Avropa Parlamentinin deputatları, mən bu sözdən çəkinmirəm, xahiş yox, yalvarırdılar. Onlar deyirdilər: "Bəli, biz səhv etmişik. Bəli, biz nə edək? Biz lobbinin təsiri altındayıq, ancaq biz bundan sonra bunu etməyəcəyik”. Hətta rəsmi sənəd belə təqdim etdilər, altından imza çəkdilər. Mən bunun şahidiyəm ki, dedilər ki, bir də belə şeylər etməyəcəyik".
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti müzakirəsi zamanı Beynəlxalq münasibətlər və parlamentlərarası məsələr komitəsinin sədr Səməd Seyidov deyib.
Deputat bildirib ki, Avropa Parlamenti artıq neçənci dəfədir ki, Azərbaycana qarşı qərəzli bəyanat qəbul edir:
“Azərbaycan Parlamenti bu qurumla bütün əlaqələri kəsmişdi. Ancaq yenə də Azərbaycanın geniş ürəkli cənab prezidentin Avropa istiqamətində inteqrasiya proseslərinin nə dərəcədə vacib olduğunu nəzərə alaraq konstruktiv və humanist addım atmışdı. Avropa Parlamentindən dərhal o qərardan sonra emissarlar Azərbaycana gəlməyə başlamışdı”.
Komitə sədri bildirib ki, buna baxmayaraq Azərbaycan əleyhinə Avropa Parlamenti 13 qətnamə qəbul edib:
“Burada həmkarlarım çox gözəl və çox düzgün qeyd etdilər. Niyə? Nəyə görə? Hər bir uğur Avropa Parlamentindən bir qətnamə ilə müşayiət olunur. Bilirsiniz, bir neçə gündən sonra Ermənistanda Avropa liderlərinin sammiti başlayacaq. Ancaq etiraf etmək lazımdır ki, bu sammit artıq başlayıb. Ancaq o İrəvanda yox, Qəbələ şəhərindədir. Avropanın bütün siyasi liderləri öncə Azərbaycana gəlirlər. Azərbaycan Respublikasının Prezidenti ilə məsləhət təşkil edir. Azərbaycan Respublikasının Prezidentinin gördüyü işləri dünyaya təqdim edirlər və Azərbaycanın Avropa üçün nə dərəcədə əhəmiyyətli olmasını bir də vurğulayırlar. Səbəb budur ki, Azərbaycan artıq Avropanın özü üçün həddindən artıq vacib, əhəmiyyətli həm enerji, həm logistik, həm təhlükəsizlik nöqteyi-nəzərdən ölkəyə çevrilib. Ona görə də növbəti bir hiyləgər addım. Əvvəllər bunlar Azərbaycana qarşı qətnamə qəbul edəndə birbaşa Azərbaycan məsələsini gündəmə gətirirdilər və getdikcə səs verənlərin sayı azalırdı. Bunlar gördülər ki, belə getsə, özləri özlərini ifşa edəcəklər. Ona görə ki, 720 deputatdan bəzi qətnamələrə 47 nəfər, 30 nəfər, 35 nəfər səs verirdilər. Gördülər ki, bu yol mümkün olan bir yol deyil”.
Səməd Seyidovun sözlərinə görə, Azərbayacan qarşı qətnamələr bu dəfə Ermənistan müstəqlliyinə təhdid istiqamətində qəbul edilir:
“İndi bu qətnamədə Azərbaycana aid olan məsələlər başqa bir qətnaməyə daxil olunub. Zahit müəllim burada qeyd etdi. Ermənistanla bağlı qətnaməyə daxil olunub. Elə hiyləgərcəsinə daxil oldu ki, heç bir aidiyyatı olmayan məsələdir. Siz Ermənistan haqqında söhbət edirsiniz, siz Ermənistanın məsələsini müdafiə etmək istəyirsiniz. Sizin Azərbaycanda işiniz niyə bu şəkildədir? Ona görə hesab edirəm ki, Azərbaycan Parlamentinin qəbul edəcəyi bəyanat həddindən artıq vacib və əhəmiyyətlidir. Biz müstəqil, güclü, suveren bir dövlətik. Biz Avropa Birliyinin üzvü deyilik. Biz o təşkilatın qarşısında heç bir öhdəlik götürməmişik. Qarşılıqlı hörmət əsasında əlaqələrimizi qurmağa həmişə hazırıq. Ancaq bu şəkildə yox. Qəbul olunacaq qətnamə Azərbaycan mövqeyini əks etdirəcək” – o vurğulayıb.