Məhkəmə və digər səlahiyyətli orqanların aktlarının icrası zamanı dövlətlər arasında məlumat mübadiləsinin gücləndirilməsi nəzərdə tutulur.
Modern.az xəbər verir ki, bu məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş”lə bağlı sənəddə əksini tapıb.
Bildirilib ki, 2025-ci il 26 iyun tarixində imzalanmış saziş 25 maddədən ibarətdir və əsas məqsədi məhkəmə aktlarının və digər icra sənədlərinin icrası zamanı dövlətlər arasında əməkdaşlığı gücləndirməkdir. Sənəd insan və vətəndaş hüquq və azadlıqlarının qorunması ilə yanaşı, icra prosesində iştirak edən orqanların fəaliyyətinin daha effektiv təşkilini hədəfləyir.
Sazişə əsasən, tərəflər məcburi icra prosesində zəruri məlumatların, sənədlərin və onların təsdiqlənmiş surətlərinin qarşılıqlı şəkildə əldə olunmasını təmin edəcəklər. Bu çərçivədə fiziki və hüquqi şəxslər, dövlət orqanları və vəzifəli şəxslərlə bağlı məlumatların sorğu əsasında təqdim edilməsi mümkün olacaq.
Eyni zamanda, əldə olunan məlumatlardan yalnız sorğuda göstərilən məqsədlər üçün istifadə ediləcək və məlumatların məxfiliyi, eləcə də informasiya təhlükəsizliyi tələbləri qorunacaq.
Sənədə görə, sorğuların icra müddəti onların qəbul edildiyi gündən etibarən 30 iş günü müəyyən edilsə də, zərurət yarandıqda bu müddətin azaldılması da mümkündür.
Qeyd olunur ki, tərəflər arasında yarana biləcək mübahisələr qarşılıqlı məsləhətləşmələr və danışıqlar yolu ilə həll olunacaq.
Layihə səsə qoyularaq qəbul edilib.