İyunun 23-də ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunur. Müstəqil Azərbaycanın dövlət idarəçiliyi sisteminin formalaşmasında və inkişafında dövlət qulluqçularının rolu danılmazdır. Ötən illər ərzində bu sahədə həyata keçirilən islahatlar dövlət qulluğunu ənənəvi idarəetmə modelindən uzaqlaşdıraraq daha peşəkar, şəffaf və müasir mexanizmlər üzərində qurmağa imkan verib. Bu gün dövlət qulluğu təkcə sabit iş yeri deyil, eləcə də yüksək məsuliyyət, ictimai etimad və peşəkarlıq tələb edən fəaliyyət sahələrindən biri kimi qiymətləndirilir. Xüsusilə gənclərin dövlət qulluğuna marağının artması, kadr seçimində bilik və bacarıqların ön plana çıxması bu istiqamətdə aparılan siyasətin nəticəsi kimi dəyərləndirilir.
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, ölkəmizdə dövlət qulluğu sistemi Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra istər qanunvericilik, istərsə də dövlət idarəçiliyinin bütün sahələrində üzərlərinə götürdükləri məsuliyyət, seçim prinsiplərinin şəffaflığı və təkmilləşmə mexanizmləri baxımından böyük bir yol keçib.
"Dövlət qulluğu haqqında 2000-ci illərdə qəbul edilən qanun, etik davranış kodekslərinin yaradılması, eləcə də dövlət qulluqçularının fəaliyyətini tənzimləyən qaydalar və təlimat sistemləri onları institusional səviyyəyə çatdıran mühüm addımlar kimi xarakterizə edilə bilər.
Rəsmi statistikaya əsasən, Azərbaycanda dövlət qulluqçularının sayı 27 mindən çoxdur. Göstərici bir tərəfdən idarəetmə aparatının kompakt saxlanıldığını göstərir, digər tərəfdən müxtəlif dövlət hakimiyyət orqanları arasında sağlam əməkdaşlığın, qarşılıqlı məsuliyyətin və səlahiyyətlər balansının qorunmasını təmin edirlər.
Lakin ən başlıcası, prezident İlham Əliyevin rəhbərliyi ilə ötən on illər ərzində xalqımızın qarşısında dayanan vəzifələrin həyata keçirilməsində dövlət qulluqçuları şərəfli bir yol keçərək, müxtəlif islahatlara və dəyişiklilərə məruz qalaraq, hazırki qalibiyyət dövrünün-yeni mərhələnin qurucuları kimi çalışmaqda davam edirlər. Dövlət qulluqçularının əhəmiyyətli hissəsi orta təsnifat vəzifələrində cəmləşiblər. Karyera inkişafı və idarəetmədə effektivliyin təmin olunması baxımından onların hər biri gələcək vəzifə yüksəlişində güvənə və etimadlı sosial liftə malikdirlər".

Komitə sədri həmçinin vurğulayıb ki, dövlət qulluqçularının sosial təminatı məsələsi də xüsusi diqqət tələb edir:
"Son illərdə əməkhaqlarında artım genişmiqyaslı islahatların tərkib hissəsidir və ilk növbədə, idarəçilik sisteminin effektivliyini artırmaq və xalqa xidmətin keyfiyyətini yüksəltmək məramına xidmət edir.
Digər mühüm məsələ dövlət qulluqçularının hüquq və vəzifələri arasındakı balansdır. Qanunvericilik dövlət qulluqçularına bir sıra imtiyazlar təqdim edir - sabit iş yeri, sosial təminat, karyera imkanları. Dövlət qulluqçusu yalnız inzibati funksiyanı yerinə yetirən şəxs deyil, o, dövlətin vətəndaş qarşısında simasıdır. Etik davranış qaydalarına riayət, korrupsiyaya qarşı mübarizə və vətəndaş məmnuniyyətinin təmin olunması əsas prioritetlərdən biridir. Burada əsas tələb qanunların mövcudluğu deyil, eyni zamanda onların icra mexanizmlərinin effektivliyidir".
