Belçika və Niderlandın Azərbaycana qarşı qəbul etdiyi qətnamələr tənqid olunub.
Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tural Gəncəliyev hər iki ölkənin parlamentinin qəbul etdiyi qətnamələri rədd etdiklərini açıqlayıb.
“Təbii ki, bizim parlamentimizin bununla bağlı çox tutarlı açıqlaması olub, eyni zamanda Xarici İşlər Nazirliyinə hər iki ölkənin səfirləri çağırılıb. Onlara ciddi irad bildirik. Həmin o qətnamədə bir kəlmə olsun belə regionda gedən müsbət proseslər, Azərbaycanın humanist jesti, Ermənistana qarşı bizim məhdudiyyətləri aradan qaldırmağımız, Ermənistana göndərilmiş humanitar yardımlar, bizim Ermənistana göndərdiğimiz neft məhsulları haqqında bir kəlmə belə sənəddə qeyd olunmayıb və təbii ki, bunu qəbul etmək mümkün deyil”- o bildirib.
T. Gəncəliyevin sözlərinə görə, adətən demokratiyadan, insan hüquqlarından danışanların özləri elə ən çox demokratiyanı pozan, insan hüquqlarına hörmətsiz yanaşanlar olur:
“Bu ölkələrin parlamentində heç bir dəfə görməmişik ki, onlar müasir dövrdə, keçmişdə, yaxın tariximizdə yeni müstəmləkəçilik siyasəti və yaxud da ki, keçmiş müstəmləkəçilik siyasətləri haqqında danışsınlar. Ancaq başqalarına barmaq uzatmaq, başqalarının təqsirini axtarmaqla məşğuldurlar.
Biz əgər danışmağa başlasaq, Niderland və Belçikanın istər Afrikada, istər Şərqi Asiyada və digər yerlərdə müstəmləkəçilik siyasəti, onların törətdiyi insan hüquqları pozuntuları saatlarla, günlərlə çəkəcək. Təkcə Belçikanın Konqoda XX əsrin əvvəllərində, 1960-cı ilə qədər Konqo xalqını istismar etməsi, orada olan sərvətləri, qiymətli metalları və hətta bu günləri Belçika və Niderland şirkətlərinin korrupsiya sxemləri ilə hələ də Afrikada və müvafiq coğrafiyada qiymətli metalları necə istifadə edib axtarmaqla bağlı Avropa Parlamentində, bəzən Avropa Şurasında zaman-zaman sənədlər üzə çıxır”.