Modern.az

Dövlət qulluğu prosedurlarından keçmədən işə götürülürlər - etiraz

Dövlət qulluğu prosedurlarından keçmədən işə götürülürlər - etiraz

Parlament

Bu gün, 13:12

Hesablama Palatasının təqdim etdiyi hesabatdan göründüyü kimi, əsas məsələlərdən biri dövlət büdcəsi hesabına qeyri-qanuni yollarla xərclənmiş vəsaitlərin geri qaytarılmasıdır. Hesabatda qeyd olunur ki, təxminən bir milyard manatdan artıq vəsait üzrə ya təyinatdan kənar xərcləmələrə yol verilib, ya da həmin vəsaitlərin başqa sahələrə yönəldilməsi halları baş verib və bu vəsaitlərin bərpası ilə bağlı müəyyən nəticələr əldə olunub.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri vurğulayıb ki, bu məsələyə son dərəcə ciddi yanaşmaq lazımdır. Əgər təkcə planlaşdırılmış audit yoxlamaları nəticəsində son beş ildə bu qədər, – bir milyard manatdan artıq vəsait aşkarlanıbsa, planlaşdırılmamış auditlər zamanı ortaya çıxacaq faktların miqyasını təsəvvür etmək çətin deyil. Bu baxımdan, gələcək hesabatlarda planlaşdırılmamış auditlərlə bağlı ayrıca bəndlərin yer almasına ciddi ehtiyac var.
Onun sözlərinə görə, bəzi hallarda müxtəlif mənbələrdən siqnallar daxil olur, Milli Məclisin deputatları tərəfindən yazılı müraciətlər göndərilir.

“Belə vəziyyətlərdə beş il gözləmək və yalnız bundan sonra yoxlama aparmaq doğru yanaşma deyil. Bu müddət ərzində vəsaitlərin təyinatdan kənar xərclənməsi davam edir və sonradan onların geri qaytarılması daha çətin və problemli olur".

Digər mühüm məsələ isə Hesablama Palatasının audit nəticəsində aşkar etdiyi qanun pozuntularının hüquq-mühafizə orqanlarına ötürülməsi ilə bağlıdır:

“Hesab edirəm ki, Palata maksimum dərəcədə çalışmalıdır ki, bu vəsaitlərin geri qaytarılması birbaşa onun fəaliyyəti çərçivəsində təmin olunsun. Hazırda hesabatda göstərilir ki, vəsaitlərin bir hissəsi hüquq-mühafizə orqanlarına yönləndirilib, lakin hələ də geri qaytarılmamış dövlət vəsaitləri mövcuddur.

Eyni zamanda, bu məsələnin digər tərəfi də var. Məsələn, bəzi hallarda şəxslər dövlət qulluğu prosedurlarından keçmədən işə götürülür və onlara əmək haqqı ödənilir ki, bu da qanunsuz hesab olunur. Lakin elə ixtisaslı kadrlar var ki, onlarsız fəaliyyət göstərmək faktiki olaraq mümkün deyil. Bu zaman 50 yaşlı, peşəkar mütəxəssisi kənarda saxlamaq və ondan əlavə imtahan prosedurlarını gözləmək həmin kadrın itirilməsi ilə nəticələnə bilər. Halbuki həmin şəxs dövlət qulluğunda müəyyən olunmuş əmək haqqı ilə işləməyə hazırdır.

Bu baxımdan hesab edirəm ki, bu kimi məsələlərin həlli üçün Hesablama Palatası ilə müvafiq imtahan komissiyaları arasında daha çevik və effektiv mexanizmlərin yaradılması istiqamətində razılaşmalar əldə olunmalıdır” – S. Novruzov sonda qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?