Z.Oruc onu da nəzərə çatıdırıb ki, inkişaf etmiş ölkələrdə dövlət qulluğu sistemi uzun illər ərzində meritokratiya prinsipi əsasında qurulub:
"Məsələn, Böyük Britaniyada dövlət qulluqçularının seçimi tam müstəqil komissiyalar vasitəsilə həyata keçirilir və əsas meyar peşəkarlıqdır. Sistemdə kənar siyasi təsirlər minimuma endirilib. Almaniyada dövlət qulluqçuları xüsusi hüquqi statusa malikdirlər və onların sosial təminatı yuxarı səviyyədədir. Nəticədə, dövlətə yüksək sədaqət və peşəkarlıq tələb olunur.
Sinqapur modeli isə xüsusilə diqqətəlayiqdir. Ölkədə dövlət qulluqçularına yüksək əməkhaqqı verilməklə yanaşı, çox ciddi performans qiymətləndirmə sistemi tətbiq olunur. Nəticədə, dövlət sektoru ən istedadlı kadrlar üçün cəlbedici sahəyə çevrilib. Cənubi Koreyada isə dövlət qulluğuna qəbul son dərəcə çətin imtahanlar vasitəsilə həyata keçirilir və proses cəmiyyət tərəfindən yüksək etimadla qarşılanır.
Bu təcrübələr göstərir ki, effektiv dövlət qulluğu sistemi yaratmaq üçün üç əsas amil vacibdir: birincisi-şəffaf və ədalətli seçim mexanizmi, ikincisi-rəqabətqabiliyyətli əməkhaqqı, üçüncüsü-ciddi və obyektiv performans qiymətləndirilməsi".
Milli Məclisin üzvü onu da əlavə edib ki, Azərbaycanda dövlət qulluğu sisteminin hər zaman təkmilləşməsi ölkə başçısının irəli sürdüyü və kadr ehtiyatının formalaşması üçün atılan addımlar xüsusilə təqdirəlayiqdir:
"Ölkəmizdə keçirilən Yüksəliş müsabiqələri dövlət idarəçiliyində meritokratiya prinsiplərinin təşviqi baxımından mühüm addımdır. Müsabiqə yeni və istedadlı kadrların aşkar olunmasına, onların inkişafına və dövlət idarəçiliyinə cəlb olunmasına xidmət edir. Əlbəttə, təşəbbüslərin real təsiri onların nəticələrinin praktik idarəetmə sisteminə inteqrasiya olunmasından birbaşa asılıdır.
Dövlət qulluğu sistemi yalnız inzibati idarəetmə mexanizmi deyil-dövlətin dayanıqlığını təmin edən canlı və məsuliyyətli bir orqanizmdir. Xüsusilə, hüquq-mühafizə orqanlarında, dövlət təhlükəsizliyi sahəsində, eləcə də işğaldan azad olunab ərazilərdə aparılan genişmiqyaslı quruculuq prosesində çalışan dövlət qulluqçularımızın fəaliyyəti xüsusi qeyd olunmalıdır".
Deputat qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən “Böyük Qayıdış” prosesi çərçivəsində dövlət qulluqçuları hər gün çətin və məsuliyyətli şəraitdə fəaliyyət göstərirlər:
"Onlar yalnız inzibati vəzifələrini yerinə yetirmir, eyni zamanda, təzədən qurulan həyatın, yeni idarəetmə modelinin və müqəddəs ictimai münasibətlərin əsasını qoyurlar.
Hüquq-mühafizə və təhlükəsizlik orqanlarında çalışan dövlət qulluqçuları ölkəmizdə sabitliyin, qanunun aliliyinin və ictimai asayişin təmin olunmasında əvəzsiz rol oynayırlar. Bu sahələrdə xidmət yalnız peşəkarlıq deyil, həm də yüksək sədaqət, intizam və fədakarlıq tələb edir.
Ön xətdə çalışan, risk və məsuliyyəti üzərinə götürən, dövlətin maraqlarını qoruyan böyük və şərəfli xidmət olduğu üçün biz dövlət qulluqçularına yalnız tələblər qoymamalı, eyni zamanda, onların əməyinə layiqli qiymət verməli, sosial təminatını gücləndirməli və peşəkar inkişafını dəstəkləməliyik".
