Modern.az

Azərbaycanda lizinq şərtləri cəlbedici deyil - deputat

Azərbaycanda lizinq şərtləri cəlbedici deyil - deputat

Parlament

Bu gün, 13:02

Azərbaycanda lizinq şərtləri kifayət qədər cəlbedici deyil. Belə ki, ölkədə lizinq üzrə faktiki illik faiz dərəcəsi 14 faizdən başlayır, halbuki nağd kreditlər üzrə bu göstərici təxminən 11 faizdir. Bundan əlavə, lizinq zamanı ilkin ödəniş tələbi də tətbiq olunur.

Modern.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisdə “Maliyyə icarəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edərək bildirib. 

Deputat qanun layihəsi ilə paralel olaraq risk qiymətləndirilməsinin də təqdim olunmasının daha məqsədəuyğun olacağını vurğulayıb.

V. Bayramov beynəlxalq təcrübəyə də diqqət çəkib. Qeyd edib ki, Avropa İttifaqı ölkələrində biznes kreditləri üzrə orta faiz 3,5 faiz, istehlak kreditləri üzrə isə 7 faiz olduğu halda, avtomobil lizinqi üzrə faizlər təxminən 2 faiz civarındadır. Qazaxıstanda isə orta kredit faizi 19 faiz olsa da, avtomobil kreditləri üzrə bu göstərici 14 faiz təşkil edir.

Vüqar Bayramov əlavə edib ki, qanun layihəsində nəzərdə tutulan reyestr qeydiyyatı və hesabatlılıq tələblərinin bazarda rəqabətə təsiri də qiymətləndirilməlidir. Onun fikrincə, bu tələblər lizinq xidmətlərinin bank sektorunda təmərküzləşməsinə səbəb ola bilər.

Deputat minimum nizamnamə kapitalı ilə bağlı tələblərin də qanunda konkret meyarlarla müəyyənləşdirilməsinin vacibliyini qeyd edib. Bu yanaşmanın bazara çıxış imkanlarına mənfi təsirlərin qarşısını ala biləcəyini bildirib.

Eyni zamanda, o vurğulayıb ki, bir sıra ölkələrdə fiziki şəxslər də lizinq fəaliyyəti ilə məşğul ola bildiyi halda, yeni qanun layihəsi bu imkanı məhdudlaşdırır.

Deputat çıxışında ABŞ təcrübəsinə istinad olunsa da, bəzi meyarların – məsələn, bazar dəyərinin 90 faizi və istismar müddətinin 75 faizi ilə bağlı göstəricilərin izahının arayışda əksini tapmadığını da diqqətə çatdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək