Azərbaycan dili xalqımızın milli kimliyini, mədəni irsini və dövlətçilik ənənələrini yaşadan əsas dəyərlərdən biridir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zaur Şükürov Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə bildirib.
Deputat qeyd edib ki, Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək ifadə etmək qüdrətinə malik dillərdəndir və onun dövlət dili statusu müstəqil dövlətçiliyimizin başlıca əlamətlərindən biridir.
Zaur Şükürov bildirib ki, sovet dövründə milli dillərin sıxışdırıldığı bir şəraitdə Ulu Öndər Heydər Əliyev ana dilinin dövlət dili kimi qorunması uğrunda qətiyyətli mövqe nümayiş etdirib. Onun sözlərinə görə, 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" müddəasının daxil edilməsi milli tariximizin mühüm hadisələrindən biri olub.
Deputat vurğulayıb ki, 1995-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi, 2001-ci ildə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis olunması, eləcə də "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun qəbulu ana dilimizin hüquqi əsaslarının daha da möhkəmlənməsinə xidmət edib.
Zaur Şükürovun sözlərinə görə, Ulu Öndərin müəyyən etdiyi dil siyasəti Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. O qeyd edib ki, latın qrafikalı nəşrlərin genişləndirilməsi, Azərbaycan Milli Ensiklopediyasının hazırlanması, dünya ədəbiyyatının Azərbaycan dilində nəşri, Azərbaycan dilinin qloballaşma şəraitində inkişafına dair Dövlət Proqramının qəbulu, elektron məkanda dövlət dilinin istifadəsinin genişləndirilməsi və dilin saflığının qorunmasına yönələn qərarlar bu siyasətin mühüm tərkib hissəsidir.
Deputat Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması ilə bağlı fikirlərini xatırladaraq bildirib ki, dövlət başçısının vurğuladığı kimi, Azərbaycan dili kifayət qədər zəngindir və onun yad təsirlərdən qorunması hər bir vətəndaşın borcudur.
Zaur Şükürov əlavə edib ki, Azərbaycan dili təkcə ölkə daxilində deyil, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını birləşdirən mənəvi körpüdür. Onun fikrincə, ana dilinin qorunması milli kimliyin, mədəniyyətin və dövlətçiliyin qorunması deməkdir.
Deputat sonda vurğulayıb ki, ulu babalardan miras qalan bu qiymətli milli sərvətin saflığını qorumaq və gələcək nəsillərə çatdırmaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.