Prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər üçün 80 ştat vahidi üzrə elan olunmuş müsabiqəyə yekun vurulub. Baş Prokurorluğun məlumatına görə, müsabiqənin sonuncu mərhələsinə buraxılmış 96, habelə 2007-ci ildə keçirilmiş müsabiqənin test imtahanı mərhələsində müvəffəqiyyət qazanmış və qanunvericiliyə müvafiq olaraq müddətli həqiqi hərbi xidmətə çağırılaraq xidmətini başa vurduqdan sonra bu mərhələdə iştirak edən digər 3 namizədin hazırlıq səviyyəsini, dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək məqsədi ilə martın 9-dan 16-dək müsabiqə komissiya tərəfindən müsahibə keçirilib. Müsabiqənin nəticələrinə görə 80 gənc hüquqşünas “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi Qaydaları” ilə müəyyənləşdirilmiş keçid balını toplayıb. Qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən həmin namizədlər Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək, təlimi müvəffəqiyyətlə bitirdikdən və peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə aldıqdan sonra müvafiq vakant ştat vahidlərinə təyin olunacaqlar.
Modern.az