
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyev yerli istehsalın artırılması üçün maraqlı təkliflə çıxış etdi. Məmurlara səslənən Prezident “Naxçıvanda avtomobil zavodu var, dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm” söylədi.
Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev Modern.az saytına ölkə başçısının səsləndirdiyi tövsiyədən sonra həddindən artıq sifariş aldıqlarını deyib.
“NAZ-Lifan” avtomobillərinin qiyməti markasından asılı olaraq 10 min-35 min manat arasında dəyişir.
Ölkə başçısının yerli istehsalın inkişafı ilə bağlı verdiyi göstəriş və buna adekvat atılan addımlar təqdirəlayiqdir. Amma burada diqqət çəkən başqa məqam var. Bəs dərhal yerli “NAZ-Lifan” maşınları sifariş verən qurumlar məmurların istifadəsində olan avtomobilləri necə edəcək? Bəzi məlumatlara görə, son 8 ildə hökumət qurumları üçün xidməti avtomobillərə 500 milyon dollar vəsait xərclənib.
Hazırda Azərbaycanda əksər nazir və komitə sədrlərinin xidməti avtomobillərinin "BMW 750" olduğu hamıya bəllidir. Onların bəziləri dövlətin ayırdığı xidməti avtomobillərdən imtina edərək, şəxsi maşınlardan da istifadəyə üstünlük verirlər. Milli Məclisin komitə sədrlərinin xidməti avtomobilinin qiyməti 75-100 min dollar arasında dəyişən "Mercedes E-Class"dır.
Dövlət orqanları və şirkətlərin rəhbər şəxslərinin xidməti avtomobilləri arasında Almaniya istehsalı olan "Audi"lər də az deyil.
Qeyd edək ki, “Audi” A6 modelinin satış qiyməti 45-70 min manat, “Audi” A8 modelinin qiyməti isə təxminən 150-200 min manat arasında dəyişir. Qiymətin dəyişməsi isə avtomobilin komplektləşdirilməsindən asılıdır.
Bəs 200 minlik maşından düşüb 10 minlik “NAZ”a minəcək məmur köhnə avtomobilini neyləyəcək? Hərçənd onlara “köhnə” deməyə də adamın dili gəlmir. “NAZ”ın alınması büdcə üçün rentabelli olacaqmı?
İqtisadçı Natiq Cəfərli Modern.az saytına deyib ki, bu, iqtisadi cəhətdən yükə çevrilən bir amil olacaq:
“Nəticədə Naxçıvanda yerləşən bir zavodun iqtisadi göstəriciləri yaxşılaşacaq. Ölkə üzrə nəzərdə tutulmuş xərclərin bir az da artımına və ya qeyri-rasional sərf edilməsinə səbəb olacaq. Qeyd edim ki, o zavodda istehsal olunan avtomobillərin detallarının tamamı xaricdən gətirilir. Xaricdən gətirilən detallar qısa zamanda, çox sadə üsulla yığılıb bərkidilərək satışa çıxarılır.
Bu avtomobillərin alınmasına yaranan axın nəticəsində büdcədən manatla ayrılmış pullar həmin zavoda keçirildikdən sonra zavod detalların pulunu Çinə valyuta ilə ödəməli olacaq. Nəticədə büdcədən ayrılan manat yenidən valyutaya çevrilərək ölkədən çıxarılacaq. Valyutanın qıt olduğu bir zamanda bu, əks effekt doğura bilər. Burada digər bir məsələ - həmin avtomobillərin təmiri məsələsi ortaya çıxır. Onların əməliyyat xərclərinin qarşılanması məsələsi necə olacaq, bunu da düşünmək lazımdır”.
Ekspert deyib ki, hazırda xidmətdə olan alman avtomobillərinin aqibətinin necə olacağı da düşündürücürdür:
“Hesab edirəm ki, məsələyə kompleks yanaşılmalıdır. Çünki, bu, yerli istehsalçının dəstəklənməsinə deyil, vəsaitin xaricə çıxarılmasına səbəb ola bilər. Ona görə də məsələyə kompleks yanaşaraq, incə məqamlara diqqət etmək lazımdır. Əgər vəziyyət belədirsə, məmurların istifadəsində olan avtomobillər hərraclara çıxarılmalı və satılmalıdır.
Təbii ki, hərraclarda qiymətləri aşağı olacaq. Hərraclardan əldə olunmuş vəsait hesabına yeni avtomobillərin pulunu ödəmək lazımdır. Bir qərarla məsələni həll etmək olmaz”.

Gülşən RAUFQIZI