il qeyri-səmərəli idarəetmə, satınalma proseslərində pozuntular və nəzarət mexanizmlərinin yetərsizliyi səbəbindən əhəmiyyətli maliyyə resursları itirirlər. Regional layihələrdə isə milli xəzinədarlıqlar, inkişaf bankları, icraedici qurumlar və özəl podratçıların müxtəlif hüquqi sistemlər çərçivəsində fəaliyyət göstərməsi audit zəncirinin parçalanmasına, nəticədə isə hesabatlılığın zəifləməsinə səbəb olur.

Çıxışında rəqəmsal dövlət auditinin əsas elementlərinə də toxunan deputat bildirib ki, bu anlayış inteqrasiya olunmuş elektron satınalma sistemlərini, audit izlərinin yaradılmasını, dövlət xərclərinin real vaxt rejimində monitorinqini, süni intellekt vasitəsilə maliyyə axınlarında anomaliyaların və risklərin vaxtında aşkar edilməsini, həmçinin XBRL və Open Contracting Data Standard kimi beynəlxalq standartlaşdırılmış hesabat formatlarının tətbiqini əhatə edir.

Onun sözlərinə görə, bu texnologiyalar artıq gələcəyin konsepsiyası deyil, bir çox ölkələrdə uğurla tətbiq olunan praktik həllərdir. Belə sistemlər problemləri illər sonra deyil, layihələr icra olunarkən müəyyən etməyə və daha az xərc hesabına aradan qaldırmağa imkan verir.

Deputat vurğulayıb ki, əsas məsələ rəqəmsal audit sistemlərinin yaradılması deyil, onların geniş miqyasda tətbiqi üçün kifayət qədər siyasi və institusional iradənin formalaşdırılmasıdır. O qeyd edib ki, parlamentlər bu istiqamətdə hüquqi bazanın yaradılmasına və nəzarət institutlarının gücləndirilməsinə xüsusi diqqət yetirməlidir.

Tahir Mirkişili bu məqsədlə üç əsas qanunvericilik prioriteti irəli sürüb.

Birinci prioritet kimi o, birgə maliyyələşdirilən regional layihələrdə məcburi qarşılıqlı fəaliyyət standartlarının tətbiqini təklif edib. Deputatın fikrincə, inteqrasiya təşəbbüslərində iştirak edən ölkələr uyğunlaşdırılmış rəqəmsal audit arxitekturasına malik olmalı, ikitərəfli və çoxtərəfli audit protokolları isə regional sazişlərin ayrılmaz hissəsinə çevrilməlidir.

İkinci istiqamət açıq fiskal məlumatlar üzrə qanunvericiliyin inkişafıdır. O bildirib ki, dövlət satınalmaları və büdcə xərcləri barədə məlumatlar standartlaşdırılmış açıq məlumat formatlarında dərc edilməli, bununla da şəffaflıq və ictimai nəzarət gücləndirilməlidir.

Üçüncü prioritet isə regional audit əməkdaşlığının genişləndirilməsidir. Deputat ali audit institutları arasında hüquqi bazanın təkmilləşdirilməsini, ortaq analitik alətlərin, vahid risk göstəricilərinin və sərhədlərarası layihələrin monitorinqi üçün regional rəqəmsal audit mərkəzinin yaradılmasını təklif edib.

İqtisadi baxımdan da rəqəmsal auditin əhəmiyyətinə toxunan Tahir Mirkişili bildirib ki, yollar, dəmir yolları, boru kəmərləri, enerji şəbəkələri və rəqəmsal dəhlizlər kimi iri regional layihələr milli büdcələr, beynəlxalq inkişaf bankları, suveren fondlar və özəl investorlar tərəfindən maliyyələşdirilir. Belə layihələrdə yüksək səviyyəli şəffaflıq və hesabatlılıq investor etimadını artırır, uyğunluq və əməliyyat xərclərini azaldır, layihələrin monitorinqini təkmilləşdirir və investisiya risklərini minimuma endirir.

Deputat qeyd edib ki, güclü audit infrastrukturu regional inkişafa yatırılan vəsaitlərin səmərəliliyini artırır və fiskal şəffaflığı təmin edən ölkələr daha çox investor etimadı qazanaraq uzunmüddətli iqtisadi inkişaf üçün əlverişli mühit formalaşdırırlar.

Çıxışının sonunda Tahir Mirkişili bildirib ki, dayanıqlı regional inteqrasiya yalnız tariflərin aradan qaldırılması və ya infrastrukturun qurulması ilə məhdudlaşmır. Bu, vətəndaşların güvəndiyi, investorların etibar etdiyi və gələcək nəsillərin arxalana biləcəyi institutların formalaşdırılması deməkdir. Onun sözlərinə görə, rəqəmsal dövlət auditi məhz bu etimadın əsas təminatçısıdır və qarşıda duran əsas vəzifə bu transformasiyanı regional əməkdaşlıq əsasında birlikdə həyata keçirməkdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