Hesablama Palatası səlahiyyətlərinin artırılması və həmin səlahiyyətlərə uyğun olaraq onun işçi sayının da optimallaşdırılması çox vacibdir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
Deputat qeyd edib ki, Hesablama Palatasının fəaliyyətinin səmərəliliyi maliyyə göstəricilərində aydın görünür. Belə ki, onun saxlanmasına büdcədən ayrılan vəsaitlə müqayisədə, Palatanın büdcəyə qaytardığı və ya qənaət olunmasına nail olduğu vəsaitlər 10 dəfədən çoxdur.
Hesablama Palatasının hesabatında da açıq formada görünür ki, büdcə qanunvericiliyinin pozulması, dövlət satın almaları, həmçinin əsaslı vəsait qoyuluşları ilə bağlı pozuntular bütün pozuntuların 85%-dən çoxunu təşkil edir:
“Ona görə də hesab edirəm ki, bu sahəyə fokuslanmış diqqət artırılmalıdır və təşviq edir ki, bu istiqamətdə büdcə qanunvericiliyinin pozulması, satın almalar və dövlət vəsaitlərindən istifadə sahəsindəki problemlər və onların aradan qaldırılmasının sürətləndirilməsi məsələsinə dair Milli Məclisdə tədbirin keçirilməsi vacibdir”.
“Burada sadalanan rəqəmlərdən də çox fayda, effektə nail olmaqdan ötrü qabaqlayıcı tədbirlərin görülməsi çox mühüm əhəmiyyət kəsb edir. Ona görə də qabaqlayıcı tədbirləri həyata keçirməklə biz çoxmilyonluq pozuntuların qarşısını almaqla yanaşı, eyni zamanda bir sıra yenə də çoxmilyonluq yeyintilərin də aradan qaldırılması istiqamətində mühüm nəticələrə nail ola bilərik. Bir şərtlə ki, daxili audit sahəsindəki çatışmazlıqları aradan qaldırıb, sözün həqiqi mənasında daxili auditi tam mənasında işə salmaqla xeyli dərəcədə dövlət vəsaitində yeyintinin aradan qaldırılması istiqamətində nəticələrə nail olar” – deyə Əli Məsimli vurğulayıb.