Modern.az

Ayrılan vəsaitlər gözlənilən nəticəni vermir 

Ayrılan vəsaitlər gözlənilən nəticəni vermir 

Parlament

Bu gün, 12:50

Hesabata əsasən, ötən il ümumilikdə 6,7 milyard manat həcmində dövlət vəsaiti audit qiymətləndirilməsindən keçirilib. Audit nəticəsində müəyyən edilən 584,8 milyon manat uyğunluq pozuntusu, 626,3 milyon manat maliyyə təhrifləri və 342,9 milyon manat səmərəsiz xərclər olduğuna dair Hesabatda ətraflı təhlillər təqdim olunub. Əvvəlki illərin hesabatları  göstərir ki, problem tədricən növbəti illərə ötürülür. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deputat Zahid Oruc deyib.


Deputat qeyd edib ki, hökumət strukturlarının planlaşdırma fəaliyyətinin, o cümlədən icra mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var. Maliyyə təhrifləri isə qərarvermə prosesində istifadə olunan məlumatların etibarlılığına birbaşa təsir edir. Lakin ən vacib indikator səmərəlilikdir. Çünki bir sıra sahələr üzrə ayrılan vəsaitlərin gözlənilən nəticəni verməməsi dərin təhlillər tələb edir. 

“Şamaxıda fəaliyyətə başlayan “Star LTD” zavodu bir vaxtlar məişət texnikası istehsalı üzrə ölkədə mühüm layihələrdən biri idi. Lakin sonra istehsal prosesi tamamilə dayandı. Mingəçevirdə fəaliyyət göstərən “Kür” kompüter zavodu, eləcə də avtomobil sənayesi üzrə açılan müəssisələr - Gəncə və Naxçıvan Avtomobil Zavodlarının istehsal həcmi və bazar əhatəsi də gözlənilən səviyyəyə çatmayıb. Əlbəttə, bir sıra sənaye sahələrində artım inkaredilməzdir. Hesabat təsdiq edir ki, problem vəsaitlərin ayrılmasında deyil, layihələrin iqtisadi əsaslandırılması və sonrakı idarə edilməsindədir”.

Z. Oruc qeyd edib ki, Palatanın hesabatında diqqət çəkən və bütün vətəndaşları əhatə edən icbari tibbi sığorta sistemidir:

“Audit nəticələri göstərir ki, əhalinin sığortalanmasına ayrılan dövlət vəsaitlərinin proqnozlaşdırılması üçün istifadə olunan məlumatlarla real statistik göstəricilər arasında uyğunsuzluqlar var. Lakin sənəddə bildirilir ki, adambaşına düşən icbari tibbi sığorta haqqının məbləğinin hansı metodologiya əsasında müəyyən edildiyi tam aydın deyil. Onda sual olunur, ayrılan vəsait həqiqətən xidmətə və nəticədə vətəndaşın ehtiyac duyduğu müayinəyə-müalicəyə çevrilirmi? İnanırıq ki, yeni institisuional islahlatlar nəticəsində məsələ həllini tapacaq”.

Hesabatda xüsusi diqqət çəkən istiqamətlərdən biri də işğaldan azad olunan ərazilərdə həyata keçirilən mühüm layihələrlə bağlıdır:

“Doğrudan da Qarabağ və ətraf bölgələrdə aparılan işlərin miqyası və tarixi əhəmiyyəti təkcə infrastuktur hadisəsi deyil, Yeni Vətən quruculuğudur, miqyasca ölkəmizin beşdə biri olsa da, bir nömrəli strateji yolların və dəhlizlərin yaradıldığı  coğrafiyanın mənfidən - yerin altından  başlayaraq, qəhrəmanlıqla tikilməsidir. Prezident məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının sürətləndirilməsi vəzifəsini bir nömrəli dövlət kursu elan edib. Məhz belə ali diqqət və məsuliyyət fonunda Hesablama Palatasının  göstərdiyi nöqsanlar xüsusi məna kəsb edir. 

Hesabatda göstərilir ki, bəzi tikinti layihələrinin icrası zamanı  dövlət vəsaitlərindən qənaətlə və səmərəli istifadə olunmur. Sənəddə vurğulanır ki, özəl sektor tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan kommersiya obyektlərinin - bazar kompleksləri, ticarət və xidmət binalarının dövlət büdcəsi hesabına tikilməsi halları mövcuddur. Dövlət resurslarının sosial  məqsədlərdən kənara çıxaraq, kommersiya maraqlarını üzərinə götürməsi nə dərəcədə məqsədə müvafiqdir? Eyni zamanda, yaşayış evlərinin və mənzillərin layihələndirilməsində daha səmərəli yanaşmaların tətbiqi tövsiyyə olunur. Yəni, eyni vəsaitlə daha çox sayda və keyfiyyətli yaşayış sahələri qurula bilərdi. Digər mühüm məsələ isə artıq tamamlanan obyektlərin istifadəyə verilməsi ilə bağlıdır. Məsələn, Şuşa şəhərində Mərkəzi Xəstəxananın tikintisi başa çatsa da, onun istismara qəbulunun gecikməsi, dövlət balansına qəbulunun ləngiməsi və fiziki aşınmaya məruz qalmasına dair Hesabatdakı rəy və tövsiyyələrə ikiqat məsuliyyətlə yanaşmaq tələb olunur” – deputat sonda vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?