Azərbaycan dili milli kimliyimizin, dövlətçiliyimizin və mənəvi dəyərlərimizin qorunmasında əsas amillərdən biridir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə bildirib.
Deputat qeyd edib ki, Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, xalqın tarixi yaddaşını, mədəni irsini, milli təfəkkürünü və dövlətçilik ənənələrini yaşadan əsas dəyərdir. Onun sözlərinə görə, qloballaşma və rəqəmsallaşma dövründə ana dilinin qorunması artıq milli təhlükəsizlik və informasiya suverenliyi məsələsinə çevrilib.
Mehriban Vəliyeva vurğulayıb ki, sovet dövründə milli dillərin sıxışdırıldığı bir vaxtda Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi qorunması istiqamətində prinsipial mövqe nümayiş etdirib. O xatırladıb ki, 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" müddəasının daxil edilməsi milli tariximizin mühüm siyasi hadisələrindən biri olub.
Deputatın sözlərinə görə, 1995-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi, 2001-ci ildə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis olunması, eləcə də "Dövlət dili haqqında" Qanunun qəbul edilməsi ana dilimizin hüquqi statusunu daha da möhkəmləndirib.
Mehriban Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində mühüm addımlar atılıb. O, latın qrafikalı nəşrlərin genişləndirilməsi, Azərbaycan Milli Ensiklopediyasının nəşri, Dövlət Proqramının qəbulu, elektron məkanda Azərbaycan dilinin istifadəsinin genişləndirilməsi və dilin saflığının qorunmasına dair sənədlərin bu siyasətin tərkib hissəsi olduğunu qeyd edib.
Deputat əlavə edib ki, 2025-ci il 31 iyul tarixli fərmanla Azərbaycan dilinin tətbiqinə və normativ hüquqi aktlara əməl olunmasına nəzarət funksiyasının Mədəniyyət Nazirliyinə həvalə edilməsi də bu sahədə institusional idarəetmənin təkmilləşdirilməsinə xidmət edir.
Mehriban Vəliyevanın fikrincə, müasir dövrdə medianın, təhsil müəssisələrinin, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin əsas vəzifələrindən biri Azərbaycan dilinin normalarının qorunmasına, gənc nəslin ana dilinə sevgi ruhunda tərbiyəsinə və dövlət dilinin nüfuzunun artırılmasına töhfə verməkdir.
Deputat vurğulayıb ki, Azərbaycan dili keçmişimizin mirası, bu günümüzün qüruru və gələcəyimizin təminatıdır. Onun saflığını qorumaq və gələcək nəsillərə olduğu kimi çatdırmaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.