Komitə sədri bildirib ki, dövlət qulluğuna qəbul və vəzifədə irəliləyiş yalnız bilik və bacarıqlara əsaslanmalıdır:
"Digər tərəfdən, performans əsaslı idarəetmə sistemi gücləndirilməlidir. Dövlət qulluqçularının fəaliyyəti konkret nəticələr əsasında qiymətləndirilməli və qiymətləndirmə onların karyerasına-əməkhaqqına birbaşa təsir etməlidir.
Üçüncü istiqamət rəqəmsallaşmadır. Elektron hökumət xidmətlərinin genişləndirilməsi həm şəffaflığı artırır, həm də insan faktorundan asılılığı azaldır..
Nəhayət, dövlət qulluqçuları arasında peşəkarkadr korpusunun formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Bu, yalnız fərdi kadrların deyil, bütövlükdə idarəetmə mədəniyyətinin inkişafını təmin edir.
Yekunda xüsusi qeyd olunmalıdır ki, ölkəmizdə dövlət qulluğu sistemi artıq formalaşma mərhələsini keçib. Qarşıda dayanan əsas vəzifə sistemi daha effektiv, şəffaf və nəticəyönümlü etməkdir.
Güclü dövlət qanunlarla, peşəkar və məsuliyyətli insanlarla qurulur", - deyə Z.Oruc fikrini tamamlayıb.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev isə qeyd edib ki, Azərbaycanın dövlət qulluğu sistemi son 25 ildə mühüm inkişaf yolu keçib.
"Bu inkişafın hüquqi əsası 1995-ci ildə qəbul edilmiş Konstitusiya və 2000-ci ilin dekabrında qəbul olunan “Dövlət qulluğu haqqında” Qanunla formalaşıb. Sonrakı mərhələlərdə Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyəti, onun Katibliyinin gördüyü işlər, daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması və nəhayət, Dövlət İmtahan Mərkəzinin fəaliyyətə başlaması dövlət qulluğu sisteminin institusional inkişafında mühüm rol oynayıb".
Hüquqşünasın sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin bu istiqamətdə fəaliyyəti dövlət qulluğunun peşəkar və şəffaf əsaslar üzərində formalaşmasına ciddi töhfə verib:
"Dövlət qulluğu sisteminin formalaşması və inkişaf prosesini uzun illərdir yaxından izləyirəm. Hələ Milli Məclisin deputatı olduğum dövrdə “Dövlət qulluğu haqqında” Qanunun hazırlanması və qəbulu ilə bağlı müzakirələrdə iştirak etmişəm. Sonrakı mərhələlərdə dövlət qulluğuna qəbul proseslərini vətəndaş cəmiyyəti nümayəndəsi kimi müşahidə etmiş, daha sonra isə müstəqil ekspert qismində iştirak etmişəm. Bu təcrübə mənə dövlət qulluğunun həm hüquqi, həm də praktik aspektlərini yaxından izləmək imkanı verib.
Müşahidələrimə görə, son illərin ən mühüm nəticəsi dövlət qulluğunda peşəkarlığın və şəffaflığın dayanıqlı institusional prinsipə çevrilməsidir. Bu gün dövlət qulluğuna qəbulun müsabiqə əsasında həyata keçirilməsi, elektron sistemlərin tətbiqi, ehtiyat kadr mexanizmlərinin inkişafı və fəaliyyətin qiymətləndirilməsi alətlərinin təkmilləşdirilməsi peşəkar dövlət qulluqçusu institutunun formalaşmasına ciddi töhfə verir".

Ə.Nuriyev bildirib ki, vətəndaşların dövlət qulluğuna etimadının artması da məhz xidmət keyfiyyətinin, şəffaflığın və hesabatlılığın yüksəlməsi ilə birbaşa bağlıdır:
"Qeyd etməliyəm ki, dövlət qulluğuna qəbul prosesi tam şəffaf şəkildə həyata keçirilir. Müsabiqənin ilk mərhələsi test imtahanından, ikinci mərhələsi isə müsahibədən ibarətdir. Müsahibə mərhələsində Dövlət İmtahan Mərkəzinin nümayəndəsi, müvafiq dövlət orqanının nümayəndəsi və müstəqil ekspert iştirak edir ki, bu da prosesin obyektivliyini təmin edən mühüm amillərdən biridir.
Bundan əlavə, namizədin razılığı əsasında müsahibə prosesi videoyazıya alınır. Bu, həm mümkün subyektiv yanaşmaların qarşısının alınmasına, həm də apellyasiya şikayətlərinin daha obyektiv və hərtərəfli araşdırılmasına imkan yaradır. Hesab edirəm ki, bu, dövlət qulluğunda şəffaflığın təmin olunması baxımından son dərəcə vacib mexanizmdir".
Əliməmməd Nuriyev eyni zamanda dövlət qulluğu sisteminin mühüm fərqlərinə də diqqət çəkib:
"Dövlət qulluğunun fərqi ondadır ki, burada insan yalnız vəzifə funksiyalarını yerinə yetirmir, eyni zamanda dövlətlə vətəndaş arasında etimad münasibətlərinin formalaşmasında iştirak edir. Vətəndaşın dövlət haqqında ilk təsəvvürü çox vaxt dövlət qulluqçusunun davranışı, peşəkarlığı və məsuliyyəti əsasında formalaşır. Buna görə də dövlət qulluğunun nüfuzu ilk növbədə onun daşıdığı ictimai məsuliyyətlə ölçülür.
Bu gün gənclərin dövlət qulluğuna marağını artıran əsas amillər qəbul prosesinin şəffaflığı, peşəkar inkişaf imkanları, karyera perspektivləri və dövlət idarəçiliyində iştirak etmək fürsətidir. Əvvəllər dövlət qulluğu daha çox sabit məşğulluq yeri kimi qəbul olunurdusa, bu gün gənclər onu həm də cəmiyyətə və dövlətin inkişafına töhfə vermək imkanı kimi dəyərləndirirlər.
Xüsusilə son illərdə dövlət qulluğuna qəbul mexanizmlərinin daha açıq və rəqabətli xarakter alması, ASAN xidmət modelinin uğurları, könüllülük proqramları və təcrübə layihələri dövlət xidmətinin yeni nəslin gözündə daha müasir və cəlbedici görünməsinə şərait yaradıb. Lakin bütün bunların əsasında dayanan ən vacib amil qəbul prosesinin şəffaflığıdır. Bu sistemdə korrupsiya və qeyri-rəsmi müdaxilə üçün imkanlar minimuma endirilib".
Hüquqşünas onu da əlavə edib ki, müasir dövlət qulluqçusuna verilən tələblər əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə dəyişib:
"Bu gün yalnız qanunvericiliyi bilmək kifayət deyil. Dövlət qulluqçusu eyni zamanda rəqəmsal texnologiyalarla işləməyi, məlumatları təhlil etməyi, vətəndaşlarla effektiv ünsiyyət qurmağı və dəyişən şəraitə çevik uyğunlaşmağı bacarmalıdır. Hesab edirəm ki, qarşıdakı dövrdə üç istiqamət xüsusilə diqqət mərkəzində olmalıdır. Birincisi, rəqəmsal bacarıqların inkişafıdır. Rəqəmsal xidmətlərin, elektron platformaların və süni intellekt əsaslı həllərin geniş tətbiqi yeni bilik və bacarıqlar tələb edir. Bu, müasir dövrün əsas çağırışlarından biridir. İkincisi, fəaliyyətin qiymətləndirilməsi və nəticəyönümlü idarəetmə mexanizmlərinin gücləndirilməsidir. Dövlət qulluqçularının peşəkarlığı yalnız işə qəbul zamanı deyil, bütün xidmət fəaliyyəti dövründə obyektiv meyarlar əsasında qiymətləndirilməlidir. Üçüncüsü isə davamlı təhsil və səriştə əsaslı inkişaf modelidir. Gələcəyin dövlət qulluqçusu yalnız bilikli deyil, həm də qərarvermə, problem həlli, kommunikasiya və komanda işi bacarıqlarına malik olmalıdır".
Ə.Nuriyev onu da diqqətə çatdırıb ki, hüquqi dövləti yalnız qanunların mövcudluğu ilə deyil, həmin qanunların gündəlik idarəetmədə necə tətbiq olunması ilə qiymətləndirməliyik:
"Bu baxımdan peşəkar və məsuliyyətli dövlət qulluqçuları hüquqi dövlətin əsas dayaqlarından biridir. Dövlət qulluqçusu qəbul etdiyi qərarlarda qanunun aliliyini rəhbər tutmalı, vətəndaşlara münasibətdə qərəzsizlik, obyektivlik və etik davranış prinsiplərinə əməl etməlidir.
Bu gün Azərbaycanda etik davranış, korrupsiyaya qarşı mübarizə, maraqların toqquşmasının qarşısının alınması və fəaliyyətin qiymətləndirilməsi ilə bağlı kifayət qədər formalaşmış hüquqi baza mövcuddur. Lakin hesab edirəm ki, dövlət qulluğunun nüfuzu yalnız normativ-hüquqi aktlarla deyil, həmin prinsiplərin gündəlik fəaliyyət mədəniyyətinə və davranış modelinə çevrilməsi ilə təmin olunur.
Bu davranış modelinin təməli həm qanunvericiliyin hazırlanması və qəbulu prosesində, həm də dövlət qulluğuna qəbul mərhələsində qoyulur. Dövlət qulluğuna qəbulun ədalətli və şəffaf keçirilməsi gələcək dövlət qulluqçusunun peşə etikası və davranış standartlarının formalaşmasına təsir göstərir. İnsan özü ədalətli münasibət gördükdə, gələcək fəaliyyətində də vətəndaşlara eyni prinsiplərlə yanaşmağa daha meyilli olur.
Vətəndaş üçün dövlətin nüfuzu çox vaxt konkret dövlət qulluqçusunun davranışında təzahür edir. Qanunun aliliyi ilk növbədə vətəndaşın gündəlik təmasda olduğu dövlət qurumlarında hiss olunmalıdır ".
Hüquqşünas hesab edir ki, Azərbaycan dövlət qulluğu sistemi artıq formalaşma mərhələsini geridə qoyaraq keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub:
"Qarşıdakı dövrdə əsas diqqət insan kapitalının inkişafına, rəqəmsal transformasiyaya, xidmət keyfiyyətinin yüksəldilməsinə və nəticəyönümlü idarəetmə modelinin daha da gücləndirilməsinə yönələcək.
Mənim fikrimcə, növbəti mərhələdə karyera yüksəlişi ilə fəaliyyətin qiymətləndirilməsi arasındakı əlaqənin daha da gücləndirilməsi, etik idarəetmə sistemlərinin inkişaf etdirilməsi və vətəndaş məmnunluğunun əsas fəaliyyət göstəricilərindən birinə çevrilməsi xüsusi əhəmiyyət daşıyır".
Ə.Nuriyev yekun olaraq qeyd edib ki, dövlət qulluğunun əsas dəyəri vətəndaş hüquqlarının təmin olunmasına, dövlətə olan etimadın qorunmasına və gücləndirilməsinə xidmət etməsidir:
"Güclü dövlət idarəçiliyinin əsasında isə peşəkar, dürüst, məsuliyyətli və vətənpərvər dövlət qulluqçusu dayanır.
23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə bütün dövlət qulluqçularını təbrik edir, onlara ölkəmizin inkişafı və vətəndaşlara xidmət işində uğurlar arzulayıram. Bu gün dövlət qulluqçusunun əsas missiyası yalnız qanunları tətbiq etmək deyil, eləcə də dövlətlə vətəndaş arasında etimadı qorumaq və möhkəmləndirməkdir. Hesab edirəm ki, məhz bu etimad müasir dövlət idarəçiliyinin ən mühüm kapitalıdır".
Biz də Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə bütün dövlət qulluqçularını təbrik edir, onlara şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar, yüksək peşə nailiyyətləri və yeni hədəflərə çatmaq əzmi arzulayırıq. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi, vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi və ölkəmizin inkişafı naminə həyata keçirdikləri fəaliyyətlərdə hər birinə müvəffəqiyyətlər diləyirik!