Gürcüstanda son günlər başlamış olan leysan yağışlar və qar soydaşlarımızın yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin kəndlərinə də ciddi ziyan vurub. Modern.az xəbər verir ki, Kür çayının daşması nəticəsində Qardabani rayonundakı Ağtəhlə və Qaratəhlə kəndlərində bir neçə evin birinci mərtəbəsini, rayonun Kosalı, Nəzərli kəndlərində isə evləri sel suları basmıb. Nəticədə əkin sahələrinə ciddi ziyan dəyib, ev quşları, qaramal tələf olub. Bölgənin Marneuli rayonunda isə əhalinin istixana təsərrüfatına ciddi ziyan dəyib.
Güclü yağışlar qərbi Gürcüstana böyük ziyan vurub, torpaq sürüşməsi mərkəzi yolları sıradan çıxarıb, dağətəyi kəndlərə təhlükə yaradıb. Qori şəhərində sel qaz xəttini zədələmiş, şəhərə təbii qazın verilməsi dayandırılıb. Tbilisidə içməli su təminatında problem yaranıb.
Təbii fəlakət qərbi Gürcüstanda 3 nəfərin ölümünə səbəb olub. Sinoptiklərin məlumatına görə, yüksək dağlıq Mestia rayonunda qarın qalınlığı 5 metrə çatıb. Hələ də qar yağır. Ölkə ərazisində güclü qar, yağış və külək daha bir neçə gün davam edəcək.
“Enerqo pro Corcia” şirkətindən verilən məlumata görə, təbii fəlakət nəticəsində Gürcüstanda 128 min abonentə elektrik enerjisi verilməsi dayandırılıb. Şirkətin Marneulidəki yardımçı stansiyasını sel basmış və bölgəyə verilən elektrik enerjisi kəsilib. Qudauri –Kobi yolunda avtomobillərin hərəkəti hələ də bərpa olunmayıb.
Modern.az