Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yaponiyanın Kumamoto prefekturasında baş vermiş dağıdıcı zəlzələ ilə bağlı bu ölkəyə başsağlığı verib.
Modern.az xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"Yaponiya hökumətinə və xalqına, xüsusən də yaxınlarını itirmiş ailələrə səmimi başsağlığımızı çatdırırıq. Bütün yaralananların tezliklə sağalmasını arzulayır və zərər çəkmiş icmaların bu faciənin nəticələrini mümkün qədər tez dəf edəcəyinə ümid edirik", - paylaşımda bildirilib.
Daha əvvəl Yaponiyanın Baş naziri Sanae Takaiçi baş vermiş 7,1 maqnitudalı zəlzələ ilə bağlı başsağlığı verən və yardım təklif edən ölkələrə təşəkkür edib. Takaiçinin təşəkkür etdiyi ölkələr arasında Azərbaycan da yer alıb.
Xatırladaq ki,iyulun 28-də Yaponiyanın cənubunda, Kyuşu adasındakı Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar dağıntılara və elektrik enerjisi təchizatında fasilələrə səbəb olub, hakimiyyət orqanları sunami xəbərdarlığı elan edib, lakin bu xəbərdarlıq sonradan ləğv olunub. Son məlumatlara görə, zəlzələ nəticəsində 34 nəfər həlak olub